Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi Belçika Parlamentinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaqdır

 

Xəbər verdiyimiz kimi, Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşarın dəvətinə əsasən,  Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli  Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə səfərdədir.

Martın 6-da Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında "İşğal olunmuş ərazilər, unudulmuş ərazilər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqihumanitar aspektləri" mövzusunda müzakirələr keçirilmişdir. Müzakirələrdə Azərbaycan və Belçika parlamentlərarası dostluq qruplarının üzvləri, belçikalı parlamentarilər, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri olmaqla 100-dən artıq şəxs iştirak etmişdir.

Tədbiri Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar açmış, iştirakçıları müzakirələrdə fəal olmağa çağırmışdır.

Sonra "Euronyus" kanalının 2011-ci ildə "Dağlıq Qarabağ: qaçqınları ziyarət" adlı videoreportajı nümayiş etdirilmişdir.

Daha sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqihumanitar tərəfləri" mövzusunda çıxış etmişdir.

Baş nazirin müavini qeyd etmişdir ki, münaqişə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, bir milyon Azərbaycan vətəndaşının öz daimi yaşayış yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnmişdir. Hərbi əməliyyatlar nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlarqocalar həlak olmuşdur. Münaqişə Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dolları dəyərində ziyan vurmuşdur.

Minlərlə insanın faciəsinə səbəb olmuş münaqişənin kökündə erməni millətçilərinin Azərbaycana qarşı əsassız ərazi iddialarının dayandığını vurğulayan Əli Həsənov ermənilərin qonşu xalqların torpaqları hesabına "böyük Ermənistan" yaratmaq xülyasının bölgədə bu gündavam edən faciələrin əsasını qoyduğunu bildirmişdir.

Baş nazirin müavini qeyd etmişdir ki, əsrlər boyu erməni xalqının gənc nəsli milli müstəsnalıq, Azərbaycan və türk xalqlarına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni "alim"lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara və türklərə qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Cənubi Qafqazda və Şərqi Anadoluda baş verən hadisələr təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində "əzabkeş və məzlum" erməni xalqı obrazı yaradılmışdır.

XIX əsrin əvvəllərindən başlayaraq İran və Türkiyə ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürüldüyü, bunun nəticəsində XX əsrin əvvəllərində bu ərazilərdəki demoqrafik vəziyyətin xeyli dəyişdiyi diqqətə çatdırılmışdır.

Bu siyasət regionun bolşeviklər tərəfindən işğal edilməsindən sonra da davam etdirilmişdir. Belə ki, müxtəlif illərdə sovet hakimiyyət orqanlarının qərarları ilə Azərbaycan SSR-in əraziləri hesabına Ermənistanın ərazisi genişləndirilmiş, Ermənistanda tarixən məskunlaşmış azərbaycanlı əhalinin müxtəlif bəhanələrlə kütləvi şəkildə köçürülməsi davam etdirilmişdir.

Baş nazirin müavini bildirmişdir ki, 1923-cü ildə ermənilərin mənafeyinə uyğun olaraq Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərə muxtariyyət statusu verilsə də, Ermənistan SSR-in ərazisində öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara eyni yanaşma tətbiq edilməmiş, əksinə, onlar öz yaşayış yerlərindən deportasiya edilmişlər.

Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsinin SSRİ-nin süqutu kontekstində 1980-ci illərin sonlarından başladığını qeyd edərək, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin erməni deputatlarının vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi ilə bağlı müraciəti, Ermənistanda və Dağlıq Qarabağda yaşayan dinc azərbaycanlı əhaliyə qarşı zorakılıq, terror aktları təşkil etməklə onların öz yaşayış yerlərindən qovulması və  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xocalı şəhərində azərbaycanlılara və Axıska türklərinə qarşı törətdikləri soyqırımı cinayəti barədə geniş məlumat vermişdir.

Sonra baş nazirin müavini Azərbaycanda qaçqın və məcburi köçkünlərin bilavasitə zəruri ehtiyaclarının təmin edilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən, münaqişənin sülh yolu ilə həllində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedən, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətindən, ərazilərin demoqrafik, sosial, inzibati strukturunun dəyişdirilməsindən, beynəlxalq humanitar hüququn tələblərinə və Cenevrə Konvensiyasının müddəalarına zidd olaraq Ermənistandan, eləcə də başqa ölkələrdən milliyyətcə erməni mülki əhalinin bu ərazilərə yerləşdirilməsindən, nəzarətdə olmayan  ərazidə narkotik vasitələrin əkilib-becərilməsindən, qoşunların təmas xəttində dinc əhalinin, xüsusilə, ahıl və uşaqların Ermənistan ordusu tərəfindən qətlə yetirilməsindən və s. ətraflı danışmışdır.

Əli Həsənov bu cür halların təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region və bütövlükdə beynəlxalq aləm üçün çox təhlükəli olduğunu bildirmiş, münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumları, dünyanın aparıcı dövlətlərini beynəlxalq hüququn fundamental əsaslarını pozanların işğalçı siyasətinə son qoymağa, ikili standartlardan və ədalətsizlikdən əl çəkməyə, prinsipial mövqe nümayiş etdirməyə, beynəlxalq hüquqa əsaslanan addımlar atmağa, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə regionda sülhün, ədalətin bərpa olunmasına nail olmağa çağırmışdır.

Müzakirələrdə "Avropa İntellektual və Təhlükəsizlik Strategiyası" Mərkəzinin direktoru Klod Monike, "Sərhədsiz vəkillər" təşkilatının təsisçisi və rəhbəri Pyer Leqro da çıxış edərək məsələyə münasibət bildirmişlər.

Klod Monike bildirmişdir ki, ötən əsrin 90-cı illərində alovlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində terror elementləri kifayət qədərdir. Həmin elementlərdən yalnız birini nümunə göstərən K.Monike qeyd etmişdir ki, Fransada terrorçu kimi axtarışda olan Monte Melikonyan müharibədə erməni silahlılarının əsas simalarından olmuş, bu gün Ermənistanda milli qəhrəman kimi sevilməkdədir. O, üzünü Belçika parlamentarilərinə tutaraq soruşmuşdur: "1988-1991-ci illərdə hələ SSRİ mövcud olduğuna görə münaqişəni bu dövlətin daxili işi hesab edən Avropa ölkələri həmin dövrdə hərəkətsiz qaldıqları halda, nəyə görə 1991-ci ildən sonra bu istiqamətdə tutarlı addımlar atmamışlar? BMT-nin Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı ən sonuncusu 2008-ci ildə olmaqla beş qətnamənin qəbul edilməsi Ermənistanın konstruktiv addımlar atmağa sövq edilməsi üçün yetərli deyilmi? Nəyə görə Avropanın qonşuluğunda yerləşən bu münaqişənin həlli yollarının axtarılmasında 27 üzv dövləti özündə birləşdirən Avropa İttifaqı deyil, yalnız bir Avropa dövləti iştirak edir? Avropa təsisatlarının Tibet, Fələstin, Somalis. haqqında mütəmadi şəkildə müzakirələr aparıb, sənədlər qəbul etdiyi halda, öz qonşu regionunda yerləşən Azərbaycanın probleminə niyə diqqətini yönəltmir?"

K.Monike münaqişənin həlli ilə bağlı Avropanın fəaliyyətinin gücləndirilməsinin və Belçika parlamentində aparılan dinləmənin məntiqi ardıcıllıqla digər Avropa ölkələrinə də keçməsinin vacibliyini vurğulamışdır.

"Sərhədsiz vəkillər" təşkilatının rəhbəri Pyer Leqro isə çıxışında münaqişənin nizamlanmasına beynəlxalq qeyri-hökumət təşkilatlarının verə biləcəyi töhfədən bəhs edərək, beynəlxalq hüququn münaqişəyə tətbiq olunan prinsipləri barədə danışmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dünyəvi və hüquqi dövlətin qurulduğunu, onun davamçısı Prezident İlham Əliyev tərəfindən həmin dayaqlar üzərində ölkənin uğurla inkişaf etdiyini diqqətə çatdıran natiq, Azərbaycanın Avropaya inteqrasiya kursu seçdiyini, öz hüquqiqanunvericilik bazasını Avropa standartlarına uyğunlaşdırdığını bildirmişdir. Avropaya bu qədər yaxınlaşan bir ölkənin yaşadığı problemlərə avropalıların biganə qalmamalı olduğunu söyləyən P.Leqro parlament təmsilçilərini belə bir sual ətrafında düşünməyə çağırmışdır: "BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə riayət etməyən, Azərbaycanın ərazi bütövlüyünü pozan, onun 20 faiz ərazisini işğal edərək bir milyondan artıq dinc əhalini qaçqın və məcburi köçkünə çevirən Ermənistandan nəyə görə münaqişə ilə bağlı status-kvonu dəyişmək üçün hərəkətə keçməsi xahiş olunmalıdır?! Axı, Ermənistanın Azərbaycana qarşı törətdiklərini yalnız cinayət kimi xarakterizə etmək olar!".

ATƏT-in Minsk qrupunun uzun müddətdən bəri münaqişənin həlli sahəsində fəaliyyətinin optimist olmağa əsas vermədiyini qeyd edən natiq Azərbaycana "Sərhədsiz vəkillər" təşkilatının əməkdaşlarından ibarət missiya göndərilməsini, münaqişə ilə bağlı faktların toplanmasını və Avropa ictimaiyyətini məlumatlandırmaq üçün müvafiq işin aparılmasını təklif etmişdir. O qeyd etmişdir ki, parlamentarilər dondurulmuş münaqişələrin unudulmuş münaqişələrə çevrilməməsi üçün konkret addımlar atmalı, Avropada haqq-ədalətin gecolsa, öz yerini tapmasına çalışmalıdırlar.

Azərbaycan Milli Məclisinin deputatları Qüdrət Həsənquliyev və Fərəc Quliyev debatlarda Azərbaycanın mövqeyini diqqətə çatdırmışlar. Belçikalı deputatlardan Alan Desteks, DalmaniDükarm mövzu ilə əlaqədar fikirlərini bildirmiş, suallar vermişlər.

Çıxışlardan sonra Baş nazirin müavini Əli Həsənov parlamentarilər və ekspertləri maraqlandıran sualları cavablandırmışdır.

İclas zalında belçikalı parlamentarilərə "Vətən həsrəti... Sönməyən ümidlər" sənədli filmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ata-baba torpaqlarından qovulan qaçqınlar, məcburi köçkünlər, həmçinin "qaçqın" statusu almaq niyyətində olan (3-cü ölkələrdən olan sığınacaq axtaran) şəxslər, onların sosial təminatının yaxşılaşdırılması sahəsində görülən tədbirlər  mövcud problemlər haqqında məlumat kitabçası, "Xocalı: XX əsrin Soyqırımı" kitabı və digər materiallar təqdim edilmişdir.

Dinləmələrin sonunda Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi David Gerdt elan etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qrup tərəfindən hazırlanmış qətnamə layihəsi gələn həftə Nümayəndələr Palatasına təqdim olunacaqdır.

Müzakirələrdə Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov, NATO yanında daimi nümayəndə Xəzər İbrahim, deputat Elxan Süleymanovun rəhbərliyi ilə Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun üzvləri Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa, Zahid Oruc, Azər Kərimli, Ceyhun Osmanlı, eləcə də beynəlxalq hüquq üzrə doktor Fuad Süleymanovtarix elmləri doktoru Məhərrəm Zülfüqarlı iştirak etmişlər.

Səfərin yekunları barədə fikirlərini AzərTAc-ın xüsusi müxbiri ilə bölüşən Əli Həsənov bu gün Azərbaycan nümayəndə heyətinin Avropa demokratiyasının döyünən ürəyi olan Brüsseldə yüksək səviyyədə qəbul olunmasını, Nümayəndələr Palatasında Azərbaycanın ən ağrılı problemi ilə bağlı müzakirələrin aparılmasını ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu xaricidaxili siyasətin konkret nəticəsi kimi səciyyələndirmişdir. Azərbaycan haqqında həqiqətlərin Belçika parlamentarilərinə çatdırılması üçün yaranmış imkanı yüksək dəyərləndirən Ə.Həsənov gələcəkdə də belə tədbirlərin digər ölkələrin parlamentlərində keçirilməsinin vacibliyini bildirmiş, bu istiqamətdə xarici ölkələrdəki səfirliklər, diaspor təşkilatları, müxtəlif dövlət qurumlarının ciddi səylə çalışmalı olduğunu qeyd etmişdir. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinin yollarından biriAvropa parlamentarilərinin Azərbaycan həqiqətləri barədə obyektiv məlumatlandırılması və onların münasibətində haqq-ədalətə doğru dönüş yaradılmasıdır. Ona görə də bu tədbir Azərbaycan reallıqlarının olduğu kimi dünya ictimaiyyətinə çatdırılması üçün çox mühüm siyasitarixi hadisə olmuşdur.

 

 

 Elgün NİFTƏLİYEV

 

Azərbaycan.- 2012.- 8 mart.- S. 4.