"Azərbaycan:
Qafqazlardakı Avropa " filminin təqdimatı
olmuşdur
Martın 7-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Nizami" kino mərkəzində "Azərbaycan: Qafqazlardakı Avropa" filminin təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20 illiyinə həsr olunmuş filmin təqdimat mərasimində Milli Məclisin deputatları, dövlət rəsmiləri, sənət adamları, ziyalılar, kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Müstəqil Azərbaycan sürətlə inkişaf edərək müasir Avropa ölkələri səviyyəsinə gəlib çatmışdır. Ona görə də təqdim olunan yeni film təsadüfən "Azərbaycan: Qafqazlardakı Avropa" adlandırılmamışdır.
Bu sözləri mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
Ə.Əhmədov bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin "Azərbaycan dünyaya doğan günəşdir" fikirlərini bu gün Prezident İlham Əliyev tam reallığa çevirmişdir. Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sayəsində inkişaf edərək dünyanın bir çox dövlətləri üçün nümunəyə çevrilmişdir. İnsanların firavan həyatı, ictimai-siyasi sabitlik və bunların fonunda beynəlxalq aləmdə qazanılan uğurlar Azərbaycanın dünyadakı nüfuzunu artırmışdır. Filmdə də əks olunduğu kimi, ölkəmizdə xalqla dövlətin birliyi iqtisadi inkişafımızın və siyasi nailiyyətlərimizin stimulu olmuşdur. Azərbaycan vətəndaşları ölkədə baş verən yenilikləri gündəlik həyatlarında hiss edirlər. Bu dəyişikliklər həyat səviyyəsinin yüksəldilməsinə və vətəndaşların daha yaxşı yaşamalarına şərait yaratmışdır.
Şəhər və qəsəbələr yenidən qurularaq abadlaşdırılır. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Bütün bunlar ölkəmizin düşünülmüş siyasətlə idarə edildiyini göstərir. Prezident İlham Əliyevin liderlik məharəti və çevik idarəetmə bacarığı Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxarmışdır.
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edərək demişdir ki, təqdim olunan film Azərbaycan tarixindəki iki böyük şəxsiyyətin siyasi fəaliyyətlərinin uğurlu nəticəsindən bəhs edir. Birinci dahi şəxsiyyət xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Məhz Heydər Əliyev yaratdığı siyasi sabitlik, əsasını qoyduğu neft strategiyası, balanslaşdırılmış xarici siyasəti, demokratik inkişaf yolunu seçərək dövlətin xalq üçün işləməsi prinsipini əsas tutması ilə Azərbaycanın həm iqtisadi, həm də siyasi inkişafının təməlini yaratmış oldu. İkinci böyük şəxsiyyət isə milli lider keyfiyyətlərini özündə cəmləşdirən Prezident İlham Əliyevdir. Prezidentin ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsinin nəticəsidir ki, ölkəmizin inkişafı qardaş ölkə olan Türkiyənin sənət adamlarını Azərbaycan haqqında film yaratmağa ruhlandırmışdır və onlar da peşəkarlıqla yeni sənət əsəri ərsəyə gətirmişlər. Bu cür filmlər gələcək nəsillər üçün örnəkdir. Gənc nəsil Azərbaycanın dünyada layiqli yerini tutmasında Prezidentin necə böyük əmək sərf etdiyini bilməlidir.
Filmin müəlliflərindən biri, türkiyəli jurnalist Mithət Qarakətə çıxış edərək demişdir ki, Azərbaycanın iqtisadi inkişafı və dünyadakı nüfuzunun artması Türkiyədə böyük sevincə səbəb olmuşdur. Mən Azərbaycana çox tez-tez gəlirəm, ölkənin hər sahədə dəyişdiyinin şahidi oluram. Azərbaycanda sənət adamlarına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Ölkədə hamı dövlətə böyük məhəbbətlə yanaşır. Bu isə onu göstərir ki, Prezidentin əhali arasında böyük nüfuzu vardır. Bu nüfuz da təsadüfən yaranmamışdır. Həyata keçirilən quruculuq tədbirlərindən insanlar çox faydalanırlar və Avropa ölkələrində olduğu kimi, azad cəmiyyətdə yaşayırlar.
M.Qarakətə filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.
Sonra "Azərbaycan: Qafqazlardakı Avropa"
filminə baxış olmuşdur.
Azərbaycan.- 2012.- 8 mart.- S. 5.