Qədim məkan
yeni dövrünü
yaşayır
Yüksək dinamizmlə inkişaf edən Azərbaycan imza atdığı yeni nailiyyətlər sayəsində getdikcə daha da qüdrətlənir. Artıq regionun həlledici söz sahibinə çevrilən Azərbaycanın qazandığı müvəffəqiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri isə qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılmasıdır.
Yaşanan inkişaf ölkənin şimal bölgəsinin sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Şabranın simasında da aydın müşahidə olunur. Regionların inkişafına dair ikinci Dövlət Proqramının icrası nəticəsində indi Şabran sürətli yüksəliş dövrünü yaşayır. Rayonun infrastrukturu yenidən qurulur, müasir tipli istehsal obyektləri yaradılır, ixracyönümlü məhsul istehsalı stimullaşdırılır, əhalinin kommunal xidmətlərlə təminatı yaxşılaşdırılır, məşğulluq səviyyəsi yüksəlir, yoxsulluğun səviyyəsi azaldılır.
Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərindən biri də Şabrana olmuşdur. Vətəndaşlara qayğını gündəlik fəaliyyət prinsiplərindən biri kimi həmişə diqqət mərkəzində saxlayan ölkə başçısı səfər zamanı rayonda son illər aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuş, Heydər Əliyev Mərkəzinin açılışında, Tarix diyarşünaslıq muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi, mədəniyyət sarayı və 80 çarpayılıq rayon xəstəxanasının yeni binasının istifadəyə verilməsində iştirak etmişdir. İctimaiyyət ilə görüşü zamanı rayonda həyata keçirilən layihələrə toxunan Prezident İlham Əliyev bildirmişdir: "Mən Şabran rayonuna dəfələrlə səfər etmişəm, buraya bir neçə dəfə gəlmişəm, vəziyyətlə tanış olmuşam. Deyə bilərəm ki, rayon çox sürətlə inkişaf etmişdir."
Bu gün Şabranda yaşanan tərəqqi çoxşaxəli xarakter daşıyır. Sənaye, digər profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və başqa sahələrdə sürətli inkişaf paralel şəkildə özünü göstərərək biri-birini tamamlayır. Özəl sektorda isə ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması, ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri sırasında yer alır. Eləcə də qeyri-neft sektorunun genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar Şabranda sahibkarlığın inkişafı, onlara dövlət dəstəyinin göstərilməsi istiqamətində konkret tədbirlər həyata keçrilir. Məhz bunun nəticəsidir ki, son dövr fərdi sahibkarlıq subyektlərinin sayı artaraq 2071-ə, özəl müəssisələrin ümumi sayı 242-yə, nisbətən iri istehsal müəssisələrinin sayı 26-ya çatmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, rayonda fəaliyyət göstərən bank filialları tərəfindən sahibkarlıqla məşğul olan 2833 nəfərə 9 milyon 318 min manat kredit verilmişdir.
Sahibkarlığın inkişafı ümumdaxili məhsul istehsalının artım dinamikasında da özünü göstərir. Belə ki, rayonda istehsal olunan sənaye məhsulunun 84,8, kənd təsərrüfatı məhsullarının 99,8 faizi özəl sektorun payına düşür. Bu sahənin inkişafı eyni zamanda, əhalinin məşğulluq probleminin həllinə də öz töhfələrini verir. 2011-ci ildə 494, son 8 ildə isə 5961 iş yeri açılıb ki, onların da çoxu yeni fəaliyyətə başlayan özəl müəssisələrin hesabınadır. Ümumiyyətlə, 8 ildə rayonda sənaye məhsulu istehsalı 7, kənd təsərrüfatı məhsulları istehsalı 6, tikinti-abadlıq sahəsində görülən işlərin həcmi 435 dəfə artmışdır.
Ölkəmizin ərzaq təhlükəsizliyinin
təminatı birbaşa aqrar
sahənin inkişafından asılıdır. Bunu yaxşı başa
düşən şabranlılar, necə deyərlər, bu sahədən ikiəlli
yapışıblar. Elə bu səbəbdəndir
ki, ötən il rayonda kənd təsərrüfatı məhsulları
istehsalı 46 faiz artmışdır. Bu, 21,7 min ton taxıl,
8,4 min ton tərəvəz, 834 ton meyvə, 835 ton üzüm
deməkdir. Onu da bildirək ki, son 4 ildə rayonda meyvəçilik və üzümçülüyə
xüsusi maraq var. Təkcə ötən il meyvə bağları
1439 hektara, üzüm
bağları isə
365 hektara çatdırılmışdır.
Üzümçülükdən söz düşmüşkən
onu da bildirək
ki, Şabranda yaxın keçmişdə
24 min ton üzüm istehsal
edilirdi. Rayon ərazisində
3 üzüm emalı
müəssisəsi fəaliyyət
göstərirdi. Şabranlılar
keçən ilin sonlarında üzümçülüyün
inkişafı ilə
bağlı qəbul edilmiş dövlət proqramına uyğun olaraq, bu sahəni
rayon iqtisadiyyatının ən
gəlirli sahəsinə
çevirmək üçün yaradılan şəraitdən və bütün mövcud ehtiyatlardan səmərəli
istifadə etməyi qərara alıblar. Bu da təsadüfi deyil. Əvvəla, üzümçülük kənd
adamı üçün
ən etibarlı və sərfəli iş yeridir. Mütəxəssislərin hesablamalarına
görə, 1 hektar üzüm bağının
becərilməsi üçün
ən azı, 4 daimi işçi tələb olunur. Bunu nəzərə alsaq, təkcə ötən il yeni salınan 171 hektar üzüm bağının hesabına
680 daimi iş yeri yaranıb. İkincisi də, üzümçülüyü inkişaf etdirmək üçün Şabranda
hər bir şərait var. Əvvəllər
fəaliyyət göstərmiş
Gəndov üzüm emalı müəssisəsi
yenidən bərpa olunmuş, Gəndovda şirə, Uzunboyadda şirə-şərab zavodları,
tara sexi tikilmişdir. Eyni zamanda, həmin ərazidə 10 min tonluq soyuducu anbarının tikintisinə başlanmışdır.
Hazırda Şabranda üzüm bağlarının
sahəsini dövlət
proqramına uyğun olaraq 2020-ci ilə qədər 2500 hektara çatdırılması üçün
müvafiq tədbirlər
görülür.
Ötən il rayonda abadlıq və quruculuq işlərinin yerinə yetirilməsində
də əsaslı irəliləyişlər əldə
edilmişdir. İl ərzində "Azərbaycan
Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"
və rayonun sosial-iqtisadi inkişafına
dair hazırlanmış
tədbirlər planında
müəyyənləşdirilmiş işlər diqqət mərkəzində olmuşdur.
Məlum olduğu kimi, ölkə başçısının sərəncamı
ilə Şabran rayonunda abadlıq-quruculuq işlərinin sürətləndirilməsi
məqsədilə Prezidentin
Ehtiyat Fondundan 2 milyon, Dövlət Neft Fondundan 1 milyon manat vəsait
ayrılmışdır. Ayrılmış
bu 3 milyon manat vəsaitdən 1,9 milyon manatı ötən il ən vacib işlərin
yerinə yetirilməsinə
sərf edilmişdir. Heydər parkında tikinti və abadlıq işləri başa çatdırılmış,
30 mənzilli beşmərtəbəli
yaşayış binasının
əsaslı təmiri
yekunlaşmış, şəhərin
küçə və
meydanlarında 2924 kvadratmetr
istinad divarı tikilmiş, yol kənarındakı hasarlara üzlük daş vurulmuşdur. Həmçinin Heydər Əliyev parkında 2 fəvvarə, 3 seyrəngah,
2 uşaq əyləncə
kompleksi inşa olunmuş, küçə,
park və meydanlarda müasir işıqlandırma sistemləri
quraşdırılmış, şəhərin mərkəzi
hissəsində görkəmli
Azərbaycan şairi Xaqaninin heykəli ucaldılmış və
qarşısında meydan
salınmışdır. Rayonun
cənub tərəfində
milli ornamentlərlə
cilalanmış möhtəşəm
giriş qapısının,
şəhərin mərkəzində
"Bulaq" kompleksinin
və qarşısındakı
meydanın tikintisi də yekunlaşmışdır.
Ümumilikdə şəhərin
elə bir ərazisi yoxdur ki, orada abadlıq
işləri aparılmasın.
Bundan əlavə,
dövlət vəsaiti hesabına Şabran şəhərində
80 çarpayılıq xəstəxana,
80 şagirdlik Vələsli ümumi orta məktəbi, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə
Qarabağ əlilləri və şəhid ailələri
üçün 16 mənzilli yaşayış evi tikilib
istifadəyə verilmiş, 1 şəhid ailəsi, 15
Qarabağ müharibəsi əlili
mənzillə təmin olunmuş, 2 nəfər
Qarabağ müharibəsi əlili üçün fərdi
yaşayış evi inşa edilmişdir. Hazırda xüsusi əhəmiyyət
daşıyan böyük bir layihə - Şabran şəhərinin
içməli su təchizatı və kanalizasiya sisteminin
qurulması işləri sürətlə davam edir. Bu layihənin
icrası cari ilin yarısınadək başa
çatdırılacaq.
Ümumiyyətlə,
bu gün Şabranda ölkə üçün xüsusi əhəmiyyətə malik layihələr
həyata keçirilir. Onlardan biri də rayonun ərazisində
inşa edilən Taxtakörpü su anbarıdır. Ölkə
başçısı rayona səfəri zamanı su
anbarında olmuş, layihənin icrası ilə
maraqlanmışdır. Hazırda Taxtakörpü su
anbarında işlər sürətlə davam edir.
Akif ƏLİYEV
Azərbaycan.- 2012.- 6 mart.- S. 6.