Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

 Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Kamran Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, cinayət hüququnda "məhkum" anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

 

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 4.