Azərbaycan ilə Tacikistan arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilmişdir

 

 Tacikistan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə, Düşənbədə keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının birinci iclası çərçivəsində dövlət başçısı Emoməli Rəhmon Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevi qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında əməkdaşlığın indiki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

Bildirilmişdir ki, Düşənbədə ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının birinci iclasının keçirilməsi əlaqələrimizin inkişafına təkan verəcəkdir.

Qeyd olunmuşdur ki, tərəflər siyasi əlaqələrin daha da möhkəmləndirilməsi, həmçinin ticarət-iqtisadi, sərmayə qoyuluşu, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar.

Görüşdə ölkələr arasında yük daşımalarının həcminin artırılması, nəqliyyat potensialının gücləndirilməsi məsələləri də diqqət mərkəzində olmuşdur.

Tərəflər regional və beynəlxalq problemlər ətrafında da fikir mübadiləsi aparmışlar.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov görüşdə iştirak etmişdir.

 

* * *

 

Martın 5-də  Düşənbədə ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının birinci iclası öz işini başa çatdırmışdır.

İclasda komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

Ş.Mustafayev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə ölkəmizdə aparılan iqtisadi islahatlarsosial-iqtisadi vəziyyət haqqında geniş məlumat vermiş, bildirmişdir ki, Azərbaycan tərəfi Tacikistanla bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafına böyük diqqət verir.

Komissiyanın iclasında tərəflər Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi münasibətlərin bugünkü vəziyyəti haqqında ətraflı söhbət etmiş, ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışlar.

Qeyd edilmişdir ki, ölkələrimiz arasında ticarət-iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi hər iki tərəfin mənafeyinə uyğundur. Deyilmişdir ki, indiyədək ölkələrimiz arasında bütün sahələri əhatə edən 21 sənəd imzalanmışdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 21,1 milyon dollar olmuşdur ki, bu da mövcud imkanlara cavab vermir.

İclasda Azərbaycan ilə Tacikistan arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, neft-qaz, sərmayə qoyuluşu, təhsil, mədəniyyət, səhiyyə, ətraf mühitin mühafizəsi, turizm, idman, gənclər siyasəti və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri də müzakirə edilmişdir.

İclasın yekunu ilə bağlı birgə protokol imzalanmışdır.

Komissiyanın iclasında Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov iştirak etmişdir.

 

 

 Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 4.