Fransa Konstitusiya Şurası fransız xalqını böyük rüsvayçılıqdan xilas etdi

 

Fransa Konstitusiya Şurasının uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunla bağlı çıxardığı ədalətli qərar Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti tərəfindən birmənalı şəkildə dəstəklənir. Fransanın praqmatik siyasətçiləri Azərbaycanın xüsusi həssaslıqla yanaşdığı belə bir antidemokratik qanunun qüvvəyə minməsinin iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcəyini Fransa cəmiyyətinin və siyasi dairələrin diqqətinə çatdırdılar. Qanunun ləğvi ilə bağlı Konstitusiya Şurasına müraciət edilməsi üçün imza toplanılmasında Fransa-Azərbaycan dostluq qrupunun da böyük xidməti oldu. Fransa prezidenti Nikola Sarkozinin qondarma "erməni soyqırımı" ilə bağlı yeni bir qanun layihəsinin hazırlanmasına göstəriş verməsi isə ciddi narahatçılıq yaratmayıb. Politoloqlar hesab edirlər ki, N.Sarkozinin Fransada prezident seçkiləri ərəfəsində belə bir bəyanatla çıxış etməsi yenidən erməni lobbisinin dəstəyini qazanmaq niyyəti ilə bağlıdır.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynov bildirir ki, Fransa Konstitusiya Şurasının çıxardığı ədalətli qərar başqa dövlətlər üçün də bir dərs olmalıdır. Onun fikrincə, Fransada həmin qanunun qüvvəyə minməsini istəyənlərlə yanaşı, sənədin demokratiyanın təməl prinsiplərinə zidd, Fransanın tarixən apardığı haqsevərlik yolunun əksinə gedən bir hadisə olduğunu təkid edənlər də var: "Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) bizim fəaliyyətimizə dəstək vermiş və bu gün Fransa Senatında çox mühüm mövqelərə malik olan Natali Qule bu hadisələr başlandığı zamandan aktiv şəkildə qanunazidd sənədin qəbul olunmaması üçün mübarizəsini davam etdirdi".

Deputatın sözlərinə görə, Fransa Konstitusiyası 1791-ci ildə qəbul olunduqda əsas sənəddə demokratiyanın təməl prinsipləri müəyyənləşib. Sonradan dünyanın bir çox ölkələri həmin təməl prinsiplərini əsas götürüblər. Konstitusiya Şurasının həmin demokratik prinsiplərə zidd olan qanunu ləğv etməsi tamamilə qanunauyğundur. "Bu, haqqın, ədalətin qələbəsidir. İnanıram ki, Azərbycanın və Türkiyənin, bütövlükdə bəşəriyyətin erməniçiliklə üz-üzə dayandığı bütün məsələlərdə mütləq qalib gələcəyik. Erməni siyasətini dəstəkləyən qüvvələr də bundan ibrət dərsi almalıdırlar" - deyə Rafael Hüseynov əlavə edib.

Prezident Nikola Sarkozinin ermənilərin xeyrinə olan yeni qanun layihəsinin hazırlanması ilə bağlı verdiyi göstərişə gəlincə isə deputat hesab edir ki, bu, yalnız seçki kampaniyası ilə bağlı verilmiş bəyanatdır: "Hər bir prezidentliyə namizəd seçki öncəsi belə fikirlər səsləndirə bilər. Çünki Fransada keçirilən prezident seçkilərində erməni diasporu 4 faiz səs təşkil edir və prezident Nikola Sarkozi həmin erməni diasporuna əvvəllki seçkidə üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyini bildirmək istəyir. Onun yenidən bu formada başqa bir qanun layihəsinin hazırlanmasına göstəriş verməsi indiki seçkilərdə də ermənilərdən səs almaq niyyətində olduğundan xəbər verir".

Rafael Hüseynovun sözlərinə görə, məlum qanunun ləğv edilməsi həm Azərbaycan və Türkiyənin birgə səylərinin, həm də Fransa Senatında olan mütərəqqi qüvvələrin təsirindən də asılı oldu: "AŞ PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyəti bu məsələdə fəal iştirak etdi. Azərbaycan hökuməti bu məsələdə davamlı olaraq öz ciddi etirazını bildirdi. Digər tərəfdən Xocalı soyqırımının dünya tərəfindən tanınması istiqamətində Azərbaycanın atdığı addımlar həmin məsələyə olan diqqəti bir az da artırdı və bunun da problemin həllində kifayət qədər təsiri oldu".

Milli Məclisin deputatı Musa Qasımlı da Fransa Konstitusiya Şurasının çıxardığı qərarı birmənalı olaraq ədalətli qərar adlandırdı. Onun fikirincə, Konstitusiya Şurası Fransa üzərinə erməni lobbisi tərəfindən atılan ləkəni yuyub və əslində, bu, respublikanı və fransız xalqını böyük rüsvayçılıqdan xilas etdi. Bir neçə deputatın qəbul etdiyi qanun heç də Fransa xalqının və dövlətinin iradəsi demək deyil: "Fransa dünya demokratiyasına azadlıq, bərabərlik, qardaşlıq şüarları gətirib. Senatın qəbul etdiyi bu qanunda isə azadlıq, bərabərlik və qardaşlıqdan əsər-əlamət yox idi. Fransa iki mübahisə edən tərəfin mübahisəsinə qarışıb və özünü tərəf kimi göstərib. Amma Konstitusiya Şurası bu rüsvayçılığı aradan qaldırıb. Nikola Sarkozi isə yeni qanun layihəsinin hazırlanması ilə bağlı göstəriş verəcəyini açıqlayıb. Mən bu qanunun belə tez sürətlə hazırlanacağına inanmıram. Çünki Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı parlament fasiləyə çıxacaq. Yeni bir qanun hazırlanması yalnız seçkilərdən sonra baş tuta bilər". Musa Qasımlı düşünür ki, Nikola Sarkozi növbəti dəfə seçilərsə, bu qanun layihəsini yeni variantda gündəliyə gətirə bilər. Seçilməyəcəksə, belə bir qanun layihəsinin gündəmə gəlmə ehtimalı çox azdır.

Musa Qasımlı insan hüquq və azadlıqlarına zidd olan qanunun ləğvində Azərbaycan və Türkiyənin böyük xidmətinin olduğunu söylədi: "Bu məsələ gündəmə gəldiyi ilk andan Azərbaycan daim Türkiyənin yanında oldu və onun haqq işini dəstəklədi. Azərbaycan bu məsələdə təkcə ikitərəfli əlaqələrlə kifayətlənməyərək digər ölkələrlə də məsləhətləşmələrini apardı və nəticədə Konstitusiya Şurası tarixi gerçəkliyi əks etdirən demokratik qərar çıxardı".

 

 

 Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 5.