Vatikandan gətirilmiş
məxfi sənədlərin oxunmasına
başlanılmışdır
Ötən il dekabrın 7-də Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərdən 3-ü tərcümə edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli AzərTAc-a bildirmişdir ki, tərcümə edilən sənədlər Səfəvi hökmdarı I Şah Abbasa Roma papaları tərəfindən göndərilmiş məktublardır.
Bu məktublardan ikisi Roma papalarının işlər üzrə rəhbər şəxsləri tərəfindən yazılmışdır. Sonuncu məktub isə Roma Papası V Pavel tərəfindən I Şah Abbasa göndərilmişdir. Məktublarda ikitərəfli siyasi sazişlər haqqında söhbət gedir. Romada Səfəvilər sarayından göndərilən elçilərin adları, eyni zamanda Səfəvilər sarayına göndərilən elçilər haqqında da məlumatlar verilir.
F.Ələkbərli demişdir ki, Roma Papası V Pavel tərəfindən 1605-ci il iyulun 20-də I Şah Abbasa göndərilən məktubda Papa Romada Səfəvilərin elçisi Bayramqulu bəyin öldürülməsinə görə ondan üzr istəyib. Məktubda V Pavel qeyd etmişdir ki, bu qətlin qarşısını ala bilmədiyinə təəssüflənir və buna görə üzr istəyir. Buna baxmayaraq, Papa ümid etdiyini bildirmişdir ki, Səfəvilərlə mehriban əlaqələr, həm ticarət, həm də hərbi sahədə münasibətlər yenə də əvvəlki kimi davam edəcəkdir. Papa özündən əvvəlki papaların siyasi xəttini davam etdirəcəyini də demiş və Azərbaycana 3 səfir göndərildiyini vurğulamışdır. Bunlar karmelit təriqətinə qulluq edən Pavel Simon, İoan Tadeus və Zimsend olmuşlar. Həmin şəxslər V Paveldən əvvəl, VIII Klement tərəfindən səfir təyin edilmişlər və Vatikan taxt-tacını təmsil etmək hüququ qazanmışlar.
Şöbə müdiri vurğulamışdır ki, ümumilikdə latın dilində olan 20-dək məktub hazırda tərcümə prosesindədir. Bu məktubların əksəriyyəti Səfəvilərə aiddir. Amma onların arasında Elxanilərə, Hülaku xana və onun varislərinə göndərilən məktublar da vardır. Bunların arasında 1267-ci və 1279-cu illərdə Abağa xana, 1290-cı ildə Arqun xanın V Nikolaya, 1302-ci ildə Qazan xanın VIII Bonifasiyə, 1246-cı ildə Güyük xanın IV İnnokentiyə göndərdiyi məktubları qeyd etmək olar. Bunlarla yanaşı, VIII Bonifasinin 1302-ci ildə və XI Benediktin 1304-cü ildə Azərbaycanın xristian patriarxı, nestorian təriqətinə qulluq edən Yabalaxa göndərdikləri məktubları da qeyd etmək istərdim. Nestorianların öz kilsəsi olmuşdur və onlar milliyyətcə uyğur idilər.
F.Ələkbərlinin sözlərinə görə, həmin dövrə aid sənədlər arasında qədim monqol və uyğur dilində olanlar da vardır. Onlar da tərcüməyə cəlb ediləcəkdir. Latın dilində olan sənədlərin ardınca qədim italyan dilində olan 90-dək sənədin tərcüməsinə də başlanılacaqdır.
Bir daha xatırladaq ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti ötən il dekabrın 7-də Bakıya gətirilmişdir. Sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və sair sənədlərdən ibarətdir.
AzərTAc
Azərbaycan.- 2012.- 4 mart.- S. 6.