İnsan hüquqlarının təminatı dövlət siyasətinin əsas meyarıdır

 

 Ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir.

Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu istiqamətdə növbəti addımlardan biri də ölkə Prezidenti tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın qəbul olunmasıdır.

Proqramın ayrı-ayrı müddəalarının təhlilinə keçmədən öncə istərdim ki, müasir cəmiyyətimizdə beynəlxalq səviyyədə insan hüquqlarının təminatı məsələlərinə, ölkəmizin bu sahədə inkişaf yoluna nəzər yetirək.

İnsanların ayrılmaz, təbii hüquqlara malik olması, bu hüquqların təminatı ideyaları inkişaf etdikcə bir sıra mükəmməl sənədlərin, o cümlədən beynəlxalq miqyasda hamılıqla qəbul olunmuş prinsip və konvension normaların formalaşdırılmasının labüdlüyü gündəmə gəlmiş, İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu ağır nəticələr daha mükəmməl müdafiə mexanizmlərinin işlənib hazırlanması üzərində dünyanın mütərəqqi qüvvələrini ciddi düşünməyə vadar etmişdir. 

Beləliklə, XX əsrin ortalarından insan hüquqlarının beynəlxalq səviyyədə inkişafı və təşviqi mərhələsi başlamışdır. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, habelə sonrakı dövrlərdə "Mülki və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" 1966-cı il tarixli Beynəlxalq Paktları qəbul etmişdir. Bundan əlavə, 1976-cı ildə "Mülki və siyasi hüquqlar haqqında" Pakta dair Birinci Fakültativ Protokol, 1989-cu ildə isə Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokolu qəbul olunmuşdur. Həmin fundamental sənədlər İnsan hüquqları haqqında Beynəlxalq Bill adlanaraq bu sahədə beynəlxalq standartların əsasını təşkil etmişdir.

Qeyd olunmalıdır ki, Ümumdünya Bəyannaməsinin məqsəd və məramları, həmçinin Avropa Şurası tərəfindən qəbul olunmuş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada (1950-ci il), Avropa Mədəniyyət Konvensiyasında (1954-cü il), Terrorizmin qarşısının alınması haqqında Konvensiyada (1977-ci il), Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasında (1995-ci il), Avropa Sosial Xartiyasında (1996-cı il) və ATƏT səviyyəsində imzalanmış 1975-ci il Helsinki yekun Aktında, 1990-cı il Yeni Avropa üçün Paris Xartiyasında, digər beynəlxalq sənədlərdə özünün gələcək inkişafını tapmışdır.

Azərbaycan Respublikasında 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratmışdır. 2002-ci və 2009-cu illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir.

Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı xüsusi əhəmiyyətə malikdir. Həmin dövrdə ulu öndərimiz tərəfindən təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" bu sahədə ilk fundamental sənəd olmaqla:

- qanunvericilik və institusional islahatların aparılmasına;

- demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sisteminin, konstitusiya nəzarətinin, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatın yaradılmasına;

- hüquq-mühafizə fəaliyyətinin təkmilləşdirilməsinə;

- qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişlənməsinə və digər istiqamətlər üzrə inkişafa təkan vermişdir.

Təsadüfi deyil ki, ilk Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i ölkə başçısının 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycanda insan hüquqları günü elan edilmişdir. Maraqlı və mahiyyət etibarilə böyük rəmzi məna daşıyan məqam odur ki, məhz həmin tarixdə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən "İnstitusional quruculuq paketi" qəbul edilmiş və bu paket çərçivəsində BMT-yə üzv olan dövlətlərdə insan hüquqları sahəsində vəziyyəti qiymətləndirməyə imkan yaradan yeni universal dövri icmal mexanizmi təsis edilmişdir.

Ölkəmiz tərəfindən təsdiq edilmiş 1950-ci il Avropa Konvensiyasının implementasiyası istiqamətində mühüm addımlardan biri kimi "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" 24.12.2002-ci il tarixli Konstitusiya Qanununun qəbul edilməsini də xüsusi vurğulamaq lazımdır.

Sonrakı mərhələdə ölkə Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" bu sahədə Dövlət Proqramının fəlsəfəsini inkişaf etdirmişdir. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.

Yeni çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların nəzərə alınması baxımından Milli Fəaliyyət Planı ölkəmizin siyasi sahədə milli maraqlarından biri olan insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının, o cümlədən ən kövrək nümayəndələrinin hüquqlarının qorunmasının gücləndirilməsində yeni mərhələnin başlanğıcı olmuşdur.

Respublikamızda gedən demokratikləşmə prosesi, ictimai həyatın bütün sahələrində aparılan uğurlu islahatlar, beynəlxalq miqyasda əldə olunmuş nailiyyətlər insan hüquqları kimi həssas və daim konseptual yanaşmaların müəyyən olunmasını tələb edən sahədə tənzimləyici milli mexanizmlərin daha da təkmilləşdirilməsini və ardıcıl tədbirlərin həyata keçirilməsini vacib edir.

Bu baxımdan dövlət başçısının 27.12.2011-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyaraq, eyni zamanda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəflərinə yönəlmişdir.

Çoxşaxəliliyi və mütəmadiliyi ilə fərqlənən, mühüm və konseptual sənəd olan bu Proqramın hazırlanması prosesində müsbət beynəlxalq təcrübədən istifadə olunmuşdur. Bu sənəd həqiqi işlək xarakterə malik olmaqla, hər bir dövlət orqanı qarşısında konkret mühüm vəzifələr qoyur. Mahiyyət etibarilə 2006-cı ildə qəbul olunmuş Milli Fəaliyyət Planı və hazırkı Proqram bir-biri ilə bağlıdır və eyni zamanda yeni Proqram bir sıra yeniliklərlə zənginləşdirilmişdir. Belə ki, 6 fəsil və 75 bənddən ibarət olan Proqramda aşağıdakı istiqamətlər üzrə konkret qanunverici və praktiki tədbirlər müəyyən olunmuş, onların izahı verilmişdir:

 

- normativ-hüquqi bazanın təkmilləşdirilməsi;

- əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi;

- dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi;

- insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri;

- insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq;

- proqramın həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi.

 

Sənəddə qadınların, uşaqların, həbs yerlərində saxlanılan şəxslərin (müvafiq qanun layihəsi Milli Məclisin yaz sessiyasında ikinci oxunuşdan keçmişdir), miqrantların, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının daha etibarlı təmin olunması, habelə hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyən edilməsi, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə və digər sahələrdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi planlaşdırılır. Və bu zaman hüquqi aktların layihələri hazırlanarkən ölkəmizin Konstitusiyasında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutularaq onların beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.

Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin - qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Və bu baxımdan yoxsulluğun azaldılması, məşğulluğun təmin olunması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə artıq qəbul olunmuş müvafiq xüsusi dövlət proqramlarının icrasına Milli Fəaliyyət Proqramı kontekstindən yanaşılmalıdır.

Proqrama uyğun olaraq dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması və bu sahədə institusional islahatların həyata keçirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi, hakimlərin və hakimliyə namizədlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının və vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə olunması, məhkəmə qərarlarının vaxtında və dəqiq icra edilməsi üçün icra işinin səmərəliliyinin yüksəldilməsi, habelə vəkillik institutunun gücləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi məsələləri mühüm istiqamətlər sırasındadır.

Milli Fəaliyyət Proqramında insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilərək əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə ixtisaslaşmış beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi, bu sahədə beynəlxalq sənədlərin, xüsusilə də İnsan Hüquqlarına dair Avropa Konvensiyasının, işgəncələr əleyhinə Konvensiyanın dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öyrənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur.

Proqramda BMT-nin müxtəlif təsisatları, o cümlədən insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESCO, UNİCEF, habelə Avropa Şurası, Avropa İttifaqı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarla birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanır.

Qeyd etməliyəm ki, Milli Fəaliyyət Proqramının 26 bəndi üzrə icra orqanı qismində Ədliyyə Nazirliyi müəyyən edilmiş, o cümlədən 8 bəndində nazirlik əsas icraçı qurum kimi əks olunmuşdur. Proqramın icrası üzrə irəli gələn vəzifələr təxirə salınmadan nazirliyin 29.12.2011-ci il tarixli kollegiya iclasında geniş müzakirə edilmiş, sənədin ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi və mütəşəkkil icrasının təmin olunmasına dair tapşırıqlar verilərək müvafiq istiqamətlər üzrə onun həyata keçirilməsinə başlanılmışdır. İctimaiyyətin maarifləndirilməsi, habelə gündəlik fəaliyyətdə istifadə edilməsi məqsədilə kollegiyanın qərarına əsasən Proqramın Azərbaycan və ingilis dilində mətnlərindən ibarət toplu böyük həcmdə buraxılmışdır.

Milli Fəaliyyət Proqramının icrasının əlaqələndirilməsinin İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) rəhbərliyi ilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət xüsusi işçi qrup tərəfindən həyata keçirilməsi və işi barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumatın təqdim olunması, habelə bu sahədə vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın təsbit edilməsi Proqramın işlək sənəd olmasını bir daha nümayiş etdirir. Eyni zamanda Proqramda onun müntəzəm qaydada yeniləşdirilə bilməsi müddəasının əks olunması fəaliyyətinin davamlılığına və səmərəliliyinə imkan yaradır.

Proqramda müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi onun icrasına cavabdeh olan qurumların, vəzifəli şəxslərin məsuliyyət hissinin və tələbkarlığının daha da artırılmasını vacib edir.

Danılmaz həqiqətdir ki, dövlət orqanlarının səmərəli fəaliyyəti, qarşıda duran vəzifələrin və funksiyaların uğurla yerinə yetirilməsi, ilk növbədə yüksək ixtisaslı, müasir dünyagörüşünə malik, ədalətli, prinsipial və bacarıqlı kadrların sayəsində mümkündür. Dövlət məmurları insan hüquqlarının səmərəli və etibarlı təmin olunması kimi ümumdövlət maraqlarını rəhbər tutmağa borcludurlar. Hər bir məmur ilk öncə insan hüquqlarının təmin olunmasının onun ümdə vəzifəsi olduğunu dərk etməlidir.

Beləliklə, tam əsasla vurğulaya bilərik ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" ulu öndərimiz tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə real zəmanət verir".

 

 

 Toğrul MUSAYEV

Azərbaycan Respublikası ədliyyə

nazirinin müavini, II dərəcəli dövlət

ədliyyə müşaviri

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 4.