Azərbaycan və Gürcüstan prezidentlərinin geniş tərkibdə görüşü

 

 Martın 6-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Prezident İlham Əliyev Gürcüstan dövlətinin başçısını Azərbaycanda bir daha salamladı. "Biz tez-tez həm Azərbaycanda, həm Gürcüstanda, həm də digər ölkələrdə görüşürük və müzakirələr aparırıq", - deyən dövlət başçısı bildirdi ki, həmişə ikitərəfli münasibətlərin cari məsələləri ilə bağlı fikir mübadiləsinə ehtiyac vardır.

Görüşdə regiondakı vəziyyət və ikitərəfli layihələrlə bağlı fikir mübadiləsinin aparıldığını, ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bütün istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, energetika sahələrində ölkələrimiz arasında tam anlaşmanın, əlaqələndirmənin və qarşılıqlı dəstəyin mövcud olduğunu vurğuladı. Azərbaycan dövlətinin başçısı əmin olduğunu bildirdi ki, budəfəki səfər əlaqələrimizin inkişafına, dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişaf yollarını müəyyənləşdirməyə imkan verəcəkdir.

"Doğrudan da hər dəfə Bakıya gəldikdə nəinki tərəqqiyə, Azərbaycanın sıçrayışlı inkişafına heyran qalırsan", - deyən Prezident Mixeil Saakaşvili bildirdi ki, o, hələ Azərbaycana ilk səfəri zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişaf yolunda olduğunu görmüşdü.

Azərbaycanın dünyanın 155 dövlətinin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçildiyini deyən Gürcüstan Prezidenti bunu mütləq rekord və dünya səviyyəli nailiyyət kimi xarakterizə etdi. "Bu, iqtisadi çəkisi, siyasi mövqeyi və inkişaf nümunəsi olması baxımından Azərbaycanın böyük regional lider kimi həm ölkə daxilində, həm də beynəlxalq arenada keçdiyi yolu göstərir", - deyən Prezident Mixeil Saakaşvili Bakı ilə yanaşı, Azərbaycanın regionlarının, ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafının həsəd doğurduğunu vurğuladı. "Bu, bizi məmnun edir", - deyən Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkələrimizin əməkdaşlığının nümunəvi xarakter daşıdığını diqqətə çatdırdı.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 1.