Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür

 

Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.

Qonağı səmimiyyətlə salamlayan Ali Məclisin sədri onu yenidən Naxçıvanda görməkdən məmnunluğunu ifadə etmiş, ulu öndər Heydər Əliyevin kəlamını xatırladaraq demişdir ki, Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir. Qardaş ölkələr arasında bütün sahələrdə mövcud olan yüksək əlaqələr tarixi zəmin üzərində inkişaf etməklə, bütövlükdə, regionun perspektivlərinin müəyyənləşdirilməsində mühüm rola malikdir. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının da özünəməxsus yeri və rolu vardır. Hazırda Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə qarşılıqlı əlaqələr mövcuddur və bu əlaqələr yüksələn xətlə inkişaf edir.

Ali Məclisin sədri demişdir ki, qardaş Türkiyə və Azərbaycan arasında qarşılıqlı inam və etibar, strateji tərəfdaşlıq bütün dünyada nümunə kimi göstərilir. Hər iki qardaş ölkənin uğurlu inkişafı regional və beynəlxalq müstəvidə böyük əhəmiyyət kəsb edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər mövcud əlaqələrin daha da dərinləşməsinə töhfəsini verir.

Ali Məclisin sədri Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda keçirilən görüşünün  regional əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini qeyd etmiş, bu görüşün tərəflər üçün faydalı olacağına inamını bildirmişdir.

Səmimi görüşə görə minnətdarlığını bildirən Əhməd Davudoğlu demişdir ki, möhkəm təməllər üzərində qurulan Azərbaycan-Türkiyə münasibətlərində inam və etibar, qarşılıqlı dəstək, siyasi, iqtisadi və mədəni əlaqələr, möhkəm strateji tərəfdaşlıq böyük məmnunluq doğurur. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının xüsusi yeri vardır. Qonaq özünün dəvəti ilə 2010-cu ildə Ali Məclis sədrinin Türkiyəyə rəsmi səfərini xatırlamış, qarşılıqlı səfərlərin faydalı əməkdaşlığın dərinləşməsində mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

Türkiyənin xarici işlər naziri bildirmişdir ki, Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı, aparılan quruculuq işləri bu diyarda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə yol açır. Xarici işlər nazirlərinin üçtərəfli görüşünün Naxçıvanda keçirilməsi də bu mənada böyük əhəmiyyətə malikdir. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq, Naxçıvanla çiyin-çiyinə addımlamaqda davam edəcəkdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Hulusi Kılıç və Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Cenk Ünal görüşdə iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 8 mart.- S. 5.