Xalq yazıçısı Elçinin Şekspirəsəri əsasında səhnələşdirilmiş tamaşanın premyerası olmuşdur

 

 Martın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ADAMDT) xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında səhnələşdirilmiş tamaşanın premyerası keçirilmişdir.

AzərTAc xəbər verir ki, tamaşanın premyerasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tamaşanın nümayişindən əvvəl jurnalistlərə müsahibə verən xalq yazıçısı Elçin demişdir ki, bu əsər Azərbaycanda ilk dəfə "ÜNS" Yaradıcılıq Səhnəsində tamaşaya qoyulmuşdur. Bu pyesi məxsusi olaraq "ÜNS" teatrı üçün yazmışdım. Görkəmli rejissorumuz Bəhrəm Osmanovun quruluş verdiyi tamaşanın bədii rəhbəri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva olmuşdur.

Xalq yazıçısı vurğulamışdır ki, "Şekspir" pyesi tezliklə dünya teatr ictimaiyyətinin də diqqətini cəlb etmişdir. Bir sıra xarici ölkələrin teatrları, o cümlədən Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən "Avanqard" teatrı, Ukraynanın Krım-tatar Akademik Musiqili Dram Teatrı bu əsər əsasında tamaşa hazırlamışlar. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk dəfədir ki, oynanılan bu əsər ümumilikdə mənim fikir və düşüncələrimin ifadəsini əks etdirir. İnanıram ki, bu səhnə əsəri tamaşaçıların xoşuna gələcəkdir.

Tamaşanın quruluşçu rejissoru Kişineudakı Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri xalq rəssamı, Dövlət Mükafatı Laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır.

Tamaşada xalq artisti Ramiz Novruz, əməkdar artistlər Pərviz Bağırov, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, aktyorlar Nigar Güləhmədova, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Anar Heybətov, Elşən Rüstəmov və başqaları çıxış etmişlər.

Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyali qurduğu dünyada yaşayırlar. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə baş-başadır. Stalin bütün günü törətdiyi əməllərin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir.

Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, anlayır ki, o, buna qadir deyildir. Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər. Bu şəraitdə onları yaşadan da budur. Xəstələrin ərzaqlarına əl uzatmaqdan belə çəkinməyən xəstəxana personalının hər cür təzyiq göstərdiyi, simasızlaşdırmağa çalışdığı pasiyentləri Şekspirin dühası öz ətrafında birləşdirir. Sara Bernarın sevimli əsəri olan "RomeoCülyetta" hamını öz ülviliyi və təmizliyi ilə məftun edir.

Xəstəxanaya Drob-13-ün gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə yenidən, yadplanetlilərin gözü ilə baxır. Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu, sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan edildiyi dünyamızın kiçik modelinə çevrilir. Şekspirin kitabını oxuyan Drob-13 də onun əsərlərindəki insan hisslərinin böyüklüyünə, gözəlliyinə heyran qalır və təəssüflə etiraf edir ki, onun planetində yaşayanlar çox dərin biliklərə malik olsalar da, onlarda teatr yoxdur. Söz verir ki, öz planetinə qayıdan kimi, oradakılara Şekspirin kitabını göstərəcəkdir.

"Şekspir" tamaşasının premyerası iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Bu tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və ADAMDT-ın təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan "GUAM-ın teatr məkanı" layihəsinin tərkib hissəsidir.

Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində martın 10 və 11-də də nümayiş olunacaqdır.

 

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 7.