Neft-kimya sahəsində
əməkdaşlıq üzrə Azərbaycan-Tatarıstan
işçi qrupunun görüşü olmuşdur
Azərbaycan Respublikası və Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında neft-kimya sahəsində əlaqələrin genişləndirilməsi məqsədi ilə yaradılmış işçi qrupun ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyində geniş tərkibli görüşü olmuşdur.
Görüşdə Azərbaycanın dövlət neft-kimya müəssisələri ilə qarşılıqlı əməkdaşlıq məsələləri üzrə geniş müzakirə və fikir mübadiləsi aparılmış, yaxın dövr üçün birgə fəaliyyət proqramı müəyyənləşdirilmişdir.
Tatarıstanlı qonaqlar daha sonra Sumqayıt Texnoparkının ən müasir texnologiyalara, modern istehsalat sahələrinə malik müəssisələri ilə tanış olaraq, Azərbaycanda neft-kimya elminin və sənayesinin bugünkü inkişaf mərhələsi, yaxın perspektivi, texniki və kadr potensialı ilə bağlı geniş, hərtərəfli məlumat əldə etmişlər.
Görüşdən sonra tatarıstanlı mütəxəssislər Azərbaycanın yeni neft strategiyasının, "Əsrin müqaviləsi"nin təşəbbüskarı və müəllifi, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın neft-kimya sənayesinin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən "Heydər Əliyev və Azərbaycanın kimya sənayesi" muzey-guşəsinin fotoeksponatları ilə tanış olmuşlar.
Tatarıstan işçi qrupunun üzvləri Azərbaycanın İqtisadi İnkişaf, Sənaye və Energetika nazirliklərinin, Dövlət Neft Şirkətinin, həmçinin neft-kimya sahəsində fundamental tədqiqatların aparıldığı akademik Y.Məmmədəliyev adına Azərbaycan Neft-Kimya Prosesləri İnstitutunun, neft-kimya sənayesi üçün gənc kadrların hazırlandığı Azərbaycan Dövlət Neft Akademiyasının və "Nanotexnologiyalar" Elm-İstehsalat Mərkəzinin rəhbərliyi ilə də işgüzar görüşlər keçirmişlər.
Qeyd edək ki, mütəxəssislərdən
ibarət işçi qrup Prezident İlham Əliyevin göstərişinə
əsasən, Tatarıstan Respublikası ilə neft-kimya sahəsində
əlaqələrin genişləndirilməsi məqsədi ilə
yaradılmışdır.
Azərbaycan.- 2012.- 7 mart.- S. 4.