Hannover şəhərində anım mərasimi

 

Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Azərbaycanlıların Koordinasiya Mərkəzinin köməyi ilə Hannover şəhərində "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş böyük anım mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə əsas məruzəçilər qismində xalq şairi Zəlimxan Yaqub, Türkiyə Cümhuriyyətinin Hannover şəhərində baş konsulu Tunca Özçuhadar, Nordrhein-Westfalen federal əyalətində Azərbaycan diasporunun nümayəndəsi Təranə Tağıyeva və digər natiqlər çıxış etmişlər.

Xocalı faciəsi haqqında alman dilində hazırlanmış sənədli film göstərilmişdir.

Tədbirin təşkilatçısı - "Xəzər" Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev gecəni giriş sözü  ilə açaraq Xocalı soyqırımından danışmışdır.

Bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri və keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini dağıtmış və çoxsaylı azərbaycanlıları qəddarlıqla qətlə yetirmişlər. E.Qəniyev tədbir iştirakçılarını Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti ilə tanış etmişdir.

Sonra Türkiyənin Hannover şəhərindəki baş konsulu Tunca Özçuhadar Xocalı soyqırımının yaranma səbəbləri, onun dünya ictimaiyyətinə tanıdılması istiqamətində genişmiqyaslı işlərin görülməsi zərurətindən danışmış, Türkiyənin Azərbaycan ilə qardaş ölkə olduğunu xatırlatmış, düşmənə qarşı birgə fəaliyyətin əhəmiyyətini vurğulamışdır.

Daha sonra Etibar Qəniyev Xocalı soyqırımı ilə əlaqədar olaraq "Xəzər" Cəmiyyətinin Almaniyada yaşayan həmyerlilərimizə, türk icmalarına, Almaniyanın ictimai və siyasi qurumlarına, partiya və təşkilatlarına ünvanlanmış müraciəti ilə iştirakçıları tanış etmiş və imza toplanması xahişi ilə onlara müraciət etmişdir. Həmçinin o, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə elan edilmiş "Xocalıya ədalət" kampaniyası haqqında geniş məlumat verərək bütün soydaşlarımızı Xocalı faciəsinə beynəlxalq aləmdə mənəvi-siyasi və hüquqi qiymət verilməsi və bu soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində məqsədyönlü fəaliyyət göstərməyə çağırmışdır.

Daha sonra Xocalı soyqırımı haqqında ingilis dilində ikihissəli sənədli film və fotoslayd nümayiş etdirilmişdir.

Tədbirdə xalq şairi Zəlimxan Yaqub çıxış etmiş və faciənin dəhşətlərini diqqətə çatdırmışdır.

AFR-də Güney Azərbaycan diasporunun nümayəndəsi Bəhmən Feyzi erməni cəlladların Urmiyədə, Xoyda və Cənubi Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı törətdikləri soyqırımı aktlarından və ermənilərin Qarabağa köçürülməsi və yerləşdirilməsindən tarixi faktlar əsasında məlumat vermişdir.

Tədbir çərçivəsində Azərbaycan rəssamları Eldar Cabbarlı və Telman Quliyevin Xocalı faciəsinə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilmişdir.

Mərasim iştirakçılarına Xocalı dəhşətlərini alman, ingilis, türk və Azərbaycan dillərində əks etdirən kitab, jurnal, broşürlər və əyani vəsaitlər paylanmışdır.

 

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 5.