Azərbaycan beynəlxalq
tədbirlərə ev sahibliyi
edir
Bununla ölkəmiz dünya
dövlətlərini qovuşduran məkana
çevrilir
"İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiya" mövzusunda quruma üzv ölkələrin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumu ilə bir daha Azərbaycan özünün zəngin milli-mədəni dəyərlərə məxsusluğu ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı olduğunu təsdiq etmişdir. Xatırladaq ki, 20 il əvvəl məhz həmin gün - martın 2-də Azərbaycan BMT-yə üzv qəbul olunmuşdu. Azərbaycanda keçirilən beynəlxalq toplantılar və sammitlər ötən müddət ərzində respublikamızın dünya dövlətlərini qovuşduran bir məkana çevrildiyini sübuta yetirmişdir.
Bakı Forumunun əsas məqsədlərindən biri isə islam ölkələrində daxili və xarici siyasət sahəsində mühüm dəyişikliklərin və transformasiyanın tətbiqi üçün səmərəli təklif və tövsiyələr hazırlamaq, yeni islahat modellərini təklif etmək olub. Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində keçirilən forumda 70-dək ölkədən 100-dən çox nümayəndə - dövlət və hökumət rəsmiləri, islam ölkələrində ictimai rəyin formalaşmasında mühüm rol oynayan beyin mərkəzlərinin rəhbərləri, alimlər, beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin təmsilçiləri, daxili və xarici siyasət, innovasiya texnologiyaları üzrə tanınmış yerli və beynəlxalq ekspertlər iştirak ediblər.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın MİRZƏZADƏ hesab edir ki, Azərbaycan bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməklə belə mərkəzlərin fəaliyyətində maraqlı olduğunu ortaya qoyur və ölkəmizin artıq bu sahədə kifayət qədər böyük təcrübəsi var. Deputatın fikrincə, ölkəmizdə belə bir forumun keçirilməsi Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa və fikir mübadiləsi aparmağa imkan verir. "Bu forumda əməkdaşlıq məsələləri ciddi müzakirə edildi. Həm də sadəcə olaraq fikir mübadiləsi yox, tərəflərin görüşləri, bir-birinin təcrübəsi ilə tanışlıq diqqəti cəlb etdi" - deyən Aydın Mirzəzadə bildirdi ki, ən vacib məsələ konfransa ev sahibliyi edən Azərbaycanın inkişafı ilə qonaqların yaxından tanış olmaları idi. Qonaqlar gözəlləşən və abadlaşan Bakını, yeniləşən infrastrukturu, insanların hüquq və azadlıqlarının qorunması üçün dövlət tərəfindən atılan addımları, Azərbaycanın Avropaya inteqrasiyası kimi məsələləri öz gözləri ilə görə biliblər. "Qonaqarın siyahısı da kifayət qədər ciddi və nüfuzlu idi. Keçmiş hökumət rəhbərləri və üzvləri, ayrı-ayrı ölkələrin elm və mədəniyyət işçiləri, politoloqlar Azərbaycanın həqiqətləri ilə maraqlanıb özləri üçün lazım olan məlumatları topladılar, qeydləri apardılar. Tədbir barədə tək Azərbaycan deyil, dünya mətbuatı da kifayət qədər materiallar yaydı" - deyən deputatın fikrincə, bütün bunlar imkan verəcək ki, Azərbaycan dünyada daha yaxşı tanınsın və beynəlxalq birlikdə layiqli yerini tutsun.
A.Mirzəzadə Azərbaycan həqiqətləri ilə tanış olan "beyin mərkəzləri"nin öz ölkələrində və beynəlxalq təşkilatlarda bununla bağlı ətraflı məlumat verəcəklərini istisna etmir: "Azərbaycanın tarixi, mədəniyyəti, problemi ilə tanış olan forum iştirakçıları onları öz ölkələrinə çatdıracaqlar. Forum iştirakçıları ölkəmizlə bağlı kifayət qədər məlumat topladılar. Azərbaycan öz həqiqətlərini belə tədbirlər vasitəsi ilə dünyaya uğurla çatdırır".
Milli Məclisin deputatı Rasim MUSABƏYOVUN söylədiyinə görə, bu forum Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrildiyini, davamlı inkişafı təbliğ etdiyini göstərdi: "Toplantıya islam dövlətlərinin ən nüfuzlu tədqiqat mərkəzləri, analitik mərkəzlərin rəhbərləri dəvətli idi və onlar Azərbaycana gələrək inkişaf etmiş paytaxtımız Bakını öz gözləri ilə gördülər. Azərbaycanın inkişafından, həyata keçirdiyi beynəlxalq layihələrdən xəbərdar oldular. İndi həmin şəxslər Azərbaycan barədə gördükləri həqiqətləri yazacaq və söyləyəcəklər. Bu da bizə çox vacibdir".
Deputatın sözlərinə görə, bu məsələdə Azərbaycanın xeyrinə olacaq digər amil isə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına üzv olması ilə bağlıdır. Azərbaycan bu təşkilatdan həmrəylik gözləməklə yanaşı, eyni zamanda buna öz töhfəsini verməlidir: "Azərbaycan bu görüş üçün öz imkanlarından istifadə edərək konfrans təşkil edirsə, deməli, həmrəylik borcunu yerinə yetirmiş olur. Digər bir məqam isə bu quruma üzv olan ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Bakıda keçirilən toplantı əlaqələrin daha da dərinləşməsinə yol açdı".
Rasim Musabəyov qeyd etdi ki, Bakıda baş tutan konfransa xeyli alim, professor və tədqiqatçılarımız da qatıldı və onlar öz həmkarları ilə canlı münasibət qurdular: "Bu toplantıda bir çox mütəxəssislər öz həmkarları ilə məsləhətləşmələr apardılar. Bu məsləhətləşmələr gələcəkdə hansısa yeni tədqiqatın başlanacağından, əlaqələrin genişlənəcəyindən xəbər verir. Belə forumun keçirilməsi Azərbaycan üçün çox əhəmiyyətli bir hadisədir".
Deputatın fikrincə, Bakıda səfərdə olan İƏT-ə üzv ölkələrin tədqiqat mərkəzlərinin rəhbərləri Azərbaycan həqiqətləri ilə də tanış oldular. Konfransda onlara Azərbaycanın geosiyasi durumu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı və dəqiq məlumatlar verildi. Çox güman ki, həmin şəxslər ölkələrində və beynəlxalq təşkilatlarda öz çıxışları ilə Azərbaycanla bağlı doğru məlumatlar yayacaqlar.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 7 mart.-
S. 5.