Sumqayıt hadisələri - erməni təxribatının qanlı fəsadları

 

 1988-ci il fevralın 27-28-də Sumqayıtda ermənilər tərəfindən öncədən planlaşdırılmış qanlı hadisələrdən bizi çox da böyük olmayan bir zaman kəsiyi ayırır. 24 illik bir tarixdən boylanıb baxanda həmin hadisələr zamanı öncədən görünməyən tərəflər  aydınlaşır, ermənilərin Sumqayıtda törətmək istədikləri növbəti "genosid" planları tam çılpaqlığı ilə üzə çıxır.

Bu faktlar istintaq proseslərində tam sübuta yetirilmişdir. Dünyanın hər hansı bir nöqtəsində yaşayan ermənilər çox yaxşı bilirlər ki, törədilən hadisələr özlərinin əməlləridir. Yalan və iftiralarla "zəngin" tarixə malik olan ermənilər həmişə qarşılarına qoyduqları məkrli məqsədə yetmək üçün hər cür vəhşilikdən, terrordan, insanlığa sığmayan qanlı cinayətlərdən, hətta öz adamlarının qanını belə, tökməkdən çəkinməyiblər. Sumqayıtda tüğyan edəcək hadisələrin kökünü  araşdıranda bunun bir qədər əvvəllərə gedib çıxdığını görürük. Qırmızı imperiya ötən əsrin 80-ci illərində yavaş-yavaş dirəklərini itirməkdə idi. Bir-birinin ardınca baş verən hakimiyyət dəyişiklikləri bu prosesi sürətləndirirdi. 1985-ci ildə K.U.Çernenko vəfat etdikdən sonra M.S.Qorbaçov hakimiyyətə gətirildi. Qorbaçovun hakimiyyətə gətirilməsində ermənipərəst qüvvələr böyük rol oynamışdılar. Buna  görə də onlar M.Qorbaçovun ətrafında cəmləşdilər. Belə ki, M.Qorbaçovun siyasi məsələlər üzrə köməkçisi Şahnazaryan, iqtisadi məsələlər üzrə köməkçisi A.Aqanbekyan, Dövlət Plan Komitəsi sədrinin birinci müavini Sitaryan və başqaları milliyətcə erməni idilər. Onlar hakimiyyətdə tutduqları mövqedən istifadə edərək Qorbaçovu tam mənada ələ ala bildilər. M.Qorbaçova yaxın olan Aqanbekyanın 1987-ci ildə Fransada aşağıdakı məzmunda çıxışı gələcək böyük fəlakətlərdən xəbər verirdi: "Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm, ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz əksini tapacaqdır". Məhz Parisdəki bu çıxışı uzun illər öncədən hazırlanmış Dağlıq Qarabağı Ermənistana birləşdirmək planı üçün bir qığılcım oldu. Bir qədər sonra Xankəndidə və Yerevanın teatr meydanında arası kəsilməyən mitinqlər başlandı.

1988-ci ilin fevralından ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın dağlıq hissəsini qoparıb Ermənistana birləşdirmək üçün açıq fəaliyyətə başladılar. Onlar öz ərazilərində yaşayan dinc əhaliyə - azərbaycanlılara təzyiq göstərməyə başladılar. Separatçı "Qarabağ" və "Krunk" komitələri dünyanın hər yerində yaşayan ermənilərə müraciət qəbul edərək onları "böyük Ermənistan" arzularının reallaşacağı gün uğrunda mübarizəyə səslədilər. Respublikamızın müxtəlif regionlarında yaşayan ermənilər uzun illərdən bəri gizlincə yığdıqları maliyyə bazalarından istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün ümumerməni hərəkatına qoşulmağa çağırdılar. Məhz həmin günlərdə yığılan pullar "hərəkətə" gətirildi və ermənilərin daha çox yaşadıqları Sumqayıtda qanlı hadisələrin baş verməsinə qərar verildi. Kökü Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə üst-üstə düşən Sumqayıt hadisələri ermənilərə yeni bir planın əsasını qoymağa şərait yaratdı.

Fevralın 19-dan başlayaraq Yerevanda keçirilən kütləvi mitinqlərdə "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürülməyə başlandı. Bir neçə gün sonra Yerevanda salamat qalmış yeganə məscid  və azərbaycanlıların təhsil aldığı orta məktəbin, C.Cabbarlı adına Yerevan Azərbaycan Dram Teatrının binaları yandırıldı. Bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular.

Yerevanda bunlar törədilən zaman Sumqayıt faciəsinə hazırlıq işləri aparılırdı. Fevralın 24-də Əsgəranda Dağlıq Qarabağ münaqişəsinin ilk şəhidləri, iki ağdamlı gənc - Bəxtiyar və Əli həlak oldu. Həmin günlərdə Ermənistandan respublikamıza soydaşlarımızın axını gücləndi. Sumqayıta da çoxlu insanlar gəldi.

Fevralın 25-də Ermənistan milli televiziyası ilə çıxış edən katalikos Vazqen Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təbii hal kimi qiymətləndirdi və əzəli Azərbaycan torpaqlarının güya "arsaq" yurdu olduğunu bildirdi. Vazqen çıxışında keçmiş SSRİ rəhbəri Mixail Qorbaçova teleqram vurduğunu və müsbət cavab aldığını qeyd etdi. "Bizim işimiz haqq işidir. Mən sizi əmin edirəm ki, Dağlıq Qarabağ məsələsi Moskvada, SSRİ-də millətlərin öz müqəddəratını təyin etmək hüququna əsasən həll olunacaqdır". Vazqenin bu çıxışı Ermənistanda böyük əks-səda doğurdu. Həmin dövrdə Ermənistanda Kommunist Partiyasının bu işə birbaşa dəstək verməsi onu sübuta yetirir ki, onlar da Qorbaçovun "razılığından" xəbərdardırlar.

Nəhayət, fevralın 28-də ermənilər öncədən hazırladıqları qətliamları həyata keçirməyə başladılar. Sumqayıt hadisələrindən bir neçə gün qabaq "Qarabağ" və "Krunk" komitələrinə uzun illər yardım  edən ermənilər artıq şəhəri tərk etmişdilər. Onlar şəhəri tərk edən zaman mağazalarda olan qiymətli zinət əşyalarını alaraq özləri ilə götürmüşdülər. Bu komitələrin üzvləri Sumqayıtda yaşayan, lakin şəhəri tərk etmək istəməyən erməni soydaşlarının siyahısını da öncədən müəyyənləşdirmişdilər. Onlar daşnakların Sumqayıtda törədəcəyi cinayətin qurbanları olmalı idilər. Həmin siyahıları şəhərdə özləri tərəfindən talanlar törədən komitə üzvlərinə paylamışdılar. Hadisələri lentə almaq üçün də qabaqcadan hər cür şərait yaradılmışdı. Dünyanın bir çox ölkələrindən, eləcə də Ermənistanın özündən əvvəlcədən planlı şəkildə hazırlanan hadisələri lentə almaq üçün operatorlar, fotoqraflar bu şəhərə üz tutmuşdular. Məhz o vaxtkı hökumət rəhbərlərinin gözü qarşısında baş verəcək cinayətin planı gündən-günə şişməkdə idi. Fevral ayı başlayandan ermənilər əmanət kassalarına qoyduqları bütün pulları belə, geri almışdılar.

Sumqayıt hadisələrindən bir neçə gün əvvəl ermənilər yaşayan evlər xüsusi adamlar tərəfindən işarələnmişdi. Təsəvvürə gətirin ki, fevralın 27-28-də Sumqayıtda iğtişaşlar törədilir, ermənilər öz millətlərindən olan insanları qəsdən qətlə yetirir, SSRİ-nin o vaxtkı hərbi prokuroru Katusev Bakıda ola-ola Sumqayıtda baş verənlərin qarşısı dərhal alınmır. Azərbaycanı fakt qarşısında qoymaq üçün onlar güc strukturlarını işə salmağa tələsmirlər, çünki bu faciənin miqyası mütləq genişlənməli idi. Sumqayıtda baş verən qanlı hadisələr əslində erməni terror təşkilatlarının işi idi və bu iğtişaşlar SSRİ DTK-sı tərəfindən idarə olunurdu.

Hadisələrdən iki gün sonra ölənlərin siyahısı üzə çıxdı. Məlum oldu ki, onların əksəriyyəti Dağlıq Qarabağdandır. Erməni millətçiləri öz soydaşlarını Sumqayıtda öldürməklə Xankəndidə başlanan mitinq dalğasını gücləndirmək istəyirdilər və  buna nail ola bildilər də.

Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələndi, amma şahid ifadələri əsl günahkarın əslində erməni Eduard Qriqoryan olduğunu sübut etdi.

Məhz həmin günlərdə şəhər əhalisinin sayıqlığı nəticəsində yüzlərlə erməni ailəsi qəddar qriqoryanlardan qoruna bildi. Çünki Sumqayıtda yaşayanların çoxu bir-birini tanıyırdı. Minlərlə azərbaycanlı ailəsi ermənilərə öz evlərində sığınacaq verdi. Buna görə də hadisələrin daha geniş miqyas almasının qarşısı alındı.

Qətllərdə birbaşa iştirak edən Eduard Qriqoryan sonralar belə bir ifadə vermişdi: "Atam erməni anam isə rusdur. O, evə içib gələr, anamı yerli-yersiz döyər, onu təhqir edərdi. Bütün bunlara görə mən ermənilərdən intiqam almaq istəyirdim və aldım da". İstintaq gedəndə bəlli oldu ki, qətlə yetirilən ermənilərin bir çoxu "Krunk" erməni terror təşkilatına üzvlük haqqı ödəməyənlərdir. İkicə gün sonra Xankəndidə keçirilən mitinqdə çıxış edən Silva Kaputikyan öldürülən erməniləri yazdığı şeirlə "tərənnüm" etmişdi. Sonda yana-yana dilinə gətirmişdi ki, necə yənı, bir erməni uşağı tapılmadı qətlə yetirəsiniz. Əgər ölənlərdən bircəciyi uşaq olsaydı, mən sizin hamınızın əlindən öpərdim.

Keçmiş SSRİ Baş Prokurorluğunda Sumqayıt hadisələri ilə bağlı 444 nəfərə cinayət işi açılmış, onlardan 400 nəfəri 10-15 sutka saxlandıqdan sonra buraxılmış, bir neçəsi isə uzunmüddətli həbs cəzasına məhkum edilmişlər. Keçmiş SSRİ Prokurorluğu Baş İstintaq İdarəsinin rəis müavini V.Nenaşevin və SSRİ Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə müstəntiq V.Qalkinin başçılıq etdikləri istintaq araşdırmalarında SSRİ DTK-nın və Hərbi Prokurorluğunun əməkdaşları iştirak etmişlər. Həmin qrup baş vermiş hadisələrin səbəblərini cinayətlərin törədilməsi üçün yaradılmış şəraiti, təşkilatçıları düzgün müəyyənləşdirməmiş,  ermənilərin özləri tərəfindən törədilən cinayət hadisələrini ört-basdır etmək üçün qondarma şahidlərin ifadələrinə əsaslanaraq yanlış ittihamnamələr hazırlayaraq keçmiş İttifaqın müxtəlif məhkəmələrində baxılmaq üçün təqdim etmişlər. 1988-ci ilin 18 oktyabr - 18 noyabr tarixlərində Moskvada Ə.Əhmədovun, Y.Cəfərovun, T.İsmayılovun cinayət işlərinə baxılmışdır. Ə.Əhmədov heç bir hüquqi dəlil-sübut olmadan hadisələrin "təşkilatçısı" kimi güllələnməyə məhkum edilmişdir. Məhkəmə tərəfindən qəbul edilən bu hökm nə az, nə çox - 17 ay sonra Moskvada icra olunmuşdur. Həmçinin Sumqayıt şəhər sakinləri Elçin Gəncəliyev təcridxanada müəmmalı şəkildə öldürülmüş, T.İsmayılov isə 15 il müddətinə azadlıqdan məhrum edilərək siyasi məhbus kimi Tbilisiyə göndərilmişdi. Bir neçə ay sonra o da orada ölmüşdü.

Ermənilər Sumqayıtda törədilən fevral hadisələrindən istifadə edərək dünya ictimaiyyətinin nəzərində azərbaycanlıların qaniçən, qəddar obrazını yaratmağa, onlarla birgə yaşamağın qeyri-mümkünlüyünü sübuta yetirməyə çalışırlar. Sumqayıt sakinləri isə bu günədək ermənilər tərəfindən törədilən hadisələrə həqiqi qiymət veriləcəyi günü gözləyirlər. Çünki illərlə aparılan araşdırmalar sübut edir ki, məhz Sumqayıt hadisələri Dağlıq Qarabağ münaqişəsinin ön sözü, ermənilərin dünya ictimaiyyətinə göstərmək istədikləri növbəti planları imiş.

Tarix boyu yüzlərlə faciələr olmuş, bəşər övladları bu qətliamların qurbanlarına çevrilmişlər. Lakin öz millətinə, xalqına ölüm hökmü verənlər isə çox az tapılıb. Bu siyahıya isə başçılıq edən ermənilərdir.   

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 5.