Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Eurovision" mahnı müsabiqəsinin tarixini əks etdirən sərgi ilə tanış olmuşdur

 

 Martın 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakı Biznes Mərkəzində "Eurovision" mahnı müsabiqəsinin tarixini əks etdirən sərgi ilə tanış olmuşdur.

Bakı Biznes Mərkəzinə gələn Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əvvəlcə mərkəzin həyətində yeni gətirilən avtobusla tanış oldu.  Azərbaycanın birinci xanımına məlumat verildi ki, 49 yerlik bu avtobuslar Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi zamanı Azərbaycana gələn nümayəndə heyətlərinə xidmət göstərəcəkdir. Hər nümayəndə heyətinə bir avtobus ayrılmışdır.

Bildirildi ki, fiziki imkanları məhdud insanlara xidmət edəcək yeni "Şatl bus" adlı nəqliyyat vasitələrinin də Azərbaycana gətirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərkəzdəki şərait və "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar yaradılan işçi qrupunun fəaliyyəti ilə tanış oldu.

Birinci mərtəbədəki stendlərə baxış zamanı Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, mərkəzdə 100-dən artıq mütəxəssisin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən guşələrə baxan Mehriban xanım Əliyeva milli musiqi alətlərimizin də yer aldığı stend ilə tanış oldu. Burada milli musiqi alətlərimizin tarixi  barədə ətraflı məlumatlar yer almışdır.

Sonra Azərbaycanın birinci xanımı elektron tablo vasitəsilə həyata keçirilən əməliyyatlara baxdı. Bu tablolarda elektron biletlərin satışı prosesi göstərilir.

Bakı Biznes Mərkəzində "Eurovision-2012" mahnı müsabiqəsi zamanı yerli və xarici jurnalistlərin fəaliyyət göstərəcəyi konfrans zalı da vardır. Zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Media nümayəndələrinin rahat işləməsi üçün sürətli Wi-Fi şəbəkəsi də qurulmuşdur.

Mehriban xanım Əliyeva "Eurovision" mahnı müsabiqəsinin tarixini - başlandığı 1956-cı ildən 2011-ci ilədək dövrü əks etdirən stendə də baxdı. Heydər Əliyev Fondunun prezidentinə müsabiqənin müxtəlif illərində qalib olan ölkələrin nümayəndələri  haqqında məlumat verildi. Stenddə ötən il Azərbaycana qələbə qazandırmış Eldar Qasımov və Nigar Camalın fotoları da yer almışdır.

İkinci mərtəbə ilə də tanış olan Azərbaycanın birinci xanımı  konfrans zallarına baxdı, müsabiqənin keçirilməsi ilə bağlı təşkilati məsələlərə dair sənədlər ilə tanış oldu.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 8 mart.- S. 3.