“Connekt Ərəb Sammiti”ndə TASİM layihəsi barədə məlumat
verilmişdir
Xəbər verdiyimiz kimi, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Qətərdə səfərdədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası ilə birgə tərəfdaşlığı çərçivəsində təşkil olunmuş "Connekt Ərəb Sammiti"ndə iştirak edən Ə.Abbasov tədbirdə məruzə ilə çıxış etmişdir. Nazir sammitin yekun plenar iclasında əsas məruzəçi kimi Azərbaycanın İKT sektorunda əldə etdiyi uğurlar, eləcə də BMT-nin Baş Məclisində qətnamə ilə qəbul edilmiş "Transavrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi barədə məlumat vermişdir.
Qeyd edək ki, "Connekt" Ərəb Sammiti BTİ və tərəfdaşlarının resursların səfərbər edilməsi və birgə tərəfdaşlığın təşviq edilməsi məqsədilə təşkil etdiyi "Connect the World Regional Summits" silsiləsindən olan sayca üçüncü regional sammitdir. Martın 5-də tədbirin açılış mərasimində Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Al Tani də iştirak etmişdir. Toplantıda dünya və region ölkələrindən bir çox dövlət rəsmiləri, nazirlər, elm xadimləri, qlobal texnoloji şirkətlərin rəhbərləri və sahə üzrə mütəxəssislər iştirak etmişlər. Sammit ərəb regionu, eləcə də qonşu regionları bir araya gətirərək beynəlxalq və regional maliyyə və inkişaf təşkilatları ilə yanaşı, dövlət və özəl sektordan müvafiq sərmayədarların birbaşa əlaqə qurması, region üçün vahid strategiyanın müəyyən edilməsi məqsədilə regionun İKT yönlü iqtisadi dirçəlişi üçün təsis edilmişdir. Sammit informasiya texnologiyaları ilə əlaqədar olaraq elm, bilik, təhsil, internet və informasiyaya çıxış imkanı, güclü regional İKT şəbəkəsinin inkişafı, kibertəhlükəsizlik, gənclik, innovasiya, sahibkarlıq və s. məsələlərə həsr olunmuşdur.
Dohaya səfəri çərçivəsində
nazir Ə.Abbasov Qətərin
İKT üzrə naziri Hessa Sultan Əl-Cabir, BTİ-nin
baş katibi Hamadun Ture, "Qatar Satellite Company"nin,
"Qatar National Broadband Network Company"nin, "Qtel"in (Qətər
Dövlət Telekommunikasiya şirkəti) rəhbərliyi,
Misir Ərəb Respublikasının rabitə və informasiya
texnologiyaları naziri Məhəmməd Səlim, İordaniya
Haşimilər Krallığının informasiya və
kommunikasiya naziri Basim Əl-Rossanla ikitərəfli
görüşlər keçirmiş, "Qatar
Foundation"un nəzdində "Qatar Science and Technology
Park"ına səfər etmişdir.
Azərbaycan.- 2012.- 8 mart.- S. 4.