GUAM-ın Xarici İşlər Nazirləri Şurasının iclası keçirilmişdir

 

Martın 5-də Çexiyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda GUAM-da sədrlik edən Azərbaycanın 2012-ci ildə bu quruma sədrliyinə dair "Azərbaycan Respublikasının Sədrlik Proqramı"na baxılmışdır.

İclasda xarici işlər nazirləri tərəfindən Milli Əlaqələndirmə Şurasına növbəti iclasda Proqramın icrası üçün fəaliyyət planı hazırlamaq tapşırılmışdır. Həmçinin "GUAM ölkələrinin BMT, ATƏT, Avropa Şurası və Vyanada yerləşən digər beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəliklərin qarşılıqlı fəaliyyətinə dair Plan"ın razılaşdırılması barədə də  razılıq əldə olunmuşdur.

XİNŞ Azərbaycanın ATƏT ilə əlaqələri intensivləşdirmək, GUAM-ın baş katibinin Vyanaya səfərinin təşkili, eyni zamanda, ATƏT-in Daimi Şurasında çıxış etməsi təşəbbüsünü alqışlamışdır. XİNŞ, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində GUAM-ın üzvü olan ölkələrin əməkdaşlıq və əlaqələndirmə məsələləri  müzakirə edilmişdir.

Xarici işlər nazirləri Azərbaycan tərəfinə Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi ilə bağlı təşəbbüsünə görə təşəkkür etmişlər.

 

* * *

 

Çexiyada  işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olunmuşdur.

Azərbaycanın xarici işlər nazirinin ukraynalı həmkarı ilə keçirdiyi görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələsi və regionda cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 3.