ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış etmişlər

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna son səfərlərinin yekunlarına dair birgə bəyanatla çıxış etmişlər.

Bəyanatda deyilir: "Martın 2-dən 6-dək ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Yerevan, Dağlıq Qarabağ və Bakıda səfərdə olmuşlar. Həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan, Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşmüşlər".

Sənəddə qeyd olunur ki, həmsədrlər tərəflərə yanvarın 23-də Soçidə prezidentlər İlham Əliyev, Dmitri MedvedevSerj Sarkisyanın verdiyi birgə bəyanatın həyata keçirilməsi ilə bağlı plan təqdim etmişlər. Azərbaycan və Ermənistan prezidentlərinin baza prinsipləri üzrə razılaşmanın əldə edilməsini tezləşdirməyə hazır olduğuna əsaslanaraq, həmsədrlər tərəflərə hərtərəfli sülh sazişi üzərində işin davam etdirilməsi ilə bağlı təkliflərini vermişlər. Bundan əlavə, həmsədrlər tərəflərlə cəbhə bölgəsindəki insidentlərin araşdırılması mexanizmi üzərində işi davam etdirməklə bağlı Soçi bəyanatındakı öhdəliklərin yerinə yetirilməsinə, həmçinin xalqlar arasında humanitar əlaqələrə dair məsələləri müzakirə etmişlər. Vurğulanmışdır ki, bu əlaqələr sülh prosesinin ziyanına siyasiləşdirilməməli, regiondakı xalqlar arasında qarşılıqlı anlaşmanın əldə olunmasına xidmət etməlidir.

Bəyanatda bildirilir ki, həmsədrlər ATƏT Daimi Şurasını münaqişənin sülh yolu ilə həlli istiqamətində atılmış son addımlarla bağlı məlumatlandırmaq üçün martın 22-də Vyanaya səfər edəcəklər.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 4.