Xəzər
sahillərində şou
"Eurovision-2012" mahnı müsabiqəsi Bakıdakı "Kristal" zalda
keçiriləcəkdir
"Rossiyskaya qazeta"nın 6 mart tarixli 5721 (48) nömrəli federal buraxılışında jurnalist Oksana Mixaylovanın "Xəzər sahillərində şou" adlı geniş məqaləsi dərc edilmişdir. AzərTAc məqaləni təqdim edir.
57-ci "Eurovision" mahnı müsabiqəsi 2012-ci ilin
baharında Bakıda keçiriləcəkdir. Ötən
ilin may ayında Almaniyanın Düsseldorf şəhərində
Azərbaycanı təmsil
edən Eldar və Nigar dueti
Avropada hitə çevrilmiş "Running Scared" kompozisiyası ilə öz ölkəsi üçün bu müsabiqəni keçirmək
hüququ qazanmışdır.
Yarımfinallar mayın 22-nə və 24-nə, final isə
26-na planlaşdırılmışdır.
Müsabiqənin keçiriləcəyi
yer
İndi Bakıda "Eurovision-2012" mahnı
müsabiqəsinin qonaqlarını
və iştirakçılarını
qəbul etməyə
son hazırlıq işləri
başa çatmaq üzrədir. Müsabiqə özü isə məxsusi
bu məqsədlə tikilmiş möhtəşəm
"Baku Crystal Hall" (Kristal zal) konsert sarayının
zalında keçiriləcəkdir. Bu zal şəhərin mərkəzinin
yaxınlığında, Dövlət Bayrağı
Meydanının yanında yerləşir. Sarayın tikintisi hələ
başa çatmamışdır, tamamlama işləri
aparılmalıdır, lakin artıq indidən aydındır
ki, bu zal mütənasibliyinə görə Roma Kolizeyini
xatırladacaq, onun çevrəsi boyunca futurist kristallar yerləşdiriləcəkdir.
Konsertin bütün Avropaya translyasiyasını təşkil edən Avropa Yayım Birliyinin nümayəndələri "Eurovision-2012" mərkəzinin tikintisi dövründə dəfələrlə buraya baş çəkmiş, "Baku Crystal Hall"ın bütün müasir standartlara uyğun gəldiyinə əmin olmuşlar. Zalda 25 min tamaşaçı yerləşəcəkdir. Daha 15 min seyrçi isə zalda baş verənləri şəhərin meydanlarında quraşdırılacaq böyük ekranlarda müşahidə edə biləcəkdir.
Kompleksin tikintisi Avropada və dünyanın digər ölkələrində həyata keçirilmiş layihələri ilə məşhur olan "ALPINE Bau Deutschland AG" şirkətinə həvalə edilmişdir. Onun tərəfdaşları İsveçrənin "Nussli AG" və "Basler & Hofmann AG", Avstriyanın "GmbH & Co.KG" və Münxenin "SSF Ingenieure AG" şirkətləridir. Xatırladım ki, Almaniyada "Eurovision-2011" mahnı müsabiqəsi üçün səhnənin konstruksiyası işləri ilə məhz "Nussli AG" şirkəti məşğul olmuşdur.
Kompleksin kristal formasında olmasını Azərbaycan rəhbərliyi təkid etmişdir. Bu heyrətamiz memarlıq obyekti həm şəhərin görməli yeri, həm də qitələr və sivilizasiyalar arasında bir növ körpü olacaqdır. Musiqi stadionunun memarlıq həlli "Eurovision-2012" mahnı müsabiqəsinin "Öz məşəlini alovlandır!" devizi ilə yaxşı uzlaşır. Binanın fasadında yerləşən 45 min kristal axşamlar rəngbərəng işıq saçaraq brilyant parıltısını xatırladacaqdır.
"Kristal" zalın yerləşdiyi ərazi də qeyri-adidir. Qonaqlar burada həm 43 ölkədən gəlmiş artistlərin çıxışlarından, həm də Xəzər dənizinə və şəhərə açılan gözəl mənzərədən feyziyab ola biləcəklər. CNN telekanalının "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq işlərinin gedişinə həsr edilmiş reportajında deyilir: "Layihə öz orijinallığı və sadəliyi ilə fərqlənir. Bakının və dənizin gecə mənzərəsi görünən səhnənin arxasındakı şəffaf şüşə divar əla variant olacaqdır".
Təşkilatçılar vəd edirlər ki, müsabiqə üçün Avropadan icarəyə götürüləcək yeni audio və video avadanlıqlar da tamaşaçıları heyrətləndirəcəkdir.
Müsabiqənin mətbuat mərkəzi də "Kristal" zalın yaxınlığında yerləşəcəkdir. Gözlənildiyinə görə, "Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün Bakıya 1600 jurnalist gələcəkdir. Bununla əlaqədar, KİV üçün 5 min kvadratmetrlik işçi sahəsi olan bina nəzərdə tutulur. Rabitə sarıdan nasazlıq olmayacaqdır. Jurnalistlər harasa zəng etmək və ya internetə çıxış üçün heç bir problemlə üzləşməyəcəklər. Bundan əlavə, may ayına qədər şəhərin mərkəzindəki ticarət mərkəzləri, restoranlar və digər ictimai yerlər simsiz Wi-Fi rabitəsi ilə əhatə olunacaqdır.
"Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsinə hazırlıq üzrə təşkilat komitəsinin rəhbəri Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.
Yollar, otellər və restoranlar
İndi Bakıda təkcə konsert zalı tikilmir, həm də avtomagistralların yaxşılaşdırılması, mərkəzi prospektlərdə tıxacların aradan qaldırılması üzrə işlər aparılır, şəhər bərpa olunur, onun görkəmi dəyişir. Məşhur Bakı bulvarı Dövlət Bayrağı Meydanına qədər uzadılmışdır, Milli Park da genişləndirilmişdir. Landşaft işlərinə cəlb edilmiş məşhur dizaynerlər hansı binalarda əlavə işıqlandırma, hansı küçələrdə yeni fənərlər quraşdırılması, harada ağacların səliqəyə salınması lazım olduğunu başa düşmək üçün Bakının müxtəlif rayonlarında səhər, gündüz və axşam vaxtı fotoşəkillər çəkmişlər. Bu dizaynerlərin iradları şəhərin simasını gözəlləşdirmək üzrə tədbirlər görülməsi üçün yerli memarlara təqdim edilmişdir.
Azərbaycan kasıb dövlət deyildir. O, həm "Eurovision-2012" mahnı müsabiqəsinin qonaqlarına, həm də öz vətəndaşlarına əsl bayram bəxş edə bilər.
Müsabiqənin təşkilatçılarının məşğul olduğu daha bir məsələ qonaqların və iştirakçıların rahat yerləşdirilməsidir. Azərbaycanın turizm şirkətləri bugünə qədər "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə Bakıya gəlmək arzusunda olan əcnəbi turistlərdən 5 mindən çox sifariş almışlar. Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov demişdir ki, "Eurovision-2012" mahnı müsabiqəsi dövründə Bakı 10 mindən çox turist gözləyir. N.Bağırov demişdir: "Lakin qeyd etməliyəm ki, müsabiqə qonaqlarının əksəriyyəti VİP-personalar deyil, yaşı 16-ya qədər olan Avropa musiqi fanatlarıdır. Onlar mehmanxana xidmətlərindən istifadə etməkdənsə mənzil kirayələməyi üstün tuturlar". Buna görə də assosiasiyanın qərarı ilə əcnəbi qonaqlar şəhərin 11 min turisti qəbul etmək imkanı olan 500 otelindən başqa, ilk növbədə, musiqi fanatları üçün nəzərdə tutulan kirayə mənzillərdə də yerləşdiriləcəklər.
Yüksək komfort həvəskarları üçün 60 villa icarəyə veriləcəkdir. Əgər bu da kifayət etməsə, onları 2 teploxodda yerləşdirmək olar. Müsabiqə dövründə kayutlarda ümumilikdə 250 nəfər yerləşə biləcəyi 2 gəmi Xəzər sahillərində lövbər salacaqdır. Yaşayış yerini Eurovision.az saytı vasitəsilə qabaqcadan bron etmək olar.
Rəsmi nümayəndə heyətləri üçün otellərin onlayn bron edilməsi martın 1-dən başlanmışdır. Müsabiqənin təşkilat komitəsi üçün otellərdə nömrələr artıq bronlaşdırılmışdır. Məxsusi olaraq əcnəbi qonaqlar üçün şəhərin mehmanxanalarında "Qafqaz fyujnu" stilində orijinal menyular hazırlanır. Otellərin inzibatçıları Avropadan və hətta Yaponiyadan aşpazlar dəvət etmişlər ki, onlar ənənəvi Azərbaycan yeməklərini Avropa və Asiya mətbəxinin əsas meyilləri ilə necə əlaqələndirmək mümkün olacağını fikirləşsinlər. Məsələn, may ayında restoranlarda Yaponiya dəniz məhsullarından kabab, donuz ətindən dolma, yaxud göbələklə və konyakla plov təklif ediləcəkdir.
Keb Bakı küçələrində
Bakının taksi parkı da yenilənir. 300-dək yeni taksi alınmışdır. Bu maşınların hər biri Britaniya kebinin dəqiq surətidir, yalnız sükan sol tərəfdə yerləşir. Keblər mobildir, Bakının ensiz küçələrində asanlıqla manevr edir, şəhərdə artıq tikilib istifadəyə verilmiş traslarda kifayət qədər sürətlə hərəkət edir. Müştərilər bu maşınların salonundakı rahatlığı da müsbət qiymətləndirmişlər.
İctimai nəqliyyat vasitələrinin sürücüləri, təcili tibbi yardım həkimləri, polis işçiləri də turist axınına hazırlaşırlar. Heydər Əliyev Beynəlxalq Aeroportu da qonaqlar gələnə qədər görkəmini dəyişəcəkdir.
Qonaqlar üçün viza ilə bağlı problem olmayacaqdır. Azərbaycan rəhbərliyi "Viza prosedurlarının sadələşdirilməsi haqqında" fərman imzalamışdır. "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçıları olan bütün 43 ölkənin vətəndaşları vizanı birbaşa aeroportda ala biləcəklər. Bunun üçün dəvət məktubu, akkreditasiya sənədi, tədbir üçün bilet və ya biletin alınmasını təsdiq edən sənəd təqdim etmək lazım gələcəkdir.
Müsabiqənin birinci yarımfinalı və onun məşqləri üçün biletlərin satışı fevralın 29-dan başlanmışdır. Müsabiqənin ikinci yarımfinalı və onun məşqləri üçün biletlər martın 5-də satışa daxil olmuşdur. Martın 12-də finalın ikinci baş məşqinə, martın 15-də isə müsabiqənin finalına biletlər satışa daxil olacaqdır.
Biletlərin qiymətləri yarımfinalın məşqləri üçün 30-50 manat (1 manat təqribən 1 avroya bərabərdir), yarımfinala 90-150 manat, finalın ikinci baş məşqinə 60-100 manat, finala 160-240 manat civarında dəyişir. Bakı aeroportunda viza almağın sadələşdirilmiş prosedurunun tətbiqi üçün bütün biletlərdə onları alan şəxsin adı, milləti, doğulduğu tarix və yer, həmçinin pasportunun nömrəsi qeyd ediləcəkdir.
Zalda konkret
yerləri sifariş etmək mümkün olmayacaq,
yalnız yerlərin seksiyasını seçmək olar. Biletlərin dəyəri kredit kartları (MasterCard, VISA, American Express) üzrə ödəniləcəkdir. Kartlar üzrə
bütün ödənişlər
avro ilə aparılır.
"Eurovision-2012" mahnı müsabiqəsinin gələcək
qonaqları bilet alandan sonra onların
elektron poçtuna biletin alınmasını
təsdiqləyən vauçer
göndəriləcəkdir. Vauçeri çap
etdikdən sonra pasport və kredit kartını təqdim etməklə Bakıdakı bilet kassalarının birindən
bilet almaq olar.
"Eurovision-2012"nin qonağı üçün tam paket artıq indidən internetdə təklif edilir. Bu paketə
təyyarə bileti, oteldə yaşamaq və müsabiqə konsertlərinə biletlər
daxildir. Belə paketlərin
dəyəri orta hesabla 1600 avrodur.
Xalq sürprizi
Ənənəyə görə
"Eurovision-2012"nin səhnəsinə
hər bir iştirakçının çıxmasından
əvvəl müsabiqənin
iştirakçısı olan
ölkəni və ifaçını təqdim
edən reklam çarxı nümayiş
etdirilir. Azərbaycanda
bu cür çarxların hazırlanması
prosesinə yaradıcı
şəkildə yanaşmaq
qərara alınmışdır:
videoda çəkilmək
arzusunda olanlar üçün bütün
ölkədə müsabiqə
elan edilmişdir. Beləliklə, "Eurovision-2012"nin tamaşaçıları
kadrda peşəkar aktyorları deyil, ölkənin adi sakinlərini görəcəklər.
Bu seçimdə 900-dən çox adam
iştirak etmişdir.
Onlar öz fotoşəkillərini
elektron poçtla müsabiqənin təşkilatçılarına
göndərmişlər.
Müsabiqənin dəyəri
"Eurovision-2012"nin keçirilməsi üçün Azərbaycanın
dövlət büdcəsindən
50 milyon manat (təxminən 50 milyon avro) ayrılmışdır.
Bu məbləğə Avropa Yayım Birliyinin əlavə edəcəyi vəsaitlər,
habelə bilet satışından və
sponsorlarla kontraktlardan
daxilolmalar aid deyildir.
Azərbaycan kasıb dövlət
deyil, onun güclü neftçıxarma
sənayesi nəzərə
alınmaqla təsadüfi
deyildir ki, onu "Odlar diyarı" adlandırırlar.
Bu ölkə "Eurovision-2012"-nin "Öz
məşəlini alovlandır!"
şüarına uyğun
olaraq həm ölkə vətəndaşları,
həm də müsabiqənin qonaqları
üçün əsl
bayram təşkil etməyi özünə rəva görə bilər. Şübhə yoxdur ki, Azərbaycan dünyanın
ən populyar musiqi müsabiqələrindən
birini layiqincə qəbul edəcəkdir.
Azərbaycan.- 2012.- 7 mart.- S. 7.