Misirin ən
çox oxunan ərəbdilli “Youm7” qəzetində Azərbaycan səfirliyinin
Xocalı soyqırımı ilə bağlı bəyanatı
dərc edilmişdir
Misirin ən çox oxunan ərəbdilli qəzetlərindən olan "Youm7"ın 5 mart tarixli nömrəsində Azərbaycanın bu ölkədəki səfirliyinin işğal olunmuş ərazilərimizdə mədəniyyət abidələrinin, xüsusilə İslam dininə aid maddi mədəniyyət nümunələrinin və ibadət ocaqlarının dağıdılması, Ermənistanın həyata keçirdiyi etnik və mədəni soyqırımı siyasəti, Xocalı qətliamı və bu barədə Ermənistan prezidentinin etirafları barəsində yeni bəyanatı dərc edilmişdir.
Bəyanatda Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli və Şuşa məscidləri daxil olmaqla, işğal altındakı ərazilərimizdə doqquzdan artıq məscidin dağıdılması, talan və təhqir edilməsi ilə bağlı məlumat verilmiş, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti ilə bərabər, mədəni soyqırımı da həyata keçirdiyi Misir ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Bu xüsusda İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamənin əhəmiyyəti xüsusilə qeyd olunmuşdur.
Bundan əlavə, bəyanatda UNESCO-nun xətti ilə İrəvanı 2012-ci ildə dünya kitabının paytaxtı elan etmiş ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində 31-dən artıq kitabxananı və 100 min cildlik zəngin kitab fondunu məhv edilməsi, müqəddəs "Quran-i Kərim"in orta əsrlərə aid nadir əlyazmalarını yandırılması faktları xüsusi vurğulanmışdır.
Səfirliyin bəyanatı əsasında İSESCO-nun rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti və təşkilatın Avropa üzrə sabiq əlaqələndiricisi Salah Əlcəfəravi Misirin bütün KİV-lərinin rəhbərlərinə bəyanatla çıxış edərək Xocalı faciəsi haqqında ətraflı məlumat vermiş və bir daha bu ölkə ictimaiyyətinin diqqətini Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş etnik və mədəni soyqırımı siyasətinə cəlb etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 7 mart.- S. 4.