Milli Məclisin
deputatları, “Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin üzvləri
və bir qrup jurnalist Dağlıq Qarabağ bölgəsinə
səfər etmişlər
Milli Məclisin deputatları, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin və Azərbaycan Parlament Jurnalistləri Birliyinin üzvləri martın 4-də Dağlıq Qarabağ bölgəsinə səfər etmişlər.
Nümayəndə heyəti əvvəlcə Xocavənd Rayon İcra Hakimiyyətində olmuşdur. İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov jurnalistlərə rayonda həyata keçirilən islahatlar, əhalinin durumu barədə ətraflı məlumat vermişdir.
Görüşdə iştirak edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev regiondakı, xüsusən də cəbhəboyu ərazilərdəki mövcud durumdan danışmışdır.
Sonra qonaqlar Dağlıq Qarabağın Xocavənd rayonunun ərazisindəki qədim yaşayış məskəni "Nərgiztəpə"yə səfər etmişlər.
Nümayəndə heyəti hər qarışı uğrunda Vətən oğullarının qanı tökülmüş ərazidə rayon icra hakimiyyətinin təşəbbüsü ilə yaradılmış Şəhidlər abidə-xatirə kompleksini ziyarət etmişdir. Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Şaiq Aslanov məlumat vermişdir ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə Xocavənd rayonunun "Nərgiztəpə" adlanan ərazisində memorial abidə-xatirə kompleksi yaradılmışdır. 1993-cü ilin sonları - 1994-cü ilin əvvəllərində Xocavənd istiqamətində qanlı döyüşlər getmiş, rayonun bir hissəsi işğaldan azad edilmişdir. Ərazinin Dağlıq Qarabağın işğaldan azad olunmuş hissəsi olması, orta Tunc dövrünə aid "Nərgiztəpə" maddi mədəniyyət abidəsinin burada yerləşməsi və 1994-cü il aprelin 10-da ümummilli lider Heydər Əliyevin burada Xocavənd taborunun döyüşçüləri ilə görüşərək onlarla söhbət etməsi bu ərazilərin böyük əhəmiyyət daşımasını şərtləndirir. Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə "Nərgiztəpə" ərazisində abidə kompleksi yaradılmış, ümummilli lider Heydər Əliyevin əsgərlərlə görüşdüyü Daşlıtəpə ərazisində xatirə lövhəsi, bu səfəri əks etdirən fotoşəkillərin və əsgərlər qarşısında etdiyi çıxışın əks olunduğu stendlər qoyulmuşdur. Ərazidə döyüşlər zamanı həlak olmuş və yaralanmış Vətən övladlarının xatirə lövhələri quraşdırılmışdır.
"Nərgiztəpə" abidə kompleksinin qarşısında rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir. Şuşa, Xocavənd, Beyləqan və Xocalı rayon icra hakimiyyətlərinin başçıları Bayram Səfərov, Eyvaz Hüseynov, İrşad Əliyev, Şahmar Usubov, Milli Məclisin deputatları Fuad Muradov və Rövşən Rzayev ictimaiyyət qarşısında çıxış etmişlər. Çıxışlarda Azərbaycanın iqtisadi inkişafı, regionda və dünyada artan nüfuzu xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində işğal altında olan torpaqlarımız azad olunacaq, məcburi köçkün həyatı yaşayan insanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Rayon ictimaiyyətinin nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, torpaqlarımızın işğaldan azad olunacağı günə çox qalmadığını vurğulamışlar.
İctimaiyyət nümayəndələri bu cür səfərləri yüksək qiymətləndirmiş, xarici qonaqların da bölgəyə səfərlərinin təşkilini təklif etmişlər.
Sonda Parlament Jurnalistləri Birliyinin beynəlxalq jurnalist təşkilatlarına, Dağlıq Qarabağın erməni əsilli sakinlərinə, eləcə də bölgədə çalışan jurnalistlərə müraciəti oxunmuşdur.
Bununla da səfər başa çatmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 6 mart.- S. 3.