Azərbaycan-İran
əlaqələrinin inkişafı ilə bağlı məsələlər
müzakirə olunmuşdur
Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İranın xarici işlər naziri Əli Əkbər Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Əli Əkbər Salehi ölkəsinin Azərbaycanla, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulamış, xalqlarımız arasındakı tarixi əlaqələrin daha da dərinləşməsi üçün real imkanların olduğunu bildirmişdir. Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Naxçıvana gəldiyini qeyd edən qonaq bu tədbirin regional əməkdaşlığın gələcək inkişafında əhəmiyyətli rol oynayacağını vurğulamış, Ali Məclisin sədrini İrana səfərə dəvət etmişdir.
Əli Əkbər Salehini Naxçıvanda görməkdən məmnunluğunu ifadə edən Ali Məclisin sədri bildirmişdir ki, Azərbaycan ilə İran arasındakı tarixi əlaqələr hər iki ölkə rəhbərinin səyi ilə yeni mərhələdə uğurla inkişaf etdirilir. Ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq getdikcə daha da genişlənir. Qarşılıqlı münasibətlərin inkişafına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin dərinləşməsi də öz töhfəsini verir. Hazırda muxtar respublika ilə İranın Qərbi və Şərqi Azərbaycan, o cümlədən Ərdəbil vilayətləri arasında əməkdaşlıq əlaqələri mövcudur. Beynəlxalq statusa malik Culfa və Şahtaxtı dövlət sərhəd buraxılış məntəqələrinin fəaliyyəti, Şahtaxtı-Poldəşt körpüsünün, Culfa-Culfa yeni avtomobil körpüsünün tikilib istifadəyə verilməsi qarşılıqlı münasibətlərin uğurlu inkişafının nəticəsidir. Hazırda vətəndaşlarımız gömrük keçid məntəqələrindən istifadə edərək rahatlıqla gediş-gəliş edə bilirlər.
Ali Məclisin sədri Əli Əkbər Salehinin Naxçıvana səfərinin əhəmiyyətini qeyd etmiş, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvan görüşünün hər üç tərəf üçün faydalı olacağına əminliyini bildirmişdir.
Görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Məhəmmədbağır Bəhrami, İranın Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2012.- 8 mart.- S. 5.