Bir qəlibdən çıxanlar

 

 Ötən əsrlərdə yaşamış Azərbaycan maarifçiləri, ziyalıları, ədib və şairləri xalqımızın işıqlı gələcəyi naminə apardıqları mübarizədə ilk işlərini təhsildən, tərbiyədən başladılar. Cahilliyə qarşı tuşlanan mənəvi çarpışmanın ilk hədəfi avamçılıqdan, savadsızlıqdan doğan bir sıra qüsur və nöqsanların aradan qaldırılması oldu. Bəzi insanların həyat tərzində kök salmış və çox hallarda da kütləviləşmiş dini fanatizmə, geriliyə qarşı yönəlmiş mübarizə üsullarının çalarları da müxtəlif oldu. Bu yolda kimi qəzet çap etdi, kimi teatr binası tikdirdi, kimi tamaşa hazırladı, kimi məktəb açdı.

Qaranlıq bir mühitdə ulduz kimi parlayaraq ətrafa nur saçan bu hünər sahiblərinin əməlləri göyərməyə başladı. Tale elə gətirdi ki, ötən əsrin əvvəlində sovet hakimiyyəti öz işğalçılıq siyasətini Azərbaycanda da həyata keçirdi. Baş verən haqsızlıqlara, təpkilərə, quruluşdan doğan təzyiqlərə baxmayaraq ölkəmizdə böyük bir təhsil sistemi fəaliyyət göstərdi. Ən ucqar kənddən başlayaraq paytaxtımıza kimi hər yerdə məktəblər açıldı, xüsusilə də qızların savadlanmasında müsbət dəyişikliklər diqqət çəkdi. Elmli insanın davranış və hərəkətlərində, ətrafa münasibətində də bir diqqətçəkən məqam var. Özünün və sözünün yerini bilir, əhatəsində olduğu insanlara nəzakətlə yanaşır, böyüyə-kiçiyə hörmət göstərməyi mənəvi borc sayır. Bütün bu məziyyətlər isə insan kamilliyinin təzahürüdür.

Elm təsdiqləyib ki, insana irsən təkcə zahiri bənzəyiş, xasiyyət deyil, əxlaqi dəyərlər, hətta müəyyən xəstəlikləri də keçir. Deməli, hər kəsin sağlam, nəcib və kamil olmasında bütün məsuliyyəti yalnız məktəbin və cəmiyyətin üstünə atmaq da düzgün deyil. Bəsit bir misal var: qanqalın, yaxud da qızılgülün qanadını kəsib hansı torpaqda bəsləsən də hər birinin öz adı üzərində olacaq. Bu mənada son illər bəzi gənclərin davranışlarında, həyata münasibətlərində müşahidə edilən nöqsanların da kökünü ailə mühitində axtarmaq lazımdır. Sınaqdan çıxıb ki, qəddarlıq, kobudluq üzərində qurulan ailədə heç zaman mərhəmətli körpələr böyümür. Çünki uşaq gözünü açandan üzləşdiyi sıxıntıdan, gərginlikdən elə vücuda sahib olur ki, onun qəlbində ancaq kriminal hisslər olur: vurmaq, dağıtmaq, yaxud da bunların başqa bir üzü - laqeydlik, biganəlik libasında görünür. Elmli ailədə doğulan uşaq musiqi eşidir, ədəbiyyatdan xəbərdar olur, tarixi bilir, nənəsinin nağıllarına qulaq asır, babasının müdrikliyini duyur, ata-anasının öyüdünü eşidir, bacı-qardaşının məhəbbətinə bürünür. Bu səbəbdən də şəfqətli və mehriban olur. Başqa hal da mövcuddur: sadəcə yemək üçün yaşayanlar. Bəşəriyyətin böyük yazıçısı Viktor Hüqonun fikridir ki, insan yaşamaq üçün yeməlidir. Yemək üçün yaşayanlar insanlıq üçün qorxuludur. Belə ailələrdə böyüyənlər isə əxlaqdan, tərbiyədən, böyük-kiçiyin yerini bilməkdən, milli duyğulardan, hətta utanmaqdan belə uzaq olurlar. Atalar demişkən, utanmasan oynamağa nə var ki?..

Əgər hər şeyin təməli ailədə qoyulursa, bəs onda məktəbin və cəmiyyətin rolu nədən ibarətdir? Ailə insanı mənən tərbiyələndirir, duyğularına nəciblik aşılayır, məktəb bunu istiqamətləndirir, cəmiyyət isə formalaşdırır. Əgər ailədən gələn bu mənəvi tərbiyə, əxlaq yerində deyilsə, məktəbin istiqamətindən də, cəmiyyətin formalaşdırmaq təpkisindən də uğurlu nəticə qazanılmır. Bu, çox istisna hallarda baş verər ki, tozluqda çiçək göyərsin. Nahaq deyilməyib ki, ot kökü üstündə bitər.

Ataların belə bir sözü də var - beş barmağın beşi də bir deyil. Bax, burada məktəbin, cəmiyyətin müəyyən təsirindən danışmağa dəyər. Yeniyetmənin istiqamətləndirilməsində hansısa səhvə yol verilib. Bu səhvin ucbatından da həmin şəxs cəmiyyətdə öz yerini tapa bilmir. Amma bir qədər fərqinə varılsa, dərindən araşdırılsa, karvanından uzaq düşmüşü də öz sırasına qaytarmaq mümkündür. Bu "tarixi-nadiri" vərəqləməkdə məqsədimiz nədir? Son vaxtlar istər radio, televiziya verilişlərində, istərsə konsert salonlarında, el şənliklərində, ictimai nəqliyyatda bəzi gənclərimizin elə hərəkətlərini müşahidə edir, danışıqlarına qulaq asır, daxili aləminə bələd olursan ki, anlamaq olmur, onları bizim məmləkətə hansı planetdən gətiriblər?.. Keçirdiyin pəjmürdə hisslərin qarşısında bir çox suallara cavab tapa bilmirsən. Bu ikitirəliyin, bu müxtəlif qütblərin yaranmasına səbəb nədir? Sanki iki mərhələnin arasında qalırsan. Bir tərəfdə əynində əsgər paltarı, soyuqda, sazaqda, istidə, küləkdə vətən keşiyində dayanan mərd oğullar, lazım gələndə düşmənin üstünə qorxmadan yeriyən igidlər, bayrağımızı uzaq-uzaq məmləkətlərdə yüksəldən, himnimizi səsləndirən idmançı, musiqiçi, ifaçı, eləcə də digər sənət və peşələr üzrə fəaliyyət göstərən gənclərin yurdumuza gətirdiyi şöhrət, şərafət bizi sevindirir. İstedadlı, qabiliyyətli, vətənpərvər gənclərimizin səsini Moskvadan, Londondan, Parisdən, Berlindən və müxtəlif qitələrdən eşidirik. Beynəlxalq yarışmalardan, müsabiqələrdən, simpoziumlardan onların qələbələri haqqında yurdumuza qanadlanan xəbərlərdən aldığımız qürurun, iftixarın həddi-hüdudu olmur. Təəssüf ki, digər qütbdə isə gecə-gündüz şou meydanlarında atılıb-düşən, mənasız söz-söhbətləri, şit danışıqları ilə tamaşaçılara əsəb gətirən üzdəniraq aparıcılar, müğənniciklər, parkda, bulvarda hətta qışın oğlan çağında belə yarımçılpaq vəziyyətdə gəzənlər var. İctimai nəqliyyatda rahat əyləşərək əlində telefon, ağzında saqqız, qulaqcığı ilə özünü "məşğul" göstərərək yaşlıları "görməyən", qadına, qocaya, uşağa yer verməyən, hətta dilə gələnlərə də kobud cavab qaytaran gənclər... Sovet vaxtında "Oqonyok" jurnalında bir rus müxbiri Bakıdan aldığı təəssüratları dilə gətirərək yazırdı: "Məni ən çox heyrətləndirən avtobus və trolleybuslarda cavanların dərhal ayağa qalxaraq özündən böyüklərə yer verməsi oldu. Azərbaycanda bu bir ənənədir. Böyük olan yerdə kiçik əyləşməz". İndi bu ənənə niyə yox olub gedir?!

Bizim maarifçilərimiz vaxtilə o mənfiliklərə qarşı mübarizə aparmışdılar ki, onların əksəriyyəti yenidən həyatımıza qayıdıb. Bəzən gənclər arasında elələri də tapılır ki, onlar ümumilikdə axına qarşı getməyi çox sevirlər. Sanki qatığa "qara" deməklə yenilikçi olurlar. Bunu yazılarında da göstərirlər, nitq və çıxışlarında da. Xüsusilə də milli mentalitetə qarşı çıxanlar elə yerdən yapışırlar ki, bunlar xalqımız üçün qətiyyən ənənəvi hal deyil. Məsələn, erkən nikah, qızları oxutmamaq, uşaq əməyindən istifadə. Hansısa bir bölgədə, ailədə bu nöqsan və qüsur varsa, bunu bütövlükdə xalqın adına yox, həmin ailənin ünvanına yazmaq lazımdır. Müasirlik, demokratiya anarxiya deyil. Mən niyə "qayınanamla bir yerdə yaşamalıyam" sözləri azad fikrimi ifadə edir? Məgər sərbəst yaşamaq böyüklərin - valideynlərin üzünə ağ olmaq, yaxud da onlardan imtina etməkdir?  Əgər 17-18 yaşlı qız televiziyaya - evlilik proqramına çıxıb "mən ərə getmək üçün gəlmişəm" söyləyirsə, bu, müasirlikdirmi? "Mən evi olan qız axtarıram" - deyən 22 yaşlı gəncdən hansı mənəvi dəyəri, mərdliyi gözləmək mümkündür. Bütün adətlərin, ənənələrin, minilliklərin belə sınağından çıxmış ailə prinsiplərinin üzərindən xətt çəkərək bütün abır-hayanı arxivə vermək yenilikdirmi? "O olmasın, bu olsun" prinsipi ilə sanki bazardan alma, armud almağa gəliblər. Qızlar gedəcəyi oğlanın rəngi, çəkisi, ölçüsü ilə maraqlanırlar. Bu, hansı əxlaqdır? Cavan aparıcı (hələ ailə həyatı qurmamış gənc) 60-70 yaşlı adamlara məsləhət verir, ailənin qanun-qaydalarından söz açır. Hər şey öz əndazəsində gözəldir. Ailə həyatı qurmayanın ailə dəyərlərindən danışması, hətta məsləhət verməsi, tərbiyəsi cümlə-millətə məlum olanın pak əxlaqdan dəm vurması, gündə bir "yar" sevənin əsl məhəbbətdən söz açması, "aşiq"lərinin adlarını sıralaması və onun bu halının aparıcı qıza təsir etməsi, yəni onu həsədə salması hansı mənəviyyatın göstəricisidir? ATV-də yayımlanan "Ulduz oldun"da aparıcı müğənni xanımdan soruşur: "Nə olar, sizi sevən kişilərin adlarını deyin, tamaşaçılar da bilsinlər". Müğənni də əzilə-büzülə başlayır saymağa...

Bir neçə kəlmə də özəl kanallarda yayımlanan evlilik proqramları haqqında. Bu məsələyə cəmiyyətdə münasibət birmənalı deyil. Təbii ki, yüksək zövqlü, əxlaqa, adət-ənənəyə, milli kökə bağlı insanlar bu verilişlərin əleyhinədir. Lehinə olanlar da var.

Açıq deyək ki, Türkiyə televiziyalarında gedən bu tipli verilişlərə baxanda həqiqətən də zövq alırsan. Söhbət o qədər təbii, səmimi qurulur ki, tamaşaçıda ikrah yaratmır. Amma bizim özəl telekanallarda o verilişlərin surətini elə duzsuz və şit çıxarıblar ki, xəcalət qarışıq bir əsəbilik keçirirsən. Əlbəttə, dünya kanallarından, xüsusilə türkiyəli həmkarlarımızdan öyrənmək yaxşıdır (baxmayaraq ki, bizim televiziya tariximiz daha qədimdir). Belə verilişləri isə oğurlayaraq bayağılaşdırmağa  ehtiyac varmı? Cavab müxtəlif ola bilər. Evlilik proqramlarına adətən fiziki sağlamlıq baxımından qüsurlu insanların, ata-ana himayəsindən məhrum böyümüşlərin, yaxud da yaşı ötmüşlərin gəlməsi o qədər də təəccüblü deyil. Onların əhatə dairəsi dardır. Heç bu bir o qədər də pis qarşılanmaz. Mərhəmət naminə köməyə dəyər. Əslində belə evlilik mərasimi bizim adət-ənənəmizə ləkə gətirir. İnsanın əlinə meydan veriləndə gözləri yalnız kameranın işığına baxmalı deyil. Anlamalıdır ki, o, minlərlə, milyonlarla tamaşaçının qarşısında çıxış edir, hər şeydən əvvəl də aparıcıdır. Aparıcının da mütləq əməl edəcəyi qaydalar var! Təkcə geyimi-keçimi, səliqəsi ilə deyil, danışığı, müsahiblərlə söhbəti mükəmməl qurulmalıdır. Ekran qeybət və qalmaqallar məkanı deyil ki, iştirakçıları bir-birinin üstünə saldırıb onların səviyyəsiz danışmasına, deyişməsinə tamaşaçını qulaq asmağa sövq edəsən. Bəzən belə bir iddiadada olurlar ki, bəyənmirsən baxma! Belə deyil axı?! Televiziya dərin təsir gücünə malikdir, eyni zamanda tamaşaçıların hamısı yüksək zövqlü deyil ki? O cümlədən sınaqdan çıxıb ki, uşağa nəyi qadağan etsən, məhz ona meyillənir. İndi hər kəs evində xüsusi bir nəzarətçi saxlasın ki, ailədəki qayda-qanunu qorusun, "nəyə bax, nəyə baxma" söyləsin?

Aparıcıların müəyyən qisminin Azərbaycan dilində təmiz danışa bilməməsi, bu sahədə çalışanların gərəkli bilgilərdən xəbərsizliyi, təcrübəyə, səriştəyə, aydın diksiyaya malik olmaması haqqında dəfələrlə yazmışıq. Təəssüf ki, mənəviyyatsızlıq uğrunda dəyərsiz verilişlər üyütməkdə olan bu "dəyirman" eləcə öz işindədir. Başağrısı bizlərə - ömrünü dəyərli söz uğrunda odlara tapşıran qələm sahiblərinə qalıb. Nə qədər yazmaq olar? Deyək ki, aparıcıların, müğənnilərin səviyyəsi hamıya bəllidir. Bəs bütün bu işləri qaydaya, normaya salmalı olacaq telekanalların rəhbərləri hara baxır? Mirzə Cəlilin təbirincə desək, sözümüz oxunana, səsimiz eşidilənə qədər dilimizə, mənəviyyatımıza balta çalmaq cəhdində olanları oxuculara da, həmin təşkilatların sahiblərinə də çatdıracağıq. Böyük Zərdabi söyləmişkən: "Heç ola bilməz ki, doğru söz yerdə qalsın". Hansı kanalı açırsan gözləri döyənək etmiş aparıcılar, natamam müğənnilər və onların şit, bayağı, səviyyəsiz söz-söhbətləri...

Həyatda sən nə cür yaşayırsan, özün bilərsən. Televiziya milyonların baxdığı bir məkandır. Burada hər şey ölçülü, biçili və müəyyən etika normalarına əsaslanmalıdır. Ekran sənin şəxsi evin deyil ki, sosiskanın yarısını özün yeyib, yarısını da aparıcı həmkarına  uzadasan. Yaxud da konfeti dişləyib yenə də həmin hərəkəti təkrarlayasan, ikiniz bir stəkanda çay içəsiniz. Aparıcıların heç kimə məhəl qoymadan qaş-göz oynatmaları, müxtəlif reklam çarxları (öz eşq macəralarından səhnəciklər) nümayiş etdirmələri heç bir əxlaqa sığmır. Bu, açıq danışmaq, müasirlik və səmimilik deyil. Bu, ən azından tamaşaçını saymamaq, öz yüngüllüyünü və şitliyini heç bir abır-həya gözləmədən nümayiş etdirməkdir. Kiminsə qüsurunu, nöqsanını deyəndə dərhal "demokratiya"nın ətəyindən yapışır. Qardaşlar, bu, anarxiyadır! Əgər doğrudan da hər şey açıq-saçıqlıq sevirsə, onda qapı-pəncərə pərdələrini niyə reklam edirsiniz? Əyninizə gündə bir paltar geyib sizi bəzəyənlərə niyə təşəkkür edirsiniz? Bəlkə bu suallar ətrafında düşünəsiniz?

Verilişlərin birində dahi Nizaminin "Qüvvət elmidədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz" beytini Məhəmməd peyğəmbərin (ə.s.) adına çıxan aparıcının səhvi səviyyəsizliyindən doğur. Bu az deyilmiş ki, şit-şit gülərək "qarnım doydu", "qarnım ağrıdı", "boğazım qurudu", "qız, sən hamiləsən", "bir şey-mey varmı", "uşağın neçə aylıqdır" və s. kimi sözlər səsləndirməsi isə tərbiyəsizlikdən başqa bir şey deyil.

Biz gördüklərimizdən danışdıq. Ataların bir sözü var: "Qızım, sənə deyirəm, gəlinim, sən də eşit". İllərdir bu mövzuda müxtəlif yazılar çap edilir. Yəqin ki, "çaq-çaq"ın dayandığı bir gün olacaq. Dəyirman həmişə bildiyini üyütməyəcək ki?.. Bir də dəyirmanda nə günah?

Bu gün Azərbaycandakı bəzi özəl telekanalların ümumi bir sifəti var. Ayrı-ayrı adlarla fəaliyyət göstərmələrinə baxmayaraq, sanki bir qəlibdən çıxıblar. Eyni müğənnicik, eyni aşıq qadın, eyni mövzu, eyni bayağılıq... Təəssüf ki, milli-mənəvi dəyərlərə qarşı çıxanlar bir məsələni tamamilə unudublar. Dünəni olmayanın sabahı da yoxdur.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 7.