Nazirlər Kabineti yeni qərarlar qəbul
etmişdir
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"nin 4.11-ci bəndinə uyğun olaraq Nazirlər Kabineti "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2012-ci il üçün xərclər smetası"nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
Qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq Nazirlər Kabineti Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyasının adının dəyişdirilərək "Koroğlu" adlandırılması haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı"nın və 2005-ci il 21 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)"nın icrası ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin yaradılmasını və Milli Ödəniş Sistemi infrastrukturuna tam inteqrasiya olunmasını nəzərə alaraq Nazirlər Kabineti özünün 2004-cü il 27 avqust tarixli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 1994-cü il 19 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qərar qəbul etmişdir.
"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 1995-ci il 17 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2004-cü il 4 mart tarixli qərarı ilə təsdiq edilmiş "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi barədə" özünün 2011-ci il 24 noyabr tarixli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.
"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2011-ci il 15 iyul tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında qərar qəbul etmişdir.
Bu 7 qərar martın 2-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, bu
qərarların tam mətni ilə Nazirlər
Kabinetinin www.cabmin.gov.az
ünvanlı internet saytında və Azərbaycan
Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın
www.azertag.com internet resursunda
tanış olmaq mümkündür.
Azərbaycan.- 2012.- 6 mart.- S. 2.