İkinci İqtisadi Siyasət Forumunun iştirakçılarına

 

Hörmətli forum iştirakçıları!

 

Sizi Bakı şəhərində keçirilən İkinci İqtisadi Siyasət Forumunun açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasından sonra ötən müddət ərzində sosial-iqtisadi quruculuq sahəsindəki ardıcıl uğurları ilə dünyada özünə layiqli yer tutmuşdur. Qısa bir zamanda sürətli inkişaf sayəsində ölkənin iqtisadi vəziyyəti yaxşılaşmış, yoxsulluq səviyyəsi aşağı düşmüş, həyatın ən müxtəlif sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur.

Respublikamız gerçəkləşdirilən effektiv islahatlar nəticəsində öz inkişaf dinamikasını qlobal böhran şəraitində belə qoruyub saxlaya bilmişdir. Azərbaycanın yeni inkişaf strategiyasının məqsədi əhalinin rifah halının yüksəldilməsi, milli gəlirin səviyyəsinin daha da artırılması və iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsindən ibarətdir. Strategiya ölkənin mövcud potensialının səmərəli reallaşdırılmasına, şaxələnmiş və ixracyönümlü dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına yönəlmişdir.

Müasir çağırışlar kontekstində Dünya Bankının və nüfuzlu beynəlxalq ekspertlərin ölkəmizin perspektiv imkanlarının qiymətləndirilməsi ilə bağlı məsələlərə böyük maraq göstərməsi bu baxımdan təqdirəlayiq haldır.

Ümidvaram ki, forum zamanı aparılan faydalı müzakirələr respublikamızın gələcək inkişafı naminə yeni konsepsiyaların hazırlanıb həyata keçirilməsinə əlverişli zəmin yaradacaqdır.

Hər birinizə işlərinizdə müvəffəqiyyətlər, cansağlığı və xoşbəxtlik arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 1.