Altıağacda yeni stansiya fəaliyyətə
başlayıb
Altıağac Milli Parkı ərazisində atmosfer havasında transsərhəd çirkləndiriciləri təyin edən birinci səviyyəli atmosfer havasının fon monitorinqi stansiyası (EMEP) fəaliyyətə başlayıb.
Stansiyanı Azərbaycan Respublikası tərəfindən 2002-ci ildə ratifikasiya edilmiş BMT-nin Avropa İqtisad Komissiyasının "Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiya"nın "Avropada hava çirkləndiricilərinin böyük məsafələrə yayılmasına nəzarət edilməsi və yayılmanın qiymətləndirilməsinin birgə proqramı" çərçivəsində Norveç Hava Tədqiqatları İnstitutu nəzdində fəaliyyət göstərən Kimya Koordinasiya Mərkəzi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi quraşdırıblar.
Stansiyadan əldə edilən məlumatlar əsasında iqlim dəyişmələri, çirkləndiricilərin transsərhəd daşınmasının dinamikası, atmosfer havasının çirkləndirilməsinin ətraf mühitə, insan sağlamlığına təsiri müəyyən ediləcək. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzinin spektrometriya və xromatoqrafiya laboratoriyası müvafiq kimyəvi standartlar və reaktivlərlə təmin edilib.
Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, stansiya respublika ərazisində mövcud atmosfer havasının çirklənməsinin monitorinqi sisteminə daxil edilib.
Azərbaycan.- 2012.- 7 mart.- S. 6.