Zaman keçdikcə regionlar
daha cəlbedici olur
"Ölkəmizdə siyasət
həm ictimai, həm də iqtisadi sahədə bir məqsəd güdür: Azərbaycan xalqının maraqlarını
təmin etmək, ölkəmizi gücləndirmək,
regionda mövqelərimizi
möhkəmləndirmək! Bizim əsas məqsədimiz bundan ibarətdir".
Bu sözləri Prezident İlham Əliyev regionların
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
üçüncü ilinin
yekunlarına həsr olunmuş konfransda səsləndirmişdir. O da danılmaz faktdır ki, həmin məqsədə
çatmaq üçün
artıq neçə
illərdir dövlət
başçısının təşəbbüsü ilə
Azərbaycanda konkret sahələri əhatə
edən mühüm dövlət proqramları
qəbul olunaraq icra edilir. Sözsüz ki, onların sırasında regional inkişaf
proqramlarının xüsusi
yeri və əhəmiyyəti var.
Prezident
sözügedən konfransda
bu proqramlar haqqında belə demişdir: "Müasir dövrdə ölkəmizin
sürətli inkişafına
nail olmaq üçün
kifayət qədər
geniş proqramlar icra edilir. Bu
proqramların içində
əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri
çox sürətlə
inkişaf etməyə
başlamışdır".
Əslində, 2004-cü ildə qəbul olunaraq sonrakı 5 ildə icra edilən, bunun ardınca isə 2009-cu ildə icrasına start verilən ikinci regional inkişaf proqramlarında qarşıya qoyulmuş vəzifələrin həyata
keçirilməsi nəticəsində
bölgələrimizin bütün
- həm sosial, həm də iqtisadi sahələr üzrə necə yüksəlməsini görmək
üçün heç
bir statistikaya ehtiyac yoxdur. Sadəcə, hər hansı regiona yolunu salmaq kifayətdir ki, şəhər və qəsəbələrimizin,
rayon mərkəzləri və
kəndlərimizin yaxşılığa
doğru dəyişməsinin
şahidi olasan.
Bu baxımdan ölkənin
cənub bölgəsində
aqrar-sənaye çəkisinə
və potensialına görə fərqlənən
Cəlilabad da istisna deyil. Təkcə
ötən il rayonda kənd təsərrüfatı məhsulları
istehsalı 2003-cü illə
müqayisədə 2,4
dəfə artmışdır.
Kənd təsərrüfatı
məhsulları istehsalını
stimullaşdırmaq üçün
dövlət büdcəsindən
ayrılan subsidiyalardan
bəhrələnən fermerlər
keçən il 114,2 min ton dənli və dənli paxlalı bitkilər istehsal etmişlər. İstehsal
olunan ümumi məhsulun 88,8 faizini buğda təşkil etmişdir.
2011-ci ildə əvvəlki
ilə nisbətən
22,6 min ton artıq buğda istehsal olunmuş, hər hektarın məhsuldarlığı
4 sentner artmışdır.
Məhsulun 98 faizi özəl
sektorun, 2 faizi isə dövlət müəssisələrinin payına
düşmüşdür. Bundan əlavə, rayonda üzüm sahələri 1530 hektara çatdırılmış və
bağlardan 6,9 min ton yüksək keyfiyyətli
məhsul toplanmışdır.
Prezidentin 15 dekabr
2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə
Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nda
nəzərdə tutulan
tədbirlərin yerinə
yetirilməsi məqsədilə
cari ildə daha 250 hektar sahədə xaricdən gətirilmiş tinglərin
əkilməsi nəzərdə
tutulur.
Cəlilabadlılar bitkiçiliyin digər
sahələri ilə
də intensiv məşğul olmuş,
il ərzində 80,6 min
ton kartof, 1,8 min ton tərəvəz,
369 ton bostan məhsulları,
216 ton qarğıdalı, 176 ton günəbaxan, 5 min ton şəkər
çuğunduru, 465 ton pambıq
və 1,4 min ton meyvə
istehsal etmişlər.
2011-ci ildə
rayonda yenidənqurma və tikinti-abadlıq işləri də geniş vüsət almış, tikinti işlərinin həcmi xeyli artmışdır.
Əsas kapitala yönəldilən investisiyalar
41 milyon 959 min manat olmuşdur ki, bu da 2003-cü ilə nisbətən 29,7 dəfə çoxdur. Tikinti-quraşdırma işlərinin həcmi
isə 2003-cü illə
müqayisədə 32 dəfə
artaraq 40 milyon 900 min manata çatmışdır.
Nəticədə yalnız
keçən il
kənd təsərrüfatı
təyinatlı tikililərdən
əlavə, Cəlilabad
şəhərində Heydər
Əliyev adına Yaradıcılıq Mərkəzi,
Dövlət Bayrağı
meydanı, qaz istismarı sahəsinin inzibati binası, Uzuntəpə kəndində
xeyir-şər evi tikilib istifadəyə verilmişdir. Hazırda Cəlilabad şəhərində
Olimpiya idman kompleksi, baytarlıq idarəsi üçün
inzibati bina, Təklə kəndində
baytarlıq məntəqəsi
və Qarakazımlı
kəndində xeyir-şər
evi tikilir.
Prezidentin
tapşırığına əsasən, rayonun 45 kəndini əhatə edən Cəlilabad-Yardımlı
yolunun 19 kilometrinin asfaltlaşdırılması və
yolun 6 kilometrinə çınqıl tökülməsi
də əhali tərəfindən böyük
razılıqla qarşılanmışdır.
Bundan savayı, Cəlilabad-Cəngan,
Ocaqlı-Qarakazımlı və
Göytəpə-Komanlı yolları əsaslı təmir edilmiş, 6 kilometrlik Alar-Günəşli
yoluna asfalt döşənmişdir. Eyni
zamanda, Üçtəpə, Şabanlı, Ləkin və
Ağdaş kənd inzibati ərazi dairələrinin əhatə
etdiyi kənddaxili yollara çınqıl
tökülmüşdür.
Son illər rayonda yeni istehsal müəssisələrinin, ticarət, iaşə və məişət obyektlərinin tikilməsi hesabına yüzlərlə işsizin məşğulluğu təmin edilmişdir. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının və digər tədbirlərin yerinə yetirilməsi nəticəsində son 8 il ərzində 24 mindən çox, o cümlədən 2011-ci ildə 830-a yaxın yeni iş yeri açılmışdır və həmin iş yerlərinin yarıdan çoxu daimidir.
Cəlilabadda şəhid ailələrinə və Qarabağ əlillərinə, qaçqın və məcburi köçkünlərə diqqətlə yanaşılır, imkan daxilində onların problemləri həll olunur. İndiyədək tikintisi başa çatmış 16 və 36 mənzilli yaşayış binalarında 42 Qarabağ müharibəsi əlili və şəhid ailəsi, 2 nəfər Böyük Vətən müharibəsi əlili, 2 nəfər 20 Yanvar əlili və 6 nəfər Çernobıl iştirakçısı evlə təmin edilmişdir. Bu kateqoriyadan olan vətəndaşların mənzilə tələbatını nəzərə alaraq Cəlilabad şəhərində əlavə yaşayış binalarının tikilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılıq əldə olunmuşdur.
Əhalinin ən ağrılı problemlərindən olan elektrik enerjisi və təbii qazla təchizat sahəsində də konkret tədbirlər görülür. Regional inkişaf proqramlarının icrası çərçivəsində Cəlilabad şəhərində elektrik təsərrüfatının yenidən qurulması başa çatdırılmış, 58,5 kilometr SİP tipli kabel çəkilmiş, 3 min 200 elektrik dirəyi dəyişdirilmiş, 8 min 356 abonentə SMART sayğacı quraşdırılmışdır. Şəhərin yeni yaşayış massivində 6, habelə Bədirli, Adnalı, Cəfərxanlı, Uzuntəpə və Üçtəpə kəndlərində yeni transformator istifadəyə verilmiş, 14,5 kilometr yararsız elektrik xətləri yenisi ilə əvəz edilmişdir. Hazırda Alar və Günəşli kəndlərində elektrik təsərrüfatında yenidənqurma işləri aparılır və SMART tipli sayğaclar quraşdırılır. Təbii qazla təchizata gəldikdə isə Günəşli kəndində yeni qazpaylayıcı stansiya tikilmiş, Günəşli və Alar kəndlərinə təbii qaz verilmiş, rayon üzrə 1161 paqonmetr qaz xətti dəyişdirilmiş, abonentlər üçün 6 min 705 sayğac quraşdırılmışdır. Hazırda 12 min 446 nəfər təbii qazdan istifadə edir. Bu il Cəlilabad şəhərinin yenidən qazlaşdırılması və 12 kəndə təbii qazın bərpa edilməsi nəzərdə tutulur. Yeri gəlmişkən onu da qeyd edək ki, 2013-cü ilədək Cəlilabad şəhərində yeni su və kanalizasiya sistemi çəkiləcək, bütün çirkli sular yeraltı borular vasitəsilə təmizləyici qurğuya axıdılacaq.
Bütün bölgələr kimi Cəlilabadda da təhsilin inkişafına, yeni məktəb binalarının və sinif otaqlarının tikilməsinə, mövcud binaların təmir olunmasına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə gündəlik qayğı göstərilir. Təkcə keçən il Gülməmmədli kəndində 360 şagirdlik tam orta məktəb binasının tikintisi başa çatdırılmışdır. Hazırda Cəlilabad şəhər 2 nömrəli tam orta məktəb üçün 640, 6 nömrəli ümumi orta məktəb üçün 180 və Sabirabad kənd 1 saylı tam orta məktəb üçün 480 şagirdlik məktəb binaları inşa olunur. Yaxın günlərdə isə Soltankənd, Həziabad və Zəhmətabad kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılacaq.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində bütün bölgələrdə, o cümlədən Cəlilabadda həyata keçirilən tədbirlər nəticəsində baş vermiş müsbət dəyişiklikləri sadalamaqla bitən deyil. Amma elə qeyd etdiklərimiz də bu proqramların regionlarımızın həyatında necə mühüm rol oynadığını göstərməyə kifayətdir.
Seyran CAVADOV
Azərbaycan.- 2012.- 7 mart.- S. 6.