İOTA işçi qrupunun ilk iclası Bakıda keçirilir
Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) Vergi borclarının idarə edilməsi üzrə işçi qrupunun ilk iclası işə başlamışdır. Tədbirdə İOTA-ya daxil olan 20 ölkənin vergi borclarının idarə olunması üzrə ekspertləri iştirak edirlər.
Vergilər nazirinin müavini Sahib Ələkbərov iclas iştirakçılarını salamlayaraq İOTA işçi qrupunun ilk iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayaraq son illər Azərbaycanda bu sahədə bir sıra nailiyyətlər əldə olunduğunu, vergi borclarının məcburi alınması ilə bağlı inzibatçılığın xeyli təkmilləşdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Vergilər Nazirliyinin beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi önəm verdiyini söyləyən nazir müavini İOTA işçi qrupunun bu iclasının iştirakçı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, vergi borclarının idarə olunması sahəsində səmərəliyinin daha da artırılması istiqamətində mühüm addım olacağını bildirmişdir.
İOTA-nın texniki eksperti, Vergi borclarının idarə edilməsi üzrə işçi qrupunun rəhbəri Yevgenius Soldatkovas səmimi qarşılanmaya görə Azərbaycanın Vergilər Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirmiş, müzakirə olunacaq məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi İlkin Vəliyev "Vergi borclarının idarə olunması sistemi" adlı təqdimatla çıxış etmiş, vergi borclarının strukturu və onun idarə olunmasının strategiyası, vergi borclarının yığılması prosesinin avtomatlaşdırılması, vergi ödəyicilərinin öhdəlikləri, vergi borclarının dinamikasının qiymətləndirilməsi, borcların azalma tendensiyası, vergi borclarının idarə olunmasının səmərəli modelinin yaradılması və s. haqqında danışmışdır.
İşçi qrupunun iclası martın 8-dək davam edəcək.
Azərbaycan.- 2012.- 7
mart.- S. 7.