Azərbaycan Prezidenti İlham Əliyev
Niderland Krallığının infrastruktur və ətraf mühit
nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Xanım Melanie Schultz van Haegen-Maas Geesteranus Niderlandın Baş nazirinin salamlarını dövlət başçısına çatdırdı. Niderlandlı nazir ölkəsinin Bakıda, Azərbaycanın isə Haaqada səfirliyinin fəaliyyət göstərməsinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi. Nazir iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğuladı.
Dövlət başçısı Niderland Krallığının infrastruktur və ətraf mühit nazirinin iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi və səfərin ölkəmizi yaxından tanımaq üçün qonaqlara yaxşı fürsət yaradacağını dedi. Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə keçirdiyi görüşləri və əməkdaşlığımızın inkişaf etdirilməsinə dair səmərəli müzakirələr apardığını xatırladı. Dövlət başçısı səfirliklərin fəaliyyətə başlamasından sonra ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı.
Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən su təsərrüfatı, infrastruktur, ekologiya, nəqliyyat və digər sahələrdə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Niderland Krallığı Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2012.- 8 mart.- S. 1.