Gözəlliklər məskəni

 

Bu yerlər elə əzəldən gözəl olub. Necə deyərlər, təbiət Tovuza hər neməti bəxş edib. Göz işlədikcə uzanan yamyaşıl çöllər, abad, rahat yollar, gündüşməz dərələrin, başı qarlı dağların arası ilə uzanan məxməri vadilər, yamyaşıl meşələr şırhaşır axan çaylarE Son illərdə isə qayğıkeş insan əli bu yerləri daha da gözəlləşdirib, tanınmaz edib.

Tovuzun bugünkü cah-cəlalı bölgələrin yüksəlişinə dövlət tərəfindən göstərilən tükənməz qayğı və diqqətin bəhrəsidir. Prezident İlham Əliyev dəfələrlə bu yerlərdə olub. Hər gələndə də yeni-yeni yadigarlar yaranıb.

Keçən ilin fevral ayını tovuzlular indi də ehtiramla yad edirlər. Prezident İlham Əliyev Olimpiya idman kompleksinin, süd zavodunun, istirahət parkının, Tovuz-Böyük Qışlaq-Qaralar yolunun açılışında iştirak etdi, rayonda görülən abadlıq-quruculuq işləri ilə yaxından tanış oldu. Bölgənin daha sürətli inkişafı üçün tövsiyə və tapşırıqlar verdi.

Tovuzlular dövlət başçısının tövsiyə və tapşırıqlarına layiqincə əməl edir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını uğurla yerinə yetirirlər. Bunu ötən ilin yekunlarından da aydın görmək olar. Rayonda hər sahənin, xüsusən, aqrar bölmənin inkişafı üzrə xeyli iş görülmüşdür. Yüksəliş göz önündədir. Taxıl istehsalı 31,8 faiz artmış, mal-qaranın sayı və məhsuldarlığı xeyli çoxalmışdır.

Son vaxtlarda aqrar sahə sənaye üsulu ilə inkişaf edir. Qəsəbə və kəndlərdə istixanaların düzəldilməsi geniş miqyas alır. Keçən il ilk dəfə olaraq istixana şəraitində on bir hektar sahədə faraş tərəvəz yetişdirilib.

Dövlət proqramının icrası ilə əlaqədar il ərzində 108 hektar üzüm bağı salınıb. Yaxın vaxtlarda plantasiyaların sahəsinin min hektara çatdırılması nəzərdə tutulub. İş adamlarına kömək məqsədilə kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müvafiq baza yaradılıb. Xatınlı kəndində 50, Aşağı Quşçuda 300 tonluq soyuducu kameralar istifadəyə verilib. Hazırda daha iki kameranın və qarışıq yem dəyirmanının tikintisində qızğın iş gedir.

Rayon həyatının hər sahəsində, xüsusən, sosial problemlərin həllində də xeyli iş görülüb. Tovuzçay su anbarının inşasında işlər başa çatmaq üzrədir. Tovuz-Böyük Qışlaq-Qaralar yolu istifadəyə verilib. Əvvəllər Gəncə-Qazax yolu Tovuz şəhərinin içərisindən keçir, müəyyən narahatlıq, gərginlik yaradırdı. Bu problem artıq həll olunub. Şəhərin kənarında dolama yol çəkilib, nəhəng körpü salınıb.

Hazırda Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolu yenidən qurulur. Şəhərdə su və kanalizasiya sistemləri də təzələnir. Keçən il bu sahədə altı milyon manatlıq iş görülüb. İl ərzində rayonun mərkəzində küçələrə asfalt salınıb, qəsəbə və kəndlərdə yollar abadlaşdırılıb. Təkcə Qovlar qəsəbəsində 12 min kvadratmetr sahəyə asfalt-beton döşənib.

Rayonda səhiyyə və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə də xüsusi diqqət yetirilir. Keçən il 80 çarpayılıq xəstəxana binası istifadəyə verilib. İndi isə tibbi diaqnostika mərkəzinin inşasında qızğın iş gedir.

Azaflı, Ağbaşlar, Əhmədabad kəndlərində müasir məktəb binaları istifadəyə verilib. Daha beş məktəbdə isə inşaat işləri gedir.

Binaların görkəmi dəyişdikcə tədrisin keyfiyyəti və şagirdlərin fəallığı da yüksəlir. Mahir Ələkbərov adına şəhər və Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbi ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin qalibi olub. Ən yaxşı müəllim müsabiqəsində isə Puşkin adına şəhər orta məktəbinin xarici dil müəllimi Nuranə Abdıyeva və Mahir Ələkbərov adına məktəbin riyaziyyat müəllimi Rüfət Qasımov birinci yerə çıxıblar. Fərəhli cəhətlərdən biri də budur ki, müharibə bölgəsində yerləşən Tovuz rayonunun gəncləri hərbi biliklərə böyük həvəslə can atırlar. Son dörd ildə 245 nəfər tovuzlu məzun ölkənin ali hərbi məktəblərinə və liseylərinə qəbul olunub.

Havalar get-gedə mülayimləşir. Soyuq günlər arxada qalır. Hər yerdə işlər ahəngdar gedir. Heydər Əliyev seyrəngahında ucalan möhtəşəm Qalanın yanındakı Olimpiya zirvəsindən göz işlədikcə uzanan çöllərə baxırıq. Ağ örpəyə bürünən tarlalar, bağlar, Ceyrançöl qışlağını bürümüş mal-qara naxırları, qoyun-quzu sürüləri bol məhsuldan xəbər verir. Bir sözlə, hamı çalışır ki, Tovuz daha  sürətlə inkişaf etsin, əhali şən-firavan yaşasın, turist cığırları getdikcə daha yüksək dağlara ucalsın.

Qarşıdan təkcə gərgin zəhmət günləri yox, həm də şən istirahət, səyahətlər və turist mövsümü gəlir. Hara gedirsən ürək açılır, hara baxırsan göz oxşayır. Əsrik dərəsi, Göyəbaxan, Çeşməli, Ağqaya yaylaqları, Şamlıq, Qoşabulaq meşələri, Kürün səfalı sahilləri, Bahar, Cökəli, Şahzadə, Loğman, Turşsu, Şırşır, Qələmçə bulaqları gəl-gəl deyir.

Bu qədim diyar tarixi abidələr, qalalar, məbədlərlə də zəngindir. Mülkülü kəndinin yanındakı Torpaqqala şəhərgahı antik dövrdən xəbər verir. Xınna-Xılxına yaşayış məskəni canlı tarixdir. Tovuzun şərqindəki kurqan tunc dövrünün yadigarıdır. Girzan kəndinin məbədi XII əsrdə ucaldılıb. Aşağı Öysüzlüdəki qala-ev deyilənə görə, Koroğlunun adı ilə bağlıdır. Avaztəpə qalası neçə-neçə əsrləri yola salıb. Qonaqlar Yanıqlı kəndinə də gedib Zəyəm çayı körpüsünə, qədim qalaya, məscidə, türbələr məcmusuna böyük maraqla baxırlar.

Dağların qoynunda daha bir müqəddəs guşənin sirri açılır. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Fransa mütəxəssisləri ilə birlikdə "Göytəpə yaşayış məskəni"ndə kəşfiyyat müşahidələri apararaq buradan maraqlı materiallar toplamışlar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün həmin materiallar Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizindən keçirilmişdir. Bəlli olmuşdur ki, "Göytəpə yaşayış məskəni"nin yaş həddi bizim eradan xeyli əvvələ - dördüncü minilliyə gedib çıxır.

Dünya miqyasında "Göytəpə yaşayış məskəni" tipli neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, insanların mütəşəkkil yaşayış tərzinin bərqərar olduğu şəhər mədəniyyətinin formalaşması mərhələsi kimi dəyərləndirilir.

Bu yerlərin qədimliyi bir çox nüfuzlu elmi ocaqlarının böyük marağına səbəb olmuşdur. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzi və Tokio Universiteti əməkdaşlarının iştirakı ilə burada stasionar arxeoloji qazıntılar aparılır.

Göytəpə indi dünyanın hər yerində tanınır, onun tarixi təqdir olunur. 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonun "Britaniya Muzeyi"ndə, yenə həmin ildə Parisin "Kollec-de-Frans" təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstan Milli Tarix Muzeyində Göytəpə materiallarının təqdimatı olmuşdur.

Keçən ilin avqust ayında Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə ilk dəfə olaraq "Cənubi Qafqazın qədim mədəniyyətləri" mövzusunda beynəlxalq layihə çərçivəsində "Gənc arxeoloqların yay məktəbi"nin möhtəşəm tədbiri Göytəpə yaşayış məskəni ərazisində keçirilmişdir.

Göytəpə yaşayış məskəni xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndələrinin də xüsusi maraq dairəsində olmuş, yaxın-uzaq elli qonaqlar buradakı qədim tikili qalıqları və maddi-mədəniyyət nümunələri ilə tanışlıqdan sonra dəyərli fikirlər söyləmişlər.

Tovuz belə Tovuzdur. İqtisadiyyat yüksəlir, abadlıq-quruculuq işləri geniş miqyas alır. Bununla yanaşı, qədim abidələri dünya arxeologiya elminin diqqət mərkəzindədir. Odur ki, havalar mülayimləşdikcə gözəlliklər məskəninə üz tutan qonaqların sayı da artır.

 

 

 Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 6.