Ömrün barlı payızı
"Ömrün payızı" ifadəsini ilk dəfə işlədən kəs, görəsən, nə düşünüb? Doğrudanmı demək istəyib ki, insan ömrünün bu çağında sakitcə çəkilib ev-eşiyində oturur - təbiətin bu fəslində əl-ayaq çöldən-bayırdan yığışdığı kimi? Bəlkə də... Amma Salyan rayonunun sayılıb-seçilən ağsaqqallarından biri - Hafis Əsgərov buna qəti etiraz edir.
Hafis kişi deyir ki, payız bolluq, bar-bərəkət, toy-büsat fəslidir. Onun da öz gözəlliyi var. Təbiətin payızında olduğu kimi, ömrün də bu fəslində insan yetişdirdiyi ağacların barını dərir, əkdiyi məhsulu biçir və geriyə boylanaraq nələri edib-etmədiyinə hərdənbir nəzər salır. Bütün bunlarla yanaşı, elə payızın özündə də görməli işlər çox olur. Yetər ki, əlini işdən-gücdən soyutmayasan. Onda ürəyindəki yaşamaq, qurub-yaratmaq eşqi də tükənməz.
Hafis Əsgərov bəzi insanların iş yerindən təqaüdə çıxandan sonra passiv həyat mövqeyi tutmasına təəccüb və təəssüf edir. Onun fikrincə, əgər kimsə bir qədər yaşa dolandan sonra əlini əlinin üstünə qoyub oturursa, ətrafdakı insanlarla ünsiyyətini azaldırsa, cəmiyyətin həyatından, necə deyərlər, kənara çəkilirsə, deməli, varlığında elə cavanlıqdan ətalət kök atıb...
Özü əməyə uşaqlıqdan, doğulub-böyüdüyü Dayıkənd kəndində alışıb. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə gedib. Əsgəri borcunu yerinə yetirəndən sonra Sumqayıtdakı kimya zavodunda işə düzəlib. Elə çalışdığı sahəyə uyğun da ali təhsil almaq qərarına gəlib. Gündüzlər işləyib, axşamlar isə Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) kimya-texnologiya fakültəsində təhsil alıb.
Bir müddət sonra onu ali təhsilli kimyaçı kimi Salyan Plastik Kütlə Emalı Zavoduna işləməyə göndəriblər. O zaman - 1968-ci ildə zavod hələ tam tikilməmişdi. Orada yalnız bir sex fəaliyyət göstərirdi.
1969-cu ildə ulu
öndər Heydər Əliyev Azərbaycanın rəhbəri
seçildi və bundan
sonra respublikada
iqtisadiyyatın hərtərəfli inkişafına, o cümlədən sənaye müəssisələri
şəbəkəsinin genişləndirilməsinə xüsusi önəm verildi.
Salyan Plastik Kütlə
Emalı Zavodunun tikintisi
də sürətləndi. 1971-ci ildə
tikinti-quraşdırma işləri başa
çatmaqda idi. Elə
həmin il də Hafis
Əsgərov müəssisənin direktoru
təyin edildi. Bu zavodun rayonun iqtisadi həyatında, Salyan
əhalisinin işlə təminatında böyük
rol oynadığını nəzərə
alaraq ulu öndər onun fəaliyyətinə xüsusi
nəzarət edirdi.
Hafis Əsgərov həmin
dövrü belə xatırlayır:
- 1972-ci ildə zavodun tikintisinin başa çatdırılması və fəaliyyətə başlaması istiqamətində görülən işlər Mərkəzi Komitənin bürosunda müzakirə edildi. Orada rayonun o zamankı rəhbəri və mən də iştirak etdik. Biz çıxış edərək obyektdəki vəziyyət barədə məlumat verdik. Ümummilli lider müvafiq nazirliklərə və komitələrə qüvvələrin bu müəssisənin inşasının başa çatdırılmasına səfərbər edilməsini tapşırdı. Bu qayğı və diqqət bizə qol-qanad verdi. Bir neçə gün sonra mən SSRİ Kimya Sənayesi Nazirliyinə rəsmi məktub göndərərək artıq zavod üçün dəzgah və mexanizmlərin göndərilməsini xahiş etdim. Həmin ilin yayında ulu öndər Lənkəranda kənd təsərrüfatı işlərinin gedişi ilə əlaqədar zona müşavirəsi keçirdikdən sonra Salyana gələrək bizim zavodda oldu. Eksperimental sexi gəzdi, dəzgahların və avadanlıqların quraşdırılmasına diqqət yetirdi və müəssisənin nə vaxt tam gücü ilə işə düşəcəyi ilə maraqlandı. Bildirdim ki, işlər sürətlə gedir və dekabrın 25-dək onları yekunlaşdıra bilərik. Ulu öndər zavodun işçiləri ilə bir neçə şəkil də çəkdirdi.
Hafis Əsgərovun əmək fəaliyyətinin əksər hissəsi bu zavodla bağlı olub. Müəssisənin rəhbəri olanda da, sonralar yaşlaşandan sonra burada başqa vəzifələrdə çalışanda da bir an belə ulu öndərin etimad və tövsiyələrini yaddan çıxarmayıb.
Keçən əsrin 90-cı illərində məlum səbəblərdən iqtisadiyyatda tənəzzül dövrü yaşananda, hətta bir çox iri müəssisələr fəaliyyətini dayandıranda Salyan Plastik Kütlə Emalı Zavodunda Hafis kişinin rəis olduğu sex işləyirdi. O, bütün qüvvəsini, səyini, təcrübə və səriştəsini sərf edərək sexdə işin bir gün də dayanmasına yol vermədi və bunun sayəsində zavod yaşadı. O zaman öz-özünə tez-tez deyirdi: "Başqa cür ola da bilməz. Çünki ulu öndər Heydər Əliyev bu zavodun ən qabaqcıl müəssisələrdən biri olacağına inanırdı".
1992-ci ildə 11 nəfər salyanlı, o cümlədən Hafis Əsgərov rayonda Yeni Azərbaycan Partiyası təşkilatının yaranması üçün ulu öndərə məktub göndərir və ondan kömək istəyir. Müsbət cavab alırlar. Həmin vaxtdan Hafis kişi partiyanın fəal üzvü kimi təşkilatın işinin yüksək səviyyədə aparılması üçün əlindən gələni əsirgəmir. YAP-ın birinci və ikinci qurultaylarının nümayəndəsi olur.
1998-ci ildə isə Hafis Əsgərov prezident seçkiləri ərəfəsində təşəbbüs qrupuna rəhbərlik edib. Salyanın və ətraf rayonların YAP üzvləri adından çıxış edir, hər yanda Heydər Əliyevin prezidentliyə ən layiqli namizəd olduğunu vurğulayırdı.
Hafis Əsgərov sözükeçən kişilərdəndir. Onun tövsiyəsindən, məsləhətindən hələ heç kəs ziyan çəkməyib. Əvvəllər həmkarlar təşkilatının fəal üzvü, sonralar üstəlik xeyriyyəçi kimi də tanınıb. Həmişə, hər yerdə faydalı təklif və təşəbbüslərlə çıxış edib. Hələ istehsalatda çalışdığı zaman bir dəfə təklif irəli sürüb ki, gəlin əməkçilərə hər gün pulsuz nahar verək. Təklif bir qədər tərəddüdlə qarşılanıb. Çünki zavodun maliyyə vəziyyətinin çətin olduğu vaxtlar imiş. Bununla belə, Hafis kişinin sözünə qulaq asıblar. Məlum olub ki, bu hərəkət zavoda ziyan yox, əksinə, xeyir gətirir. Kollektiv işə daha çox can yandırmağa başlayır.
Hafis kişinin bu xeyirxah əməllərinin bir müəssisənin, kəndin, yaxud rayonun sərhədindən çıxaraq daha geniş miqyas aldığı vaxtlar da olub. Qarabağda gedən döyüşlərin qızğın çağında o, zavodun cəbhəyə etdiyi yardımla kifayətlənməyib. Döyüşçülərə dəfələrlə öz şəxsi vəsaiti hesabına pay göndərib. Bir dəfə isə Ağdamda döyüşlər getdiyi zaman "Qrad" atəşinə düşüb. Öz maşınını ərzaqla doldurub döyüşçülərin görüşünə gedibmiş...
İnsanlarla ünsiyyət qurmaq və işləmək bacarığını, təşkilatçılıq qabiliyyətini nəzərə alaraq Hafis Əsgərova həmişə etibar ediblər, etimad göstəriblər. İndinin özündə də rayon Ağsaqqallar Şurasına sədrlik edir, həmçinin YAP-da Ağsaqqallar Şurasının sədridir.
Təltiflərini, fəxri fərmanlarını isə sadalamaq lazım gəlsə, uzun bir siyahı alınar. Hələ sovetlər dönəmində "Əməkdə fərqlənməyə görə" medalına, SSRİ Kimya Sənayesi Nazirliyinin təsis etdiyi "Fəxri kimyaçı" adına layiq görülüb. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə H.Əsgərov Salyan Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının fəxri fərmanlarını, eləcə də respublika və rayon əhəmiyyətli bir sıra qurumların fəxri diplomlarını alıb.
Ürəyi çox geniş və kövrəkdir bu ağsaqqalın. Hər dəfə kiçik nəvəsi Aydını qucaqlayanda qəlbindən keçir ki, ataları vətən yolunda şəhid olmuş uşaqların da başına sığal çəksin. Narahatlıqla düşünür ki, görəsən, əlil, qaçqın-köçkün uşaqlarının dərsə hazırlaşmağa şəraiti, imkanı necədir? Odur ki, ağsaqqalın bir əli həmişə şəhid, əlil, imkanı geniş olmayan ailələrin üstündədir. Özü də bütün bunları halal əməyi ilə qazandığı vəsait hesabına edir. Axı əli bu gün də işdən-gücdən soyumayıb. Zəhmətkeş əlləri ilə torpağı cana gətirir - təsərrüfat işləri ilə məşğul olur.
Elə bu səbəbdən də Salyanda onu təkcə üç övladın valideyni, doqquz nəvənin babası, böyük bir ailənin başçısı kimi deyil, el atası, el ağsaqqalı sayırlar. Şərəflə yaşamaqda olduğu ömrünün 75-ci pilləsinə çatan Hafis Baxşəli oğluna sinninin bu müdrik çağında çalışmaq həvəsi, qurub-yaratmaq eşqi bəxş edən məhz həmin xoş əməllər, saf duyğular, insanların məhəbbətidir.
Seyran CAVADOV
Azərbaycan.- 2012.- 4 mart.-
S. 6.