Kənd şəhərə
yaxınlaşır
Hər bir ölkə həm də paytaxtı
ilə tanınır. Amma
ölkənin əsas hissəsini regionlar təşkil edir.
Paytaxtla regionlar arasında müəyyən fərqlərin
mövcudluğu qaçılmazdır. Bu, onların dövlətin
mövcudluğu üçün yerinə yetirməli
olduqları funksiyalarla bağlıdır. Paytaxt idarəetmə,
dövlətin siyasətinin formalaşması və siyasi fəaliyyət,
intellektin toplaşdığı məkan sayılmaqla bərabər,
həm də elm, mədəniyyət, sənaye mərkəzidir.
Regionlar isə əsasən kənd təsərrüfatı
ilə məşğul olur, əhalinin müxtəlif növ ərzaq
məhsullarına tələbatlarını ödəməyə
çalışırlar.
Adətən
regionlar bir sıra parametrlərə görə paytaxtdan geridə
qalırlar. Bu, tikinti-abadlıq, kommunal xidmətlər, sakinlərin
həyat səviyyəsi, mədəni-kütləvi tədbirlər,
məişət şəraiti və s. ilə bağlıdır.
Paytaxtla kənd və qəsəbələr arasında
mühüm fərqlər (bu onların funksiyaları və mədəni
səviyyə ilə bağlıdır) qalsa da, iqtisadi, məişətin
təşkili, həyat şəraitinin yüksəldilməsi
məsələlərini həll etmək mümkündür.
Bundan ötrü dövlətin iradəsi və investisiya
qoyuluşu, büdcə vəsaitlərinin məqsədyönlü
şəkildə regionlara yönəldilməsi gərəkdir.
Sovet dövründə Sov.İKP şəhərlə kənd
arasındakı mühüm fərqlərin silinəcəyini
və müəyyən bərabərlik yaradacağını
bəyan etmişdi. Amma həmin fərqlər silinənəcən
qırmızı imperiya özü silinib getdi.
Azərbaycan
dövlət müstəqilliyinə çox çətin və
ağır şəraitdə qədəm qoymuşdu. Çətinlik
təkcə köhnə iqtisadi əlaqələrin
qırılmasında, ümummilli böhranın
başlanmasında, ölkənin xaos və anarxiya
girdabında boğulmasında, Qarabağ uğrunda
döyüşlərdə ölkə ərazisinin itirilməsində,
insanların ümidsiz vəziyyətə düşməsində
deyildi! Həmin dövrdə ölkəyə maymaq, qətiyyətsiz,
naşı və təcrübəsiz insanlar
başçılıq etdiyindən müəyyən
dönüş yaranacağına güman belə yox idi!
AXC-Müsavat iqtidarı dövründə kolxoz və
sovxozların varidatı islahat adı ilə
dağıdıldığından, dövlət büdcəsi
vəsaitsiz qaldığından çörək dalınca
insanlar ölkə paytaxtına və xaricə
yollandığından kəndlər boşalmışdı.
Regionlara elektrik enerjisi, təbii qaz verilişində
böyük fasilələr yaranmış, yollar,
körpülər dağılmış, işsizlik ən
yüksək həddə çatmış, bölgələrdə
həyat solmuşdu. Yalnız xalqın arzu və tələbi
ilə ulu öndər Heydər Əliyev yenidən ölkə
rəhbərliyinə qayıtdıqdan sonra vəziyyətin dəyişdirilməsi
yönümündə konkret addımların atılmasına
başlandı. Ən əsası aqrar islahatları
aparıldı, sahibkarlığın inkişafına şərait
yaradıldı. Kəndin dirçəldilməsi
üçün dövlət tərəfindən müəyyən
güzəştlər də oldu. Lakin imkansızlıq
üzündən regionların inkişafına kifayət qədər
vəsait yönəltmək mümkün deyildi.
2003-cü
ildən sonra isə vəziyyət əsaslı şəkildə
dəyişdi. Dövlət büdcəsinə daxil olan vəsaitlərin
əhəmiyyətli şəkildə artması bu sahəyə
kifayət qədər qayğı və diqqət yetirilməsinə
şərait yaratdı. Prezident İlham Əliyevin təşəbbüsü
ilə regionların inkişafına dair 2004-2009 və
2009-2013-cü illəri ahətə edən dövlət
proqramları qəbul edildi.
Həmin
proqramlarda regionların inkişafına dair kompleks tədbirlər
nəzərdə tutulmuş, onların icrası
üçün vəsait ayrılmış, yerinə yetirilmə
müddəti göstərilmişdi. Görüləcək
işlər iki əsas istiqamətdə idi:
sahibkarlığın inkişafı və tikinti-abadlıq,
müvafiq infrastrukturun yaradılması.
Regionlarda
sahibkarlığın inkişafı üçün bir
sıra tədbirlərin görülməsi vacib idi. Məsələn,
bölgələrə 24 saat ərzində elektrik enerjisi
verilməməsi ciddi problemlər doğururdu. Məişət
narahatlığından başqa suvarma qurğuları, yeni
yaradılan sexlər, emal müəssisələri, məhsulun
saxlandığı soyuducular, xidmət obyektləri normal
işləyə bilmirdi. Uzun həsrətdən sonra torpaq alan
əkinçinin sahibkarlıq fəaliyyətinə
başlaması üçün ilkin kapitalı
çatmırdı. Dövlət başçısı cənab
İlham Əliyev regionların inkişafı ilə
bağlı qarşıya bir sıra vacib vəzifələr
qoymuşdu. Bunlar insanların doğma kəndlərinə
qayıtması, regionların inkişaf edərək səviyyəcə
paytaxta yaxınlaşması, turizmin inkişafı, yeni iş
yerlərinin açılması, yoxsulluq səviyyəsinin
aşağı salınması, ölkənin ərzaq təhlükəsizliyinin
həlli və digər məsələlər idi. Dövlət
proqramlarının icrası ilə əlaqədar
hazırkı iqtidar tərəfindən indiyədək nəhəng
həcmdə işlər yerinə yetirilmişdir. Bunlar
hansılardır:
- modul
tipli yeni elektrik stansiyaların tikilməsi və mövcud
olanlarının gücünün artırılması
hesabına bölgələrə fasiləsiz enerji verilişi
qaydaya salındı;
-
yaşayış məntəqələrinin sürətlə
qazlaşdırılmasına başlandı;
- yeni
yollar çəkilərək regionlara gediş-gəliş
asanlaşdırıldı;
- bölgələrdə
yeni məktəblər, diaqnostika mərkəzləri, olimpiya
idman kompleksləri və digər sosial obyektlər tikildi;
-
sahibkarlığın inkişafına kömək məqsədilə
dövlət tərəfindən böyük həcmdə
(indiyədək 900 milyon manat) güzəştli kreditlər
verildi;
- kənd
təsərrüfatının inkişafına yardım məqsədilə
aqrolizinq xidməti yaradıldı;
- kəndlərə
güzəştli qiymətlərlə yanacaq, gübrə
satışına başlandı;
- fermer təsərrüfatlarında
qaramalın cins tərkibinin
yaxşılaşdırılması üçün xaricdən
damazlıq mal gətirilməkdədir və bu sahəyə
daha 10 milyon manat ayrılıb;
- meyvə-tərəvəz
məhsullarının uzun müddət saxlanılmasından
ötrü bölgələrdə soyuducu kameraları tikilib;
-
taxılçılıqda toxumçuluğun
yaxşılaşdırılmasına xüsusi diqqət
yetirilir;
- rayon mərkəzlərində
içməli su və kanalizasiya problemlərinin həllinə
böyük miqdarda vəsait yönəldilir və s. və
i.a.
Bu
günlərdə dövlət başçısının
rəhbərliyi ilə regionların 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasının üçüncü ilinin yekunlarına həsr
olunmuş konfrans keçirildi. Göstərildi ki,
görülən tədbirlər nəticəsində bölgələrdə
800-dən çox sənaye obyektləri
açılmış, 40 mindən çox yeni müəssisə
inşa olunmuş, 2300-dən çox məktəb tikilmiş,
minlərlə iş yerləri yaradılmışdır. Yeni
vəzifələr isə kənddə istehsal olunan meyvə-tərəvəzin
təbiiliyinin qorunub saxlanılması, məhsulun xaricə
ixracı üçün bazarların tapılması, kənddaxili
yolların təmir və çəkilişinin qurtarması,
taxıl istehsalının 85 faizə
çatdırılması, yumurta, quş əti
istehsalının xeyli yüksəldilməsidir. Bütün
bunların həyata keçirilməsi üçün
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
kifayət qədər kredit ayrılacaqdır.
Bu gün
Azərbaycan kəndinin siması büsbütün dəyişmiş,
yeniləşmişdir. İnsanlar özləri
üçün gen-bol, yaraşıqlı evlər tikmiş,
həyat şəraitlərini əsaslı şəkildə
yaxşılaşdırmışlar. Solub-sönən kəndlərin
yerini durmadan yüksələn, qaynayıb istehsal edən
yaşayış məntəqələri tutmuşdur. Sürətlə
və uğurla icra edilən dövlət proqramları sayəsində
kəndlərin yaşayış səviyyəsi şəhərə
yaxınlaşır. Yeni yolların çəkilişindən
sonra regionlara səfərlər daha az vaxt
apardığından bölgələr zaman və məkan
baxımından da Bakıya
"yaxınlaşmışlar".
Azərbaycan.- 2012.- 8 mart.- S. 4.