İƏT-ə üzv ölkələrdə elmi
- intellektual potensialın təşkilatlanması
zərurəti yaranmışdır
Bunun üçün beyin mərkəzləri
arasında sıx əməkdaşlıq vacibdir
Müasir dünyada baş verən qlobal dəyişikliklərə rəğmən, ümumbəşəri problemlərin həllində, insanlığa qarşı təhdidlərin aradan qaldırılmasında kollektiv səyləri birləşdirmək, səmərəli fikir mübadiləsi aparmaq, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq və inteqrasiya prosesində fəal təşəbbüslərlə iştirak etmək zərurəti yaranmışdır. Bunlar İƏT üzvü ölkələrində də elmi-intellektual potensialın təşkilatlanmasını, innovasiyalı cəmiyyət quruculuğunun vacibliyini gündəmə gətirir. Həm də bunlar mütərəqqi ideyaların daşıyıcıları olan beyin mərkəzlərinin üzərinə mühüm vəzifələr qoyur. Onlar belə ideyaların yayılmasında və mənimsənilməsində çox böyük rol oynaya bilər. İslam dünyasının bir parçası olan Azərbaycan tarix boyu qədim və zəngin mədəniyyəti, elmi, düşünən beyni, zəkası ilə dünya elminə və mədəniyyətinə əvəzsiz töhfələr vermişdir. Təsadüfi deyil ki, müsəlman dünyasına ilk Azadlıq Günəşi məhz Azərbaycandan doğmuşdur. İlk dəfə bu müsəlman ölkəsinin qadınları səs vermək hüququ almışlar. Dövlətimiz hər zaman dünyəvi və ümumbəşəri dəyərlərə çox bağlı olub. Azərbaycan islam və xristian dövlətlərinin yaxın dostu və sürətlə inkişaf edən ölkələrdən biridir. Son illər reallaşdırılan layihələr həm Azərbaycanın, həm də region dövlətlərin sosial-iqtisadi inkişafının sürətlənməsinə səbəb olur. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanın regionda siyasi nüfuzunun artmasına təkan verməklə yanaşı ölkəmizin Qərbə doğru inteqrasiyasına, Avropa və Asiya arasında bir nəqliyyat dəhlizinə çevrilməsinə də şərait yaradır.
Qədim Bakı ənənələrinə sadiq qalaraq son günlər yenə də islam dünyasının beyin mərkəzlərini bir yerə topladı. Martın 1-də Bakıda islam ölkələrinin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərinin və mütəxəssislərinin iştirakı ilə "Müdriklər qrupu"nun toplantısı keçirilmişdi. Martın 2-də isə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə əməkdaşlığı çərçivəsində İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III forumu keçirildi. Öncədən demək mümkündür ki, forum müsəlman dünyasında uğurlu siyasi və iqtisadi transformasiya fonunda keçirildi, geniş mövzuları əhatə edən məsələlər müzakirə olundu. İƏT-ə üzv ölkələrin 2010-cu və 2011-ci illərdə İstanbulda keçirilən birinci və ikinci forumları nəticəsində islam ölkələri arasında ortaq platformanın və vebportalın yaradılması ideyası gerçəkləşib. Mütəxəssislər islam ölkələrində yaşanan dəyişikliklər və transformasiya prosesinin öyrənilməsi baxımından İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin rolunu yüksək qiymətləndirirlər. Qeyd edirlər ki, onların qarşılıqlı təcrübə mübadiləsi şəraitində fəaliyyət göstərmələri çox əhəmiyyətlidir. Çünki bu gün müsəlman ölkələrinin qlobal maraqları əks etdirən dəstəyə ehtiyacları var.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev forum iştirakçılarına ölkəmizin inkişafından danışaraq bildirdi ki, Azərbaycan son illər aktual beynəlxalq problemlərin müzakirəsinə həsr edilən qlobal forumların məkanına çevrilib. Bu, Azərbaycanın regionda və dünyada getdikcə artan əhəmiyyəti və rolundan, qarşılıqlı əməkdaşlıq və inteqrasiyaya açıq olmasından irəli gəlir: "Azərbaycan iqtisadi rəqabət qabiliyyətinə görə MDB məkanında birinci yerdə, dünya miqyasında isə 51-ci yerdədir. Son illər ümumi daxili məhsul 3 dəfə, büdcə xərcləri 12 dəfə artmış, yoxsulluq 4 dəfə azalmışdır. 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə qoyulmuşdur. 1990-cı illərin əvvəllərində 500 milyon dollar olan dövlət büdcəmiz 2012-ci ildə təqribən 22 milyard dolları keçmiş, icmal büdcə isə 25 milyard dollar səviyyəsindədir. Dünyanı bürüyən maliyyə-iqtisadi böhrana baxmayaraq son illər Azərbaycan iqtisadiyyatı 9 faizdən çox artmışdır. Qlobal iqtisadi böhran şəraitində, bu qeyri-adi hadisədir".
Azərbaycanda elmə, təhsilə, bütünlüklə humanitar sahəyə çox böyük diqqət yetirildiyini nəzərə çatdıran akademik Ramiz Mehdiyev vurğulayıb ki, ölkə iqtisadiyyatının inkişafında intellektual resurslar və texnologiyalar vəhdət təşkil edir. İnformasiya-kommunikasiya texnologiyaları inkişafın prioritet istiqamətidir və hazırda ölkə əhalisinin 60 faizdən çoxu birbaşa internet istifadəçisidir.
Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Bakıda bir yerə toplanmasını ölkəmizin tarixi üçün əlamətdar günə təsadüf etdiyini bildirdi. Azərbaycan 20 il əvvəl - martın 2-də BMT sıralarına qəbul edilmişdi. Bu gün isə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, xarici siyasətimizin mühüm uğuru kimi qiymətləndirilməlidir: "Hazırda qlobal və regional çağırışlara cavab vermək Azərbaycanın xarici siyasətinin qarşısında duran ən əhəmiyyətli məsələlərdən biridir".
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müsəlman ölkələrinin nümayiş etdirdiyi ədalətli mövqeyə görə təşəkkürünü bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən E.Məmmədyarov problemin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti, rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyi barədə forum iştirakçılarına ətraflı məlumat verdi: "Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymamasına beynəlxalq ictimaiyyətin göz yumması münaqişənin həllinə ikili standartlardan yanaşıldığını nümayiş etdirir".
Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şensoy bu tədbirin islam dünyası ilə çoxtərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığını bildirdi. Son aylarda Türkiyə-Fransa münasibətlərində Azərbaycanın Türkiyəyə verdiyi siyasi dəstəkdən məmnun olduqlarını deyən Süleyman Şensoy oxşar addımın İƏT-ə üzv ölkələrdən də atılmasını gözlədiklərini diqqətə çatdırdı.
Forumun islam ölkələri arasında əlaqələrin inkişaf etdirilməsi, beyin mərkəzlərinin qarşılıqlı fəaliyyəti ilə bağlı lazımi şəbəkənin qurulması baxımından müstəsna imkan yarandığını deyən İslam İnkişaf Bankının qrup strateji planlaşdırma departamentinin direktoru Rafe bin Yusifə görə bu, yeni beyin mərkəzlərinin yaranmasına da təkan verə bilər: "İslam ölkələrində dəyişikliklər və transformasiya baxımından Azərbaycan bu istiqamətdə mühüm işlər görüb, insan kapitalı ilə bağlı bu dövlət uğurlu siyasət yürüdüb".
Xanım Omniya Taha müsəlman ölkələrində ictimai-siyasi sabitliyin qorunub saxlanması, zorakılıqla müşayiət olunan inqilabların baş verməməsi üçün mütləq regional əməkdaşlığın inkişaf etdirilməsini, islam ölkələri arasında həmrəyliyin gücləndirilməsini ən vacib amil hesab etdi. Çıxış edən nümayəndələrin hər biri Prezident İlham Əliyevə forumun keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlıqlarını bildirir, forumdan uğurlu nəticələr gözlədiklərini dedilər. Bəzi ölkələr yanlış olaraq islam dünyasına qarşı dağıdıcı mövqe nümayiş etdirir, əks təbliğat-təşviqat işləri aparırlar. İslam ölkələri nümayəndələrinin fikrincə, bu problemləri aradan qaldırmaq üçün bütün müsəlman cəmiyyətləri düzgün seçim etməli, ekstremist qüvvələrin qarşısına çıxmalı, gənclərlə maarifləndirmə işi aparmalı, islam ölkələri ilə əlaqəli şəkildə bu cür hallara qarşı birgə mübarizə yolu tapmalıdır. Bu da islam ölkələrində güclü təsisatlaşmış demokratik institutların yaradılmasını və cəmiyyətlə dövlət arasında möhkəm tellərin qurulmasını zəruri edir. Müasir dünyada sülhə nail olmağın əsas yollarından biri konstruktiv dialoqdur.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2012.- 7 mart.- S. 5.