Azərbaycan ilə
Tatarıstan arasında münasibətlərin
inkişafında qarşılıqlı səfərlərin
böyük əhəmiyyəti vardır
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə martın 5-də Bakıda səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş naziri İldar Xalikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Azərbaycan-Tatarıstan ikitərəfli münasibətləri, həmçinin yeni biznes imkanları müzakirə olunmuşdur.
Azərbaycanın Baş naziri Artur Rasizadə Baş nazir Vladimir Putinin Rusiya Federasiyasında keçirilən prezident seçkilərində ilkin qələbəsi ilə bağlı təbriklərini çatdırdı.
Ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini deyən Azərbaycanın Baş naziri əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.
Tatarıstanın Baş naziri İldar Xalikov Azərbaycanda ilk dəfə olduğunu vurğuladı. "Bizim bütün səviyyələrdə gözəl münasibətlərimiz vardır," - deyən qonaq səfər çərçivəsində azı 3-4 istiqamətdə danışıqların aparılacağını diqqətə çatdırdı. Baş nazir İldar Xalikov ölkəsinin Azərbaycanla iqtisadiyyatın müxtəlif qolları, habelə neft, kimya sahələrində əməkdaşlıqda və iş adamları üçün yeni imkanların yaradılmasında maraqlı olduğunu da dedi.
AzərTAc
Azərbaycan.- 2012.- 6 mart.- S. 2.