Beşincinin beş
alması labüddür...
Siyasətin illərlə döyə bilmədiyi qapını mədəniyyət bir göz qırpımında açmaq gücündədir. Dövlət müstəqilliyimizin bərpasından sonra xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günləri təntənəsinin müşahidəsi təsdiqləyir ki, çox vaxt insanlar iqtisadiyyata, siyasətə o qədər meyilli olmur nəinki musiqiyə, incəsənətə və digər yaradıcı sahələrə daha çox maraq göstərirlər. Bu da təbiidir. Musiqinin, mahnının tərcüməyə ehtiyacı yoxdur. Onun birbaşa ünvanı insan ürəyidir, duyğularıdır. Qəlbə təsir edən sənət əsəri isə həmişə möhtəşəmdir, yaddaqalandır. Elə bu səbəbdən də haqlı olaraq deyirlər: musiqi sərhəd tanımır.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun, Bəstəkarlar İttifaqının dəstəyi və təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq musiqi festivalları, muğam müsabiqələri, eləcə də xarici ölkələrdə xoş təəssüratla yaddaşlara iz salan mədəniyyət günləri dəfələrlə təsdiqlədi ki, bütün dünyanı birləşdirməyə qadir olan bu mənəvi sərvətin qüdrəti çox böyükdür. Bəlkə də elə bu səbəbdəndir ki, ötən əsrin ortalarından başlayaraq "Eurovision" müsabiqəsi nəinki dünya musiqisevərlərini, müxtəlif təbəqədən olan insanları da bir araya gətirir. Bu təntənəli musiqi bayramının yaratdığı xoş ovqat dünya ölkələrində böyük əks-səda tapıb. Bu səbəbdən də müsabiqənin coğrafiyası genişlənib. 1956-cı ildən başlayaraq indiyədək hər il bu yarışma keçirilir. Azərbaycan dörd dəfə "Eurovision" yarışmasında iştirak edib. Həmişə də ilk onluqda olub. Ötənilki qələbənin isə sevincini hələ də yaşamaqdayıq. Azərbaycan təmsilçilərinin bu yarışmada qazandığı birincilik ölkəmizin ünvanına dünyanın hər yerindən təbriklər gətirdi. Doğrudan da musiqinin dili yoxdur. O, möhtəşəm olanda ünsiyyəti daha da möhkəmlənir.
Ötən il Düsseldorfda "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Azərbaycanın gənc ifaçıları - Eldar Qasımov və Nigar Camal oldu. Gənclərin qazandığı bu uğurun sevinci hələ də ovqatlardan çəkilməyib. Məhz bu qələbənin, bu qalibiyyətin nəticəsində Dürsseldorfdan sonra beynəlxalq aləmdə musiqi sevinci yaşadan mahnı müsabiqəsinə Azərbaycan paytaxtına ev sahibliyi etmək qismət oldu. Müsabiqəni ölkəmizin adına layiq və dünya standartlarına cavab verən tərzdə keçirmək üçün elə ötən ilin may ayında Prezident İlham Əliyevin sərəncamı ilə təşkilat komitəsi yaradıldı. Komitənin nüfuzundan, fəaliyyətinin uğurlu olacağından agah olmaq üçün bircə məsələni xatırlatmaq kifayətdir ki, bu quruma Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva rəhbərlik edir.
Bu müddət ərzində xeyli iş görülüb. "Buta Palace"də "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirildi. 2012-ci ilin may ayında baş tutacaq mahnı müsabiqəsinin rəsmi açarı Bakı merinə təqdim edildi. O cümlədən, müsabiqənin loqo və şüarı da açıqlandı. "Öz məşəlini alovlandır" şüarı altında təşkil olunan müsabiqə paytaxtımızın Bayraq meydanında - "Bakı Kristal Zalı"nda keçiriləcək.
Məlumdur ki, ötən payızdan başlayaraq "Eurovision-2012"-yə qatılacaq Azərbaycan təmsilçilərinin seçiminə başlandı. Finala həm SMS səsverməsi, həm də münsiflər heyətinin rəyi əsasında beş istedadlı gənc qalmışdı. İstər musiqiçilərin, istərsə münsiflərin, istərsə də onların ifaçılıq məharətini müntəzəm izləyən tamaşaçıların fikirləri üst-üstə düşdü. Doğrudur, bu uşaqların beşi də istedadlı idi. Onlar həqiqətən də milli seçim turunun ən layiqli qalibləri sayılırdılar. Amma bütün diqqət və fikir məhz Səbinə Babayevaya yönəldi. Beləliklə, "Eurovision-2012"-də Azərbaycanı təmsil edəcək yarışmaçı Səbinə Babayeva oldu. Artıq Səbinə Babayevanın dünyada yayımlanacaq yeni klipi hazırlanıb. "Sevgi nəğməsi" adlanan bu mahnının sözləri İsmayıl Dadaşova, musiqisi Vaqif Gərayzadəyə məxsusdur.
Müsabiqə mayın 22-də Avropa vaxtı ilə saat 21:00-da başlanacaq. Yarışmada iki yarımfinal və bir final mərhələsi keçiriləcək. Müsabiqədə 43 ölkənin iştirak edəcəyi bildirilir. Ölkəmizə təxminən 1500-ə yaxın mətbuat nümayəndəsinin gələcəyi gözlənilir. Tədbir Azərbaycanda keçirildiyi üçün yerli mətbuat nümayəndələrinə on dəfədən artıq kvota veriləcək. Yəni təxminən Azərbaycandan müsabiqəni işıqlandırmaq üçün 200 jurnalist qeydiyyatdan keçəcək. Tamaşaçıların yaxından iştirak etməsi üçün müsabiqənin bilet qiymətlərinin yüksək olmayacağı bildirilirdi. Bu günlərdə məlum oldu ki, "Bakı Kristal Zalı"nda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin biletlərinin satışına başlanmışdır. Biletlərin qiymətlərində müəyyən fərqlər var. Birinci yarımfinalda iştirak etmək istəyənlər 30-50, eləcə də canlı şounu izləmək həvəsində olanlar 90-150 AZN dəyərində bilet ala biləcəklər. İkinci yarımfinalın, eləcə də final konsertlərinin bileti də satışda olacaq. Bir daha qeyd edək ki, "Bakı Kristal Zalı"nda bu möhtəşəm yarışmanı izləmək üçün 20 minədək tamaşaçı yeri nəzərdə tutulmuşdur. Avropa Yayımlar Birliyinin qaydalarına əsasən biletlərdən gələn qazancın bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayımları Birliyi nümayəndələri üçün ayrılmışdır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi isə Azərbaycan auditoriyası üçündür. Satışdakı biletlər ölkələr arasında mütənasıb qaydada bölünüb. Bu yarışmanın bileti də fərqlidir. Alınan hər bir bilet məhz tamaşaçının öz adına olmalıdır. Online satış sisteminə bilet əldə edəcək şəxsin adını, soyadını, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsini də bildirmək vacibdir. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum dörd bilet ala bilər və mütləq hər bir bilet konkret adamın adına rəsmiləşdirilməlidir. Onu digərinə vermək mümkün deyil, yəni hər kəs yalnız öz biletindən istifadə edə bilər. Tamaşaçılar həmçinin Bakıdakı satış köşklərindən bilet əldə edəcəklər. Biletlərin saxta yolla, "qara bazarda" satışı mümkün olmayacaq.
Təbii ki, Azərbaycanın "Eurovision-2012" mahnı yarışmasına ev sahibliyi etməsi bütün Avropanın diqqətinin ölkəmizə yönəlməsinə səbəb olub. Burada təkcə söhbət musiqi yarışmasından getmir. Ölkəmizə qonaq qismində gələn insanlar həm də son illər respublikamızın necə inkişaf etdiyinin, qədim tarixə malik xalqımızın humanistliyinin, sülhsevərliyinin şahidi olacaqlar. "Eurovision-2012" musiqi yarışması ilə bağlı Bakıda keçirilən ilk təntənəli mərasimdə iştirak edən bu möhtəşəm layihənin rəhbəri Yand Ola Sand öz çıxışında bildirdi ki, Azərbaycan hökuməti müsabiqənin yüksək səviyyədə hazırlanmasına xüsusi diqqət göstərir. Həm dövlətin, həm də cəmiyyətin bu mərasimə dəstəyi təqdir edilməlidir.
Ölkəmizin mədəni aləmdə əldə etdiyi bu nailiyyəti bəzən gözü götürməyənlər də tapılır. Erməniləri başa düşmək olur. Onlar türkün qatı düşmənidir. Heç vaxt istəməzlər ki, Azərbaycan öz iqtisadi yüksəlişi, gündən-günə artan nüfuzu, möhtəşəmliyi, humanistliyi, tolerantlığı ilə dünyanın aparıcı ölkələri sırasında dayansın. Öz paxıllıqlarını da, xain xislətlərini də gizlətmirlər. Gözəlliyə çamır atmaqla deyil, hər şey göz önündədir. Bir məsələyə təəssüf edirik ki, aramızda erməni dəyirmanına su tökənlər də var. Onlar "Eurovision-212" yarışmasının Bakıda yüksək səviyyədə keçirilməsi üçün planlı şəkildə görülən quruculuq işlərinə kölgə salmağa çalışırlar. Parkların, muzeylərin, teatr binalarının gözəl görünüşə salınması, bərpası, təmiri, yenidən qurulması bəzən qeybət mövzusuna çevrilir. Halbuki Bakı gündən-günə gözəlləşməkdə, dəyişməkdədir. Belə möhtəşəm yarış bir dəfə keçirilir. Qonaqlar da beş-on günlükdür. Bu qurğuların, bu tikintilərin ömrü isə uzundur. Qurulanlar, yaradılanlar isə xalqa qalacaq. Hər şeyə siyasi don geyindirməyə çox lüzum yoxdur.
Bu yarışma 57 ildir ki, keçirilir. Biz isə bu beynəlxalq müsabiqədə dörd dəfə iştirak etmişik. Həmişə də ilk onluqda olmuşuq, sonuncuda möhtəşəm qələbə qazanmışıq. İndi isə beşinci yarışmadır ki, Azərbaycan təmsilçisi bu musiqi müsabiqəsinə qatılacaq. Burada bir fərq də var. Biz başqa şəhərə, ölkəyə getmirik. Məhz Bakıda qonaqlarımızıın qarşısında beşinci dəfə istedadımızı, musiqi qabiliyyətimizi nümayiş etdirəcəyik. Beşincinin beş alması da labüd görünür...
Azərbaycan.- 2012.- 4
mart.- S. 7.