Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Tatarıstan Respublikası Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş naziri İldar Xalikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş naziri İldar Xalikovu və bütün Rusiya xalqını prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik etdi. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Tatarıstan Respublikası arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Münasibətlərimizin möhkəmlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlət başçısı Tatarıstan Respublikası Baş nazirinin ölkəmizə səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Tatarıstanın hökumət strukturlarını, biznes, maliyyə və bank sektorunu təmsil edən böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş naziri İldar Xalikov əməkdaşlığımızı genişləndirməyin önəmini vurğuladı.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 2.