Gürcüstan Prezidenti Mixeil Saakaşvili Heydər
Əliyev Fondunda olmuşdur
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili martIn 6-da Heydər Əliyev Fondunda olmuşdur.
Gürcüstan dövlətinin başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.
Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldu.
Fondla tanışlıq zamanı Gürcüstan Prezidentinə məlumat verildi ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. Ali qonağa xatirə hədiyyəsi təqdim olundu.
Prezident Mixeil Saakaşvili Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 7 mart.- S. 3.