Məzahir Pənahov: Rusiyada keçirilən prezident seçkiləri ən yüksək səviyyədə təşkil olunmuşdur

 

 Moskvada Azərbaycan Milli Məclisinin deputatlarından və Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələrindən ibarət müşahidəçi qrupuna rəhbərlik edən MSK-nın sədri Məzahir Pənahov AzərTAc-ın müxbirinə verdiyi müsahibədə demişdir: "Bu seçkilər Rusiya üçün böyük əhəmiyyəti olan mühüm siyasi hadisədir. Prezident seçkiləri ən yüksək səviyyədə təşkil olunmuşdur. Seçkilərin tam şəffaflığı təmin edilmişdir. Azərbaycandan olan müşahidəçilər səhər tezdən müxtəlif seçki məntəqələrində seçkilərin gedişini izləmişlər.

M.Pənahov vurğulamışdır ki, Rusiyanın Mərkəzi Seçki Komissiyası xalqın öz iradəsini sərbəst ifadə etməsi və səsvermə prosesinin şəffaflığı üçün hər cür lazımi tədbir görmüşdür. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, 95 min seçki məntəqəsinin hamısında veb-kameralar quraşdırılmışdı. Bu təcrübə ilk dəfə olaraq Azərbaycan Prezidentinin təklifi və tapşırığı ilə ölkəmizdə keçirilən seçkilərdə tətbiq olunmuşdu.

Azərbaycan MSK-nın sədri qeyd etmişdir ki, RF MSK-nın sədri Vladimir Çurov ilə görüşdə də Rusiya rəsmisi videomonitorinq təcrübəsinin ilk dəfə məhz Azərbaycanda tətbiq olunduğunu vurğulamışdır.

M.Pənahov həmçinin demişdir ki, beynəlxalq müşahidəçilərin, müxtəlif qeyri-hökumət təşkilatlarının və KİV-lərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Seçicilərin fəallığı müşahidə edilmişdir. Günün birinci yarısında Rusiyada seçicilərin 30 faizindən çoxu seçkilərdə iştirak etmişdir.

164 nömrəli seçki məntəqəsində seçki prosesini müşahidə edən M.Pənahov qeyd etmişdir ki, Moskva vaxtı ilə saat 14:00-dək bu məntəqədə seçicilərin 35 faizindən çoxu iştirak etmişdir. Bu, bir məntəqə üçün yaxşı göstəricidir. Belə ki, adətən paytaxtda seçicilərin fəallığı regionlara nisbətən aşağı olur.

Rusiyada keçirilən prezident seçkilərində Azərbaycan müşahidəçilərinin geniş formatda təmsil olunmasını şərh edən  M.Pənahov demişdir ki, bu, təbiidir. Çünki Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə, o cümlədən iki ölkənin MSK-ları arasında əməkdaşlıq yüksək səviyyədədir. İki ölkənin MSK-ları arasında əlaqələr 2003-cü ildən yaradılmış və bugünədək yüksək səviyyədə inkişaf edir.

 

 

 Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 4.