Gürcüstan Prezidenti Milli Məclisdə olmuş,
deputatlar qarşısında
çıxış etmişdir
Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili martın 7-də Milli Məclisə gəlmişdir.
Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.
Gürcüstan dövlətinin başçısı Milli Məclisin iclas zalına baxmış, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Ali qonaq Milli Məclisdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri əks etdirən fotomateriallar qonaqda dərin təəssüratlar yaratmışdır.
Sonra Gürcüstan Prezidenti Mixeil Saakaşvili Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Bu günədək 100-dən çox dövlətlər və hökumətlərarası sənəd imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. İnanırıq ki, Gürcüstan Prezidentinin bu rəsmi səfəri münasibətlərimizin genişlənməsində yeni imkanlar açacaqdır.
Bu gün Azərbaycan ilə Gürcüstan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu kimi irimiqyaslı layihələrdə birgə iştirak edirlər. Biz yeni AGRİ layihəsi üzərində işləyirik. Azərbaycanın təbii ehtiyatlarının Avropaya daşınmasında mühüm rol oynayacaq bu layihə ölkələrimiz üçün böyük dividendlər gətirəcəkdir.
O.Əsədov dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş, hər iki parlamentdəki dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir. Deputatlarımızın beynəlxalq təşkilatlardakı birgə fəaliyyəti xüsusi qeyd edilmişdir.
Milli Məclisin Sədri regional münaqişələrdən danışmış, ölkələrimizin separatizmdən əziyyət çəkdiyini vurğulamışdır. Bildirmişdir ki, yalnız birgə səylər nəticəsində bu problemlərin həllinə nail ola bilərik.
Mixeil Saakaşvili göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Gürcüstan Prezidenti Azərbaycanın sürətlə inkişaf etdiyini, regionda lider dövlət olduğunu, dünyada mövqelərinin daha da möhkəmləndiyini xüsusi qeyd etmişdir. O, bu inkişafda parlamentin rolunu vurğulamışdır. Ölkələrimiz arasındakı münasibətlərin genişlənməsində parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətindən danışan M.Saakaşvili Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın rolunu yüksək qiymətləndirmişdir.
M.Saakaşvili demişdir ki, ötən il Gürcüstana 600 minə yaxın Azərbaycan vətəndaşı səfər etmişdir. Azərbaycana gələn Gürcüstan vətəndaşlarının sayı isə bir milyona yaxındır. Bu rəqəmlər özlüyündə xalqlarımız arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.
Regional münaqişələr, onların həlli yolları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsinin aparıldığı görüşdən sonra Gürcüstan Prezidenti Mixeil Saakaşvili Milli Məclisin iclas zalına gəlmişdir.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirmişdir ki, Azərbaycan və gürcü xalqlarının dostluğu qədim köklərə malikdir və indi bu münasibətlər daha da güclənərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Parlamentin Sədri dövlətlərimizin başçılarının səmimi münasibətlərinin ikitərəfli əlaqələrin dinamik inkişafına xidmət etdiyini diqqətə çatdırmışdır. Oqtay Əsədov ölkələrimizin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng transmilli layihələri həyata keçirdiklərini vurğulamışdır.
Milli Məclisin deputatları qarşısında çıxış edən Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan parlamentində olmaqdan böyük şərəf duyduğunu demişdir. "Hər dəfə Bakıya gələndə məni şəhərin və bütövlükdə ölkənin ağlasığmaz dərəcədə inkişafı heyran edir", - deyən Mixeil Saakaşvili bu tərəqqidən məmnun qaldığını vurğulayaraq bildirmişdir: "Azərbaycan heyranedici sürətlə inkişaf edir və hazırda beynəlxalq arenada böyük oyunçudur. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyü bu inkişafın təsdiqidir. Ölkənizin əsl dostu və strateji tərəfdaşı kimi Gürcüstan sizin uğurlarınıza sevinir və fəxr edir.
Bu gün mən burada dövlətlərimiz arasında strateji tərəfdaşlığın nə qədər həyati əhəmiyyətə malik olduğunu vurğulamaq istəyirəm. Əslində bu, strateji tərəfdaşlıqdan qat-qat artıq münasibətlərdir. Bizi birləşdirən amil - şanlı ümumi keçmişimiz barədə xatirələr, ümumi dinc və azad gələcəyə eyni dərəcədə can atmağımızdır. Bizim dostluğumuz əsrlərlə, göz yaşları və təbəssümdən, ümidlər və təlaşlardan keçərək formalaşmışdır. Həm Azərbaycan, həm də Gürcüstan qədim ölkələrdir, lakin çox gənc müstəqil dövlətlərdir".
Mixeil Saakaşvili ölkələrimizin bir-biri ilə dərin tarixi köklərlə bağlılığından bəhs etmiş, ümumi keçmişimizin bəzi məqamlarına toxunmuş, ölkələrimizin və xalqlarımızın hər zaman bir yerdə olduğunu demişdir. Prezident Mixeil Saakaşvili Azərbaycanın tarixi şəxsiyyətlərinin, ədiblərinin, incəsənət və ictimai xadimlərinin Gürcüstan ilə sıx əlaqələrini xatırlatmış, dahi Nizaminin Gürcüstana olan məhəbbətindən, XIX əsrin sonu - XX əsrin əvvəlində Gürcüstan ədəbi-bədii mühitində təhsil almış və formalaşmış Azərbaycan ziyalılarından bəhs etmiş, onların zəngin irsinin xalqlarımız arasında bir körpü olduğunu demişdir.
Gürcüstan Prezidenti məşhur Azərbaycan yazıçısı Qurban Səidin müəllifi olduğu "Əli və Nino" əsərinin ölkələrimizin ortaq tarixini və mədəniyyətini əks etdirdiyini bildirmişdir. Prezident Mixeil Saakaşvili Gürcüstanın Avropa və Avratlantik qurumlarına inteqrasiya prosesindən də danışmış, ölkələrimizin birgə enerji layihələri üzərində çalışdığını vurğulamış, həmçinin reallaşmaqda olan layihələrə toxunmuşdur.
Mixeil Saakaşvili
bir daha ölkəmizdə
olmaqdan məmnun qaldığını demiş və Azərbaycan parlamentinin
fəaliyyətinə uğurlar
arzulamışdır.
Azərbaycan.- 2012.- 8 mart.- S. 2.