Azərbaycan dinamik inkişaf yolundadır

 

 Sosial-iqtisadi inkişafın təmin edilməsi, adambaşına düşən ümumi daxili məhsul istehsalının artımı hər bir ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet xəttini təşkil edir. Amma yaddan çıxarmaq lazım deyil ki, inkişaf məqsədlərinin qarşıya qoyulduğu hər bir məsələdə aydın, konkret, dəqiq hədəfləri olan proqram və layihələrin qəbulu olduqca vacibdir.

Bu proqramlar iqtisadiyyatın inkişafına xidmət edən imkanların işə salınması, normal bazar münasibətlərinin qurulması üçün münbit şəraitin yaradılması, sahibkarlıq fəaliyyətinin və sərmayə qoyuluşunun stimullaşdırılması, eləcə də görüləcək tədbirlərin ardıcıllığının və sistemliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan 2003-cü ildə xalqın etimadını qazanaraq prezident seçilən cənab İlham Əliyevin 2004-cü il fevralın 11-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiq etməsi təsadüfi deyildi. Regionlarda inkişafı sürətləndirən amillərin, bununla bağlı dövlət siyasətinin və dəstəyinin əsas istiqamətlərinin müəyyən edildiyi proqramı mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, kənd təsərrüfatının yüksəlişinə yol açdı. Proqramın uğurlu icrası ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyaraq bölgələrin tarazlı inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırdı. Zamanın nəbzini düzgün tutmaqla, mövcud iqtisadi potensialdanresurslardan, bütün imkanlardan səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatınn keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına nail olundu. Beləliklə, birinci Dövlət Proqramı 2004-2008-ci illərdə ölkənin inkişafının yeni mərhələyə qədəm qoymasını təmin etdi.

Birinci Proqram çərçivəsində görülən işlərin təhlili göstərir ki, onun icra edildiyi 5 ilə yaxın müddətdə iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində son dərəcə mühüm işlər görülüb. Prezident İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafına göstərilən qayğı birinci Dövlət Proqramının uğurlu icrasının həlledici amili olub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan verdi. Bütün şəhər və rayonlarda yeni istehsal və xidmət sahələri açılıb. Təqdirəlayiq haldır ki, yeni istifadəyə verilən istehsal müəssisələrinin böyük qismi özəl sektorun payına düşüb. Bu, bölgələrdə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərin səmərəliliyindən xəbər verir.

2004-2008-ci illərin makroiqtisadi göstəriciləri də ölkədəki inkişaf templərinin dinamikliyindən xəbər verir. Belə ki, həmin dövrdə ÜDM-nin real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmış, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Qeyri-neft sektoru 1,8 dəfə artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi son beş ildə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz  artım olmuşdur.

Uğurların davamlı olmasını təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2009-cu il aprelin 14-də regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramını təsdiq etdi. 2009-2013-cü illəri əhatə edən proqramda birinci Dövlət Proqramının davamı olaraq bölgələrin daha genişmiqyaslı tərəqqisi, əhalinin rifahının yüksəldilməsi və həyata keçiriləcək digər mühüm tədbirlər öz əksini tapmışdır. Bu proqramda Azərbaycanın hər bir rayonunun, hər bir yaşayış məntəqəsinin inkişaf etdirilməsi, "qara qızıl"ın insan kapitalına çevrilməsi amili, ərzaq təhlükəsizliyinin təmin olunması əsas məsələ kimi əksini tapıb.

Dövlət proqramında müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Uğurla həyata keçirilən yeni neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına, neftqaz gəlirlərinin səmərəli istifadəsi nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanmasına səbəb olurbu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsinə əlverişli şərait yaradır.

Bunun nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının qəbulundan keçən 3 il ərzində ölkədə makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi sahəsində, o cümlədən iqtisadiinzibati rayonlar üzrə həyata keçirilmiş tədbirlər öz real bəhrəsini vermiş, iqtisadiyyatda dinamik inkişaf davam etmişdir. Xüsusən regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qazsu ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Bu günlərdə regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda səslənən fikirlər, göstərilən faktlar da təsdiq edir ki, proqram çərçivəsində qarşıya qoyulan məqsədlər bu müddətdə uğurla reallaşdırılmışdır. Konfransda dövlət proqramının icrasına münasibət bildirən Prezident İlham Əliyev demişdir: "Artıq üç ildir ki, ikinci Dövlət Proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci Proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Onda əlavə tədbirlər də görülmüşdür. İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu Proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik".

Azərbaycan Prezidenti İlham Əliyev bu müddətdə regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlamış, 34 rayon və şəhərdə 300-ə yaxın müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirmiş, yerlərdə ictimaiyyətin nümayəndələri ilə keçirilmiş görüşlərdə qaldırılmış məsələləri nəzərə alaraq ayrı-ayrı rayonların inkişafı ilə bağlı tədbirlərə 140 milyon manat əlavə vəsaitin ayrılması barədə 40 sərəncam imzalamış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Dövlət proqramlarında qarşıya qoyulan əsas məqsədlərdən biri də məşğulluğun təmin edilməsi və beləliklə, vətəndaşların sosial rifahının yüksəldilməsidir. Fərəhlə qeyd etməliyik ki, 2004-cü ildən indiyə kimi ölkədə 1 milyondan artıq yeni yeri açılmışdır ki, bunun da çoxu regionların payına düşür. Ümumilikdə 2009-cu ildən ötən müddət ərzində dövlət proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlamış və 241 min yeni yeri açılmışdır ki, bunun 180 mini daimidir. Yoxsulluğun səviyyəsi 7,6 faizə enmişdir.

Yeni yerlərinin daha çox regionlarda açılması ilk növbədə ölkə Prezidenti İlham Əliyev tərəfindən regionların kompleks inkişafına xüsusi diqqət və qayğı göstərilməsi, bu sahədə həyata keçirilən məqsədyönlü siyasət, o cümlədən dövlət proqramına uyğun olaraq regionların infrastruktur təminatının yaxşılaşdırılması və kommunal xidmətlərə olan tələbatın ödənilməsi sahəsində tədbirlərin ardıcıl olaraq icra edilməsi ilə bağlıdır.

Ölkəmizdə həyata keçirilən regional inkişaf proqramları dərin iqtisadi-elmi nəzəriyyələrə söykənir. Bu proqramların 2008-2010-cu illərin beynəlxalq maliyyə-iqtisadi böhranlardan uğurla çıxmasının, həmin illərdə ölkəmizdə sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsinin əsas səbəbi də budur. Ən əsası həmin ağır iqtisadi sınaqdan ölkəmizin üzüağ çıxması Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin son dərəcə mükəmməl olduğunun göstəricisidir. Əlverişsiz xarici mühit amillərinə baxmayaraq məhz Prezident İlham Əliyevin göstərişləri əsasında həyata keçirilən düşünülmüş, təmkinli, olduqca qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz qlobal böhranın fəsadlarını uğurla dəf etməyə nail oldu. Bütün sosial proqramlar və layihələr fasiləsiz icra olundu, qarşıya qoyulmuş vəzifələr öz həllini tapdı. Dünyada davam edən böhran proseslərinə və bir sıra aparıcı ölkələrin iqtisadi artım sürətinin hələ  də əvvəlki tempini bərpa etməməsinə baxmayaraq, ötən illərdə Azərbaycanda ümumi daxili məhsulun artımı müşahidə olundu. Azərbaycan iqtisadiyyatının qlobal böhrana kifayət qədər dayanıqlılıq və dözümlülük nümayiş etdirməsi, ÜDM-in artımında nailiyyətin əldə edilməsi dövlətimizin başçısının rəhbərliyi ilə son illər ərzində yaradılan maliyyə-iqtisadi potensial, aparılan iqtisadi islahatlar, enerji, nəqliyyat, ərzaq və iqtisadi təhlükəsizliyi özündə birləşdirən müasir təhlükəsizlik şəbəkəsinin ardıcıl surətdə qurulması hesabına mümkün oldu.

Azərbaycanın 2011-ci ildə sosial-iqtisadi inkişafının yekunlarının təhlili də göstərdi ki, iqtisadiyyatın son illərdə müşahidə olunan dinamik inkişafı dönməz xarakter alıb, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. Təbii ki, bu nailiyyətin əldə edilməsində regional inkişaf proqramının rolu böyükdür.

Bir məsələni də qeyd edək ki, Azərbaycanın sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biri neft gəlirlərinin düzgün təyinat üzrə istifadəsidir. Məlumdur ki, dünyada neft ölkəsi olaraq tanınan dövlətlərin əksəriyyəti "qara qızıl"ın gətirdiyi üstünlüklərdən lazımınca faydalana bilməyiblər. Bəzi dövlətlərin praktikasından ölkənin taleyinin yalnız neft gəlirlərinin ümidinə buraxılmasının doğurduğu arzuolunmaz fəsadlar yaxşı məlumdur. Ölkəmizdə isə iqtisadi-sosial sferada son bir neçə ildə qazanılan nailiyyətlər göstərir ki, neft gəlirlərindən istifadədə düzgün metodlar tətbiq olunur. Azərbaycan hakimiyyətinin yeritdiyi iqtisadi siyasət xəttinin kökündə iqtisadiyyatın məhz neftdən asılılığının azaldılması dayanır. Bunun əyani göstəricisi kimi isə regionların sosial-iqtisadi inkişafına dair birinci və hazırda uğurla icra edilən ikinci Dövlət Proqramının iqtisadiyyatımıza verdiyi töhfədən misal gətirmək olar. Neftdən asılı olmayan güclü iqtisadiyyatın qurulmasına doğru atılan addımları Azərbaycanın bütün rayonlarının timsalında görmək mümkündür. Elə bir rayon göstərmək mümkün deyil ki, orada son bir neçə ildə onlarla müəssisə fəaliyyətə başlamasın. Təbii ki, bu inkişafın sürətləndirilməsini təmin edən infrastrukturun - modul tipli elektrik stansiyalarının tikilməsi, hava limanlarının yenidən qurulması, avtomobil yollarının çəkilməsi, hər tərəfdə abadlıq-quruculuq işlərinin aparılması diqqətdən kənarda qalmır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasını layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev böyük əzmkarlıqla bütün bölgələrin davamlı yüksəliş yoluna çıxmasına nail olmuşdur. Qarşıda isə daha böyük hədəflər və daha böyük uğurlar bizi gözləyir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı qarşıdakı iki il ərzində də böyük nailiyyətlər gətirəcəyinə şübhə yaratmır. Təbii ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı konfransın keçirilməsi ikinci Dövlət Proqramının icrasına yeni təkan verəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, aparılan müzakirələr və bundan sonra veriləcək qərarlar 2012-ci ildə dövlət proqramının icrası üçün yeni imkanlar yaradacaq. Bütün bunlar, o cümlədən ölkədə formalaşmış əlverişli iqtisadi mühit, həyata keçirilən iqtisadi siyasət ikinci Dövlət Proqramının da uğurla başa çatacağını əminliklə söyləməyə tam əsas verir.

Azərbaycan Respublikasının ildən-ilə güclənməsi, qüdrətli və dünya birliyində öz yeri olan dövlətə çevrilməsi artıq beynəlxalq ictimaiyyət tərəfindən də təsdiq olunan bir reallıqdır. Həyata keçirilən dövlət proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanın dörd bir yerində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz görünən tərəfləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir infrastruktur formalaşır. Bütün bunlar sistemli şəkildə paralellik təşkil edərək vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Sosial-iqtisadi dirçəliş dövrü keçirən Azərbaycan həm də dünya iqtisadiyyatına uğurla inteqrasiya olunur.

 

 

 Arzuman MURADLI,

iqtisad elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 5.