Uçan xalçaların qış nağılı

 

Hər fəslin öz gözəllik və özəllikləri var. Bahar yaşıl libaslı gözəli xatırladırsa, qış ağsaçlı, nurani babaları, ağbirçək, ipək nənələri göz önünə gətirir. Soyuğun, şaxta-sazağın da özəllikləri olur. Qış fəsli barədə  rəvayətlər, əfsanələr söylənilibdir. Bir vaxtlar nənələr nəvələrini dizlərinin dibinə toplayıb uzun qış gecələrində onlara şirin-şirin nağıllar danışar, qəhrəmanların obrazlarını yaradardılar. Rəvayətlər, əfsanələr, nağıl və dastanlar bir-birinə calananda şirin-şəkər nəvələrin nənələrindən umacaqları bir də "uçan xalçalar" olardı. Nənələr də nəvələrini şirin yuxuya vermək üçün özlərindən hətta nağıllar uydurar, vahiməli vəhşi divlərin belə insan övladından qorxduqlarını söyləyərdilər.

Bütün bunlar nənələrin nəvələrə nağıl payları idi. Belə nağıllar arasında ən maraqlısı "uçan xalçalar" haqqında söylənilənlər olardı. Nənə başlayardı xalı ilə xalçaların bir-birindən oxşar və fərqli cəhətlərini izah etməyə.  "Dilotu yemiş" nəvələr də hərdənbir nənələrinə bic-bic baxar və maraq dolu gözlərini ona zilləyib "uçan xalçalar"ın nə vaxt qayıdacaqlarını soruşardılar. Nənələr nəvələrin belə ayıq-sayıq olmalarından xoşlanar və əlbəttə, nağıllarını həqiqətə oxşatmağa çalışardılar.

Beləliklə, "uçan xalça" sözü hər birimizə uşaqlıq illərinin ən əziz, maraqlı, həm də müəmmalı olaraq qalan  yadigarlarından biridir. Bu xalçaların sirli-sehirli olması Azərbaycan nağıllarında daha çox söylənilir. Zaman keçdikcə uşaqlara möcüzəli görünən belə uydurmalar sonralar sanki reallığa çevrildi. Göyün yeddinci qatında təyyarələr göründükcə sanki  uşaqlıq illərinin sirlər dünyasına qayıdır və özünü həmin "uçan xalçalar"ın üstündə hiss edirsən. Əfsanəvi xalçaları əvəz edən "dəmir qanadlı quşlar"la "uçan xalçalar" arzuların gerçəkliyi kimibugünkü uşaqların maraq dairəsinə daxil olub. Cizgi fimlərində göstərilən həmin "uçan xalçalar" əsrləri, nəsilləri yola salaraq dünyanın hər bir qütbünə qanad açır.

"Uçan xalçalar"ın tilsimliyi barədə nənəsini sorğu-suala tutan nəvənin eşitdiklərinə inanıb-inanmadığını demək çətindir. Nənə nəvəsinə söyləyir ki, mənim balam, "İçərişəhər"in "Qız qalası" tərəfində divardan  üzərində "Flycarret", yəni "uçan xalça" yazılan bir xalça asılıb. Burada  satılan antik əşyaların  alıcıları, adətən, əcnəbilər olur. Həmin xalçanı əcnəbilərə satmaq istəyən satıcı onun "sirrini" belə açmağa çalışır: "Bax, bu xalça qədim dövrlərdə bir cadugər tərəfindən Azərbaycan ərazisi üçün tilsimlənib və ona görə də burada uça bilmir. Sən onu alıb öz Vətəninə aparsan, orda necə uçduğunun şahidi olarsan". Əcnəbilərin həmin xalçanı almamaları isə təkcə satıcının onları "tilsimləməyə" çalışması deyil, həm də onun qiymətinin  çox bahalığı olur.

Xalı-xalçalar barədə bugünkü balacaları  heyrətləndirmək o qədər də asan deyil. Lakin xalçaların uçub-uçmamasının elə bir fərqi yoxdur. Amma onların bir-birindən fərqli və oxşar cəhətlərini öyrənmək lazım gəlir.

Xalq inamında xalçaların özünəməxsus yeri var. Əcdadlarımız bu sənət növü ilə lap qədim dövrlərdən məşğul olublar. Bu sənətə dair  ən qədim və dəyərli  arxeoloji materiallar Dağlıq Altay kurqanlarındakı daimi buzlaq ərazilərində aşkar edilib. Bütöv halda qalmış xalça Pazırık  (Basırıq) kurqanlarında tapılıb ki,  hazırda o, Sankt-Peterburqdakı Ermitajda saxlanılır.

Ən qədim xalının 2500 yaşı var. Bu, Bərdə (saqa-oğuz) xalısı adlanır və Qarabağda toxunub. Yuxarıda qeyd etdiyimiz kimi, iyirminci yüzilliyin ortalarında Altayda yerli türklər qazıntı aparan zaman Basırıq kurqanlarında insanı heyrətə gətirən maddi mədəniyyət nümunələri aşkar ediblər. Skit boylarına məxsus bu  sənət  əsərləri  arasında salamat qalan və rəngini belə itirməyən bir xalı da olub ki, onun 2500 il öncə Qarabağda toxunduğu təsdiq edilib. Bununla da sübut olunub ki, xalı və xalçalar ilk olaraq dünyanın ayrı-ayrı qütblərinə Azərbaycandan yayılıb. Maraqlıdır, bəs ən uzun xalı harada toxunub və ölçüləri nə qədərdir? Milli-mənəvi sərvət və maddi mədəniyyət nümunələrindən sayılan Azərbaycan xalçaları bu gün İstanbulun "Topqapı", Nyu-Yorkun "Metropoliten", Londonun "ViktoriyaAlbert", Parisin "Luvr" muzeylərində nümayiş etdirilir.  Londonun "ViktoriyaAlbert" muzeyində saxlanan "Şeyx Səfi" xalısı möhtəşəmliyinə görə dünya xalçalarını çox-çox geridə qoyur. Uzunluğu 56,12 metr olan xalı 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunub. Həmin xalçanı, gözəl sənət incisini təəssüf ki, 1893-cü ildə ingilislər Londona aparmışlar. Lakin Heydər Əliyev Fondunun təşəbbüsü ilə  həmin xalının təkrar nüsxəsi hazırlanaraq Azərbaycan Müasir İncəsənət Muzeyində saxlanır. Bu, əlbəttə, bütünlüklə maddi mədəniyyət abidələrinə, milli-mənəvi sərvətə Heydər Əliyev Fondunun qayğısıdır. Onu da  qeyd etmək  lazımdır ki, Azərbaycan xalçası Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə UNESCO-nun  Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Xalça muzeyinin ilk dəfə ölkəmizdə təşkili bu qədim xalq sənətinin vətəninin Azərbaycan olduğuna bir işarədir. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyi heç də təsadüfi olaraq milli mədəniyyətimizin yeganə zəngin xəzinəsi hesab edilmir. Muzeydə Azərbaycan xalqının milli mədəniyyəti və incəsənətinin daşıyıcı olan, əsrlər boyu yaratdığı qədim, əvəzsiz xalça nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının  ən nümunəvi əsərləri də toplanıb. Xalqımızın maddi və mənəvi irsinin saxlanc yeri sayılan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi xəzinəsindəki nadir xalçaların dəyərinə, həmçinin əhəmiyyətinə görə dünyada  yeganədir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla xalça muzeyinin yeni binasının tikintisinə başlanması da məhz bu xəzinənin qorunmasına, yaşadılmasına olan qayğının təzahürüdür.

Xalçalar zaman-zaman öz dəyərini birə-min artıraraq, evin, ailənin ən qiymətli əşyalarından sayılıb. Xalı ilə xalçanın fərqini nənələr və xalçaçılıq sənətinin biliciləri yaxşı seçiblər. İlk dəfə  nənələrimiz xalı toxuyublar. Bunun da əsasən tərəkəmə ellərində köçəri həyatın üstünlük  təşkil etməsi ilə bağlı olduğu bildirilir. Belə ki, qışda  aranda qışlayan, yayda yaylaqda yaylayan elat tayfaları otağı və  keçədən  qurulmuş alaçığı bəzəmək üçün xalılardan istifadə  ediblər. Evin döşəməsinin ölçüsündə xalılar toxunub. Belə xalılar xovluxovsuz olublar. Əsasən ilk vaxtlar xalılar xovsuz toxunub, yəni palas, kilim,  şəddə və s. formada. Sonralar xalıların ölçüləri dəyişdirilib. Kiçilərək  xalılar xalçaya çevrilib və əsasən xovlu toxunublar. Ən kiçik formatlı xalçalara rast gəlmək mümkündür ki,  onlar qiymətli hədiyyə kimi sifarişlə toxunurlar.

Maraqlıdır, görəsən, bu gün də qış gecələrində "uçan xalçalar" haqqında nənələr nəvələrinə şirin-şirin maraqlı nağıllar, əfsanə və rəvayətlər söyləyir, yoxsa onlar nənələrinə televiziya ekranlarından görüb vahimələndikləri "cizgi filmləri"nə bir də baxmayacaqlarını bildirirlər?

Hər halda, nənələr nəvələrinə "uçan xalçalar" haqqında əfsanə danışsalar yaxşı olar, axı, orada xalqımızın ən qədim sənət növündən söz açılır.

 

 

 Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 7.