Naxçıvanda
sahibkarlarla işgüzar
görüş keçirilmişdir
Martın 5-də "Duzdağ" otelinin tədbirlər zalında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşü olmuşdur.
Ali Məclisin Sədri görüşdə çıxış edərək demişdir: Hər bir ölkənin ümumi inkişafında sahibkarlıq mühüm çəkiyə malik olan, iqtisadi tərəqqinin daha sürətli xarakter almasına böyük töhfələr verən, bəzi hallarda isə bu tərəqqinin əsasına çevrilən fəaliyyət sahəsidir. Bu baxımdan bazar iqtisadiyyatı yolu ilə irəliləyən Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin inkişafı mühüm əhəmiyyətə malikdir.
Ümummilli lider Heydər Əliyevin "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur", - fikrini xatırladan Ali Məclisin Sədri demişdir: Bu yol dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Sahibkarlığın inkişafı dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır, iş adamlarının fəaliyyət dairəsinin genişləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Naxçıvan Muxtar Respublikasında özəl sektorun inkişafı bu sahə üzrə hər il ümumi daxili məhsul istehsalında dinamik artımla xarakterizə olunur, iqtisadi artımın təmin edilməsində sahibkarların rolu və mövqeyi davamlı şəkildə güclənir. Əgər 1995-ci ildə ümumi daxili məhsul istehsalında özəl bölmə 15 faizlik paya malik idisə, ötən il bu göstərici artaraq 86 faizdən çox olmuşdur.
Qeyd olunmuşdur ki, sahibkarlığın inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, yeni istehsal sahələri yaranmış, iş yerlərinin açılması hesabına əhalinin məşğulluq səviyyəsi yüksəlmiş, tələbatın ödənilməsində yerli istehsalın xüsusi çəkisi artmışdır. Həyata keçirilən islahatların nəticəsidir ki, bu gün muxtar respublikada istehlak olunan 93 növdə ərzaq, 166 növdə qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Ali Məclisin Sədri demişdir: Artıq bir neçə ildir ki, muxtar respublikada enerji sektorunda həyata keçirilən tədbirlər yeni istehsal müəssisələrinin yaradılması üçün geniş imkanlar açıb. Bu gün qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Bu məqsədlə muxtar respublikada qəbul olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı və "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası digər məsələlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin də gücləndirilməsinə hesablanıb. Həyata keçirilən tədbirlər göstərir ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşması istiqamətində bir sıra nailiyyətlər əldə olunub. Lakin daha yüksək nəticələrə çatmaq üçün istər sahibkarlıq, istərsə də dövlət strukturları qarşısında mühüm vəzifələr durur.
Görüşdə sahibkarlığın inkişafı üçün aidiyyəti təşkilatlara konkret tapşırıqlar verən Ali Məclisin Sədri demişdir ki, yerli xammala əsaslanan, əhali tələbatının ödənilməsinə yönəldilmiş yeni istehsal müəssisələrinin yaradılması istiqamətində səylər bundan sonra da davam etdirilməlidir. Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyi tərəfindən, ilk növbədə, daha vacib istehsal sahələri müəyyənləşdirilməli, bu müəssisələrə vəsait qoyuluşları üçün müvafiq addımlar atılmalıdır. Müəyyən olunmuş qaydada istehsal sahələrinin yaradılmasını stimullaşdırmaq məqsədi ilə onlara güzəştli şərtlərlə kreditlərin verilməsi diqqət mərkəzində saxlanmalıdır. Sahibkarlıq subyektləri verilmiş kreditlərdən məqsədyönlü şəkildə istifadə edərək onların vaxtında qaytarılmasını təmin etməlidirlər. Səmərəli fəaliyyət təkcə maliyyə vəsaitinin mövcudluğu ilə məhdudlaşmır. Müvafiq sahədə fəaliyyətlə bağlı vərdişlərin aşılanması, eləcə də iqtisadi risklərdən sığortalanmaq üçün sahibkarlıqla məşğul olanların, fiziki şəxslərin iqtisadi biliklərinin artırılması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən kurslar və treninqlər təşkil olunmalıdır.
Qeyd olunmuşdur ki, məhsul istehsalında kəmiyyətlə yanaşı, keyfiyyət amilinə xüsusi diqqət yetirilməlidir. Keyfiyyətli məhsul, ilk növbədə, müasir texnoloji avadanlıqdan istifadə və istehsal prosesində texniki standartlara riayət edilməsi nəticəsində mümkündür. Ona görə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müəyyən edilmiş standart və normativlərə sahibkarlıq subyektləri tərəfindən əməl olunmasına nəzarəti gücləndirməli, bazara keyfiyyətsiz məhsul çıxarılmasının qarşısını almalıdır.
Daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, istehsal olunan məhsulların xarici bazarlarda satışının təşkili də diqqət mərkəzində saxlanmalı, muxtar respublikanın sahibkarlıq subyektlərində ixracyönümlü məhsul istehsalı istiqamətində təsirli tədbirlər görülməlidir. Bu tapşırığın icrası ilə bağlı Ali Məclisin Sədri İqtisadi İnkişaf Nazirliyinə tapşırmışdır ki, yerli məhsulların tanıdılması və onların təbliği sahəsində sahibkarlıq subyektlərinə lazımi kömək göstərsin, bu məhsulların muxtar respublika hüdudlarından kənarda satışını təşkil etmək üçün müvafiq marketinq araşdırmaları aparsın. Yeni istehsal müəssisələri yaradılarkən muxtar respublikanın paytaxtı ilə yanaşı, rayon mərkəzlərinin də imkanlarını nəzərdən keçirsin. Nazirlik yerli icra hakimiyyətləri ilə birlikdə hər bir rayonun yerli xammal və əmək ehtiyatlarını, eləcə də məhsul istehsalı üzrə formalaşmış təsərrüfat ənənələrini nəzərə alaraq yeni istehsal sahələrinin yaradılması ilə bağlı müvafiq təkliflər hazırlamalıdır. Özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədi ilə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyası tələbata uyğun genişləndirilməli, onların çoxsahəli və səmərəli olması təmin edilməli, kreditlərin verilməsində daha münasib faiz dərəcələri tətbiq olunmalıdır.
Ali Məclisin Sədri demişdir ki, kənd təsərrüfatında sahibkarlığı inkişaf etdirmək və məhsuldarlığı artırmaq üçün bir sıra zəruri tədbirlər həyata keçirilmiş, torpaqlardan səmərəli istifadəni təmin etmək məqsədi ilə əkin atlasları tərtib olunmuşdur. Bu atlaslar yerlərdə arxiv materialına çevrilməməli, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyətləri ilə birlikdə torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif bitki sortlarının əkilməsi ilə bağlı məhsul istehsalçıları arasında təbliğat və maarifləndirmə işlərini gücləndirməlidir. Əhalinin daha sağlam və keyfiyyətli heyvan mənşəli məhsullarla təmin olunmasını təşkil etmək, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsini təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən iri heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması bundan sonra da diqqət mərkəzində saxlanmalıdır. İlin bütün fəsillərində tələbatın yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədi ilə mövsüm ərzində istehlakdan artıq istehsal olunmuş meyvə-tərəvəzin soyuducu anbarlara tədarük olunması üçün İqtisadi İnkişaf Nazirliyi və yerli icra hakimiyyətləri səylərini daha da artırmalıdırlar.
Ali Məclisin Sədri istehsal olunmuş məhsulların birbaşa
istehsalçılar tərəfindən
satışının təmin edilməsinin əhəmiyyətini
qeyd etmiş, bazarlarda bolluğa və
qiymətlərin uyğunluğuna nail olmaq məqsədi ilə
İqtisadi İnkişaf
Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətlərinə
tapşırmışdır ki, cari ildə də müəyyən olunmuş yerlərdə və həftənin
müxtəlif günlərində yarmarkaların təşkilini
təmin etsinlər. Ali Məclisin Sədri daxili bazarda sağlam rəqabət
mühitinin qorunması üçün
İqtisadi İnkişaf
Nazirliyi tərəfindən aidiyyəti orqanlarla birlikdə inhisarçılıq və
razılaşdırılmış qiymətlərin tətbiqi
kimi neqativ hallara qarşı mübarizə tədbirlərinin
gücləndirilməsinin vacibliyini bildirmişdir. Qeyd olunmuşdur ki, daxili bazarın qorunmasında yerli
istehsalın təşkili nə qədər vacibdirsə, onun xarici amillərin təsirindən
qorunması da bir o qədər vacibdir. Yerli məhsulların
eyniadlı keyfiyyətsiz və ucuz xarici malların haqsız rəqabətindən
qorunmasına diqqət artırılmalı, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi mövsümdən
asılı olaraq, tələb və təklifi
nəzərə almaqla idxal-ixrac
əməliyyatlarının tənzimlənməsini diqqət
mərkəzində saxlamalıdır. Antiinflyasiya
tədbirlərini gücləndirmək məqsədi ilə nağd pul kütləsinin
həcmi azaldılmalı, nağdsız əməliyyatlara keçid təmin olunmalıdır. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi Vergilər Nazirliyi ilə birlikdə sahibkarlıq fəaliyyəti
ilə məşğul olan hüquqi və fiziki şəxslər
üçün bank
hesablarının açılmasını və onların
işlək vəziyyətdə olmasını daim nəzarətdə saxlamalı,
sahibkarlıq subyektləri alğı-satqı əməliyyatları
zamanı hesablaşmaların daha çox köçürmə yolu ilə aparılmasına diqqəti
artırmalıdırlar.
Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, makroiqtisadi və siyasi sabitliyin təmin olunması, qədim tarixi və dini-mədəni abidələrlə zənginlik son illərdə buraya çoxlu sayda turistlərin gəlməsinə səbəb olmuşdur. Bununla əlaqədar ticarət obyektlərində xarici valyutalarla alğı-satqı əməliyyatlarının aparılmasının qarşısını almaq, manatın əsas ödəniş vasitəsi kimi işlənməsini təmin etmək məqsədi ilə Vergilər Nazirliyi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə təsirli tədbirlər görməlidir. Öz növbəsində sahibkarlarımız da dövlətimizin qüdrətlənməsi və inkişafı naminə səylərini əsirgəməməli, vergidən yayınma hallarına yol verməməlidirlər. Vergilər Nazirliyi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Sahibkarlar Konfederasiyası ilə birlikdə muxtar respublika ərazisində quraşdırılan POS-terminallardan və nəzarət-kassa aparatlarından istifadənin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir. Vergi bazasının gücləndirilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən vergilərin vaxtında və tam həcmdə yığılmasına nəzarət artırılmalıdır.
Ali Məclisin Sədri demişdir: Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının nəticəsi olaraq muxtar respublikada hər il onlarla yeni müəssisə istifadəyə verilir, iş yerləri açılır, əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər görülür. Sahibkarlar da bu qayğıya cavab olaraq fəaliyyətlərində şəffaflığı təmin etməli, işə götürülən işçilərlə əmək müqavilələrinin bağlanmasına, onlara verilən əmək haqlarının reallığı əks etdirməsinə əməl etməlidirlər. Əmək müqavilələri bağlanılarkən muxtar respublika üzrə orta aylıq əməkhaqqı mütləq nəzərə alınmalıdır. İşçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanması əgər bir tərəfdən vergidən yayınma hallarının, gəlirlərin gizlədilməsinin qarşısını alırsa, digər tərəfdən istehsalatda bədbəxt hadisələr zamanı dəyən ziyanın ödənilməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə bütün sahibkarlıq subyektlərində işçilərlə əmək müqavilələrinin bağlanmasını daim nəzarətdə saxlamalıdır.
Özəl təsərrüfat subyektlərində çalışan işçilərin gələcək pensiya təminatını təmin etmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fonduna tapşırılmışdır ki, xüsusi sektorda fəaliyyət göstərən bütün işəgötürənlər tərəfindən işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına, fərdi uçotun təşkilinə və sosial sığorta şəhadətnamələrinin verilməsinə diqqəti artırsın. Qeyd olunmuşdur ki, istehsal müəssisələrində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunması qəza hallarının başvermə ehtimalını azaldır. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehsal müəssisələrində işçilərin təhlükəsizlik qaydaları ilə tanışlıq vəziyyətinə, iş vaxtı xüsusi qoruyucu vasitələrdən istifadə olunmasına, iş və istirahət rejiminin tətbiqinə ciddi nəzarət etməli, Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasını təmin etməlidir.
İqtisadi dövriyyənin sabitliyinin təmin olunması, təsərrüfat fəaliyyətində yaranmış risklərin azaldılması və ya dəymiş ziyanın aradan qaldırılmasında sığortanın mühüm əhəmiyyət daşıdığını bildirən Ali Məclisin Sədri demişdir ki, bunu nəzərə alaraq sahibkarlıq subyektləri öz təsərrüfatlarında müxtəlif sığorta növlərinin tətbiqinə maraqlı olmalıdır. Bu məqsədlə Dövlət Baş Sığorta Agentliyi tərəfindən sığortanın, xüsusilə könüllü sığortanın müxtəlif növlərinin mahiyyəti və təbliği ilə bağlı müvafiq tədbirlər həyata keçirilməli, bu məsələdə inzibatçılıq aradan qaldırılmalı, qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti orqanlarla birlikdə sahibkarlıq subyektlərinə məxsus daşınmaz əmlak və nəqliyyat vasitələrinin icbari sığortaya cəlb olunması təşkil edilməlidir.
Ali Məclisin Sədri demişdir: Sahibkarlıq fəaliyyəti ilə
məşğul olan hüquqi
və fiziki şəxslər istifadə
etdikləri elektrik enerjisinin,
təbii qazın, suyun və digər kommunal xidmət haqlarının vaxtında
ödənilməsinə diqqəti artırmalıdırlar. Bu xidmətlərin göstərilməsinə
məsul olan aidiyyəti dövlət
qurumları isə borc
qalığının yaranmaması, həmçinin onlardan qanunauyğun şəkildə
istifadə ilə bağlı müvafiq tədbirlər
görməlidirlər.
"Muxtar respublikada həyata keçirilən iqtisadi islahatların əsas məqsədi olan güclü sahibkarlar təbəqəsinin formalaşmasına nail olmaq üçün dövlət orqanları bundan sonra da lazım olan köməyi göstərəcəkdir. İndi bizim qarşımızda bir vəzifə var. O da sahibkarlıq strukturlarında fəaliyyəti gücləndirməklə ölkəmizin, eləcə də muxtar respublikamızın iqtisadi qüdrətini daha da artırmaqdan, bununla yanaşı, əhalinin rifah halını daha da yaxşılaşdırmaqdan ibarətdir", - deyən Ali Məclisin Sədri bu məsul vəzifələrin həyata keçirilməsində görüş iştirakçılarına uğurlar arzulamışdır.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, sahibkar Xudaverdi Hüseynəliyev və Sadiq İsgəndərov çıxış edərək muxtar respublikada sahibkarlara göstərilən dövlət qayğısından danışmış, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra "Biznesdə uğur-2011" mükafatları təqdim olunmuşdur.
Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi üçün 11 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir.
Sonra muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsullarının, əl işlərinin sərgisinə baxış olmuşdur.
Sonda görüş iştirakçıları Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən filmə baxmışlar.
AzərTAc
Azərbaycan.- 2012.- 7 mart.- S. 6.