Dünya Bankı
ilə ədliyyə sahəsində birgə layihə
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu məhkəmə-hüquq islahatları həyata keçirilir və bu zaman nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Dünya Bankı ilə birgə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində 20-dən çox yeni məhkəmə binası və komplekslərinin layihələri hazırlanmışdır. Oğuz rayonunda inşa olunmuş məhkəmə binası dövlət başçısının iştirakı ilə istifadəyə verilmişdir. Müxtəlif regionlarda bir sıra yeni məhkəmə binalarının inşası isə başa çatmaq üzrədir.
Layihənin icrası vəziyyətini, o cümlədən görülən işlərin vaxtında, mütəşəkkil qaydada və keyfiyyətli yerinə yetirilməsini dəyərləndirən Dünya Bankı əlavə vəsaitin ayrılması barədə qərar qəbul etmişdir və bununla əlaqədar Ədliyyə Nazirliyi ilə yeni kredit sazişi imzalamışdır. Bu sazişə əsasən yeni məhkəmələrin və məhkəmə komplekslərinin tikintisi, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi və digər tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Martın 3-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Dünya Bankının Azərbaycan üzrə meneceri Cozef Ouen və layihənin yeni rəhbəri Amit Muherji ilə görüşmüşdür.
Dünya Bankı ilə səmərəli əməkdaşlığı vurğulayan nazir ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə həyata keçirilən layihənin mühüm əhəmiyyətini qeyd etmiş, habelə islahatlardan, xüsusilə Azərbaycanda hakimlərin seçimi prosesindən danışmış, bu prosedurun Avropa Şurası və Avropa İttifaqı tərəfindən müsbət model kimi qiymətləndirildiyini və digər dövlətlərə örnək kimi tövsiyə edildiyini bildirmişdir.
C.Ouen ədliyyə sahəsində qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirmiş, layihənin ən uğurlu və səmərəli icra olunan layihələrdən biri olduğunu bildirmişdir. Qonaqlar ölkəmizin hüquqi nailiyyətlərini təqdir edərək məhkəmə infrastrukturunun müasirləşdirilməsi ilə bağlı Azərbaycanın müsbət təcrübəsinin artıq digər dövlətlərə yayılmasının əhəmiyyətini vurğulamışlar.
Görüşdə həmçinin əməkdaşlıq məsələləri və layihənin icrası üzrə görüləsi tədbirlər müzakirə edilmişdir.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə
tanış olmuşlar.
Azərbaycan.- 2012.- 6 mart.- S. 3.