Qafqaz Müsəlmanları İdarəsi
Əfqanıstanda ABŞ hərbçiləri tərəfindən
müqəddəs “Qurani-Kərim”in yandırılmasına etiraz edən bəyanat yaymışdır
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Əfqanıstanda ABŞ hərbçiləri tərəfindən fevralın 20-də müqəddəs "Qurani-Kərim"in yandırılmasına etiraz edən bəyanat yaymışdır.
QMİ-dən AzərTAc-a bildirmişlər ki, bəyanatda son zamanlar bir sıra sivil cəmiyyətlərdə, xüsusilə də dünya birliyinə multimədəniyyət ideyasını təlqin etmək istəyən Qərb ölkələrində mənəviyyat və əxlaq amillərinin iflasa yönəlməsi son dərəcə narahatedici hal kimi qiymətləndirilmişdir. Müasir qloballaşma dövrünün ən xoşagəlməz cəhətlərindən birinin də təhqir obyekti kimi din və dini atributların hədəf seçilməsi olduğunun vurğulandığı bəyanatda belə məsuliyyətsiz əməllərin xüsusən islam dininə və Allah-Taalanın ilahi kəlamı sayılan müqəddəs "Qurani-Kərim"ə qarşı yönəlməsi ümumbəşəri sülhün pozulması, qütbləşmənin yaranması, dinlərarası və millətlərarası dialoqa vurulan zərbə kimi dəyərləndirilmişdir.
Qeyd edilmişdir ki, Yaxın Şərq regionunda müsəlman əhaliyə qarşı irqçi və təcavüzkar münasibət, müqəddəs ziyarətgahların bombalanması, cümə namazlarında, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, "Qurani-Kərim"in hərbçilər tərəfindən nişangaha çevrilməsi, tonqallara atılması halları cəmiyyətimizin humanizmə, ədalətə, bərabərlik və qardaşlığa olan ümidlərini zəiflədir, dini və milli zəmində qarşıdurma və nifaq ruhuna yol açır.
Bəyanatda bildirilmişdir ki, dünyada demokratiyanın və insan azadlıqlarının carçısı kimi tanınmış ABŞ-ın hərbçiləri tərəfindən müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olan "Qurani-Kərim"in yandırılması sivilizasiyalar arasında toqquşma yaratmaqdan başqa heç nəyə xidmət etmir. Biz tez-tez təkrar edilən belə hərəkətlərə dini dözümsüzlük, ideoloji təxribat və cəzası vacib əməl kimi qiymət verir, eyni münasibəti aidiyyəti olan bütün qurumlardan tələb edirik.
ABŞ-ın dövlət
başçısı və digər rəsmiləri tərəfindən
hadisəyə dair
üzrxahlığının müsbət
qarşılandığının bildirildiyi
bəyanatın sonunda xalqların və
dövlətlərin sabahı naminə edilən bu çağırışın düzgün təhlil olunaraq
regionda ictimai-siyasi vəziyyətin
sabitləşməsinə xidmət edəcəyinə əminlik
vurğulanmışdır.
Azərbaycan.- 2012.- 7 mart.- S. 3.