8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik

 

 Hörmətli xanımlar!

 

Əziz analar və bacılar!

 

Sizi, bütün Azərbaycan qadınlarını 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm.

Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər. Onlar dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib seçilmək hüququ sayəsində cəmiyyət həyatının fəal iştirakçısı olmaq imkanı əldə etmişlər. Öz tükənməz enerjilərini və zəkalarının gücünü bütünlüklə vətən, xalq yolunda sərf eləyən qadınlarımız ötən dövr ərzində çoxsaylı nailiyyətlər qazanmışlar. Milliliklə müasirliyin ahəngdar vəhdəti onların zəngin mənəviyyatının ayrılmaz xüsusiyyətidir. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, Şərq qadınları arasında mədəniyyətin və incəsənətin, elmin və texnikanın ayrı-ayrı sahələrində ilk addımlar da bizim ölkənin qadınları tərəfindən atılmışdır.

Xalqımızın müstəqillik ideyası ətrafında sıx birləşən Azərbaycan qadını bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verir. O, xüsusən təhsil və səhiyyə sistemlərində dolğun fəaliyyəti ilə maarifpərvər qadın ziyalılarımızın ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Cəmiyyətimizdə qadının daim artan nüfuzu və hazırkı yüksək ictimai mövqeyi Azərbaycanın müasir həyatının diqqətəlayiq hadisəsidir. Qloballaşan dünyada dəyərlər sisteminin sürətli dəyişikliklərə məruz qaldığı indiki vaxtda məhz analarımız milli-mədəni zənginliklərimizin və əxlaqi-mənəvi sərvətlərimizin qorunub saxlanılmasının həqiqi təminatçılarıdır. Gənc nəslin qədim adət-ənənələrimizə, milli məfkurəyə və dövlətçilik ideallarımıza sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməklə onlar üzərlərinə düşən işlərin öhdəsindən hər zaman olduğu kimi yenə şərəflə gəlirlər.

İnanıram ki, Azərbaycan qadını respublikamızın dinamik inkişafı və tərəqqisi naminə qüvvəsini bundan sonra da əsirgəməyəcəkdir.

Hamınıza cansağlığı, səadət və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 mart.-S . 1.