Əsl vətəndaşlıq
mövqeyi
Hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və həyata keçirilməsində əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ictimai fəaliyyəti hər birimiz üçün nümunədir.
Mehriban xanım Əliyeva özünün həyat məramını, ömrünün mənasını insanlara, qayğı və diqqətə daha çox ehtiyacı olanlara yardım etməkdə, onları sevindirməkdə görür. Ona görə ölkəmizin birinci xanımı çoxsahəli fəaliyyəti ilə insanların dərin rəğbətini və etimadını qazanmışdır. 2005-ci və 2010-cu illərin parlament seçkiləri də bu rəğbəti əyani şəkildə ortaya qoydu. Onu bir deputat kimi seçicilərə verdiyi vədlərə əməl edərək vaxtaşırı sadə adamların əhatəsində görmək olar. Amma Mehriban xanım Əliyevanın təkcə seçildiyi dairədə deyil, mütəmadi olaraq Bakının və ölkənin ayrı-ayrı kənd və qəsəbələrinin əhalisi ilə görüşlərinin də şahidi oluruq. Onun ictimai fəaliyyəti çox genişdir və ölkənin hər yerini əhatə edir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə təhsilin, səhiyyənin inkişafına xidmət edən bir sıra mühüm layihələrin müəllifi və təşkilatçısıdır. "Yeniləşən Azərbaycana yeni məktəb", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" kimi vacib layihələrin icrası istiqamətində həyata keçirilən tədbirlər cəmiyyətdə təqdir olunur. Heydər Əliyev Fondunun xətti ilə ardıcıl surətdə ölkəmizin ən ucqar kəndlərində hər cür müasir avadanlıqlarla təchiz edilmiş məktəb binalarının inşası, neçə-neçə orta məktəb binalarının əsaslı təmir edilib istifadəyə verilməsi bütün ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır.
Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin təbliği istiqamətində fəaliyyəti olduqca əhatəlidir. 1995-ci ildə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondu beynəlxalq səviyyəli tədbirlər - festivallar, konsertlər, sərgilər təşkil etməklə mədəniyyətimizin təbliğatçısına çevrilmişdir. Milli musiqimizin, muğamlarımızın təbliğində Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Fondun təşəbbüsü ilə "Qarabağ xanəndələri" adlı disk buraxılmış, "Qarabağ həqiqətləri" adlı kitab nəşr edilmişdir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının ən mənzərəli yerlərindən olan Milli Parkın ərazisində Beynəlxalq Muğam Mərkəzi inşa olunmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilk Azərbaycan qadını olaraq UNESCO kimi mötəbər beynəlxalq təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. UNESCO-nun Azərbaycan mədəniyyətinə böyük əhəmiyyət verməsi, muğamlarımızın qiymətli irs kimi qorunub saxlanılması və yayılması istiqamətində təşəbbüslər bilavasitə Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Bu gün ulu öndərin adını daşıyan Fond ölkəmizin musiqi irsinin qorunub saxlanmasına və təbliğinə dair bir sıra iri layihələr həyata keçirir. Bu layihələr sırasında beynəlxalq və respublika əhəmiyyətli muğam festivallarını, Mstislav Rostropoviç adına musiqi festivalını, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç kimi dahi bəstəkar və ifaçıların yubileylərinə həsr olunmuş festivalları qeyd etmək olar. Son illər Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi Heydər Əliyev Fondunun Azərbaycan və dünya musiqisi incilərinin, mədəni dəyərlərin hifz olunması istiqamətində növbəti addımı olmuşdur.
Azərbaycan idmanının inkişafı istiqamətində dövlət siyasətinə dəstək verilməsi daim Mehriban xanım Əliyevanın diqqətində olan məsələdir. Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyeva bu idman növünün ölkəmizdə inkişafı üçün mühüm işlər görmüş və bunun nəticəsidir ki, Azərbaycan gimnastları son illərdə beynəlxalq turnirlərdən ən ali mükafatlarla vətənə dönürlər. Gimnastika üzrə beynəlxalq yarışların Azərbaycanda keçirilməsi də ilk növbədə Mehriban xanımın bu sahədə fəaliyyətinin uğurlu nəticəsidir.
Hər gün Heydər Əliyev Fonduna yüzlərlə məktub və teleqram daxil olur. Mehriban xanım Əliyevaya təşəkkür etməyə tələsənlərin sayı minlərlədir. Bu, hər insana qismət olan səadət deyil. Bu xoşbəxtliyi Mehriban xanım özü qazanmışdır, onun halal haqqıdır. Belə bir səmimiyyət ilk əvvəl Mehriban xanımın milli təəssübkeşliyindən, xeyirxah niyyəti və digər ali insani keyfiyyətlərindən irəli gəlir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əsl vətənpərvər insan kimi tanınır. Heydər Əliyev Fondunun fəaliyyətində Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı, milli-mədəni abidələrimizin dağıdılması və ya erməniləşdirilməsi, azərbaycanlıların soyqırımı, erməni terror təşkilatlarının azərbaycanlılara qarşı cinayətkar əməlləri barədə əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması mühüm yer tutur. Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən anma mərasimlərində Heydər Əliyev Fondunun göndərdiyi materiallardan geniş istifadə edilir, Fondun təşəbbüsü ilə çəkilən sənədli filmlər nümayiş etdirilir.
Mehriban xanım Əliyeva bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə işğalçı Ermənistanın Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Qarabağda mədəni irsimizə ciddi ziyan vurmasından, tarixi yurd yerlərinin bərbad hala salmasından faktlarla danışır və dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin vəhşiliklərinə son qoymaq üçün təsirli tədbirlər görməyə çağırır. Mehriban xanım Əliyeva ötən ilin sonlarına yaxın Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdəki çıxışında demişdir: "Bu iyirmi il ərzində biz bir çox nailiyyətlər əldə etmişik. Baxmayaraq ki, müstəqilliyimizin ilk illərində ölkəmiz çox ciddi problemlərlə üzləşmişdir. İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Azərbaycanın ərazisinin beşdə bir hissəsi işğal altındadır, ölkədə bir milyon qaçqın və məcburi köçkün mövcuddur. Zəbt olunmuş torpaqlarımızdakı mədəni irsimiz işğalçıların hədəfinə çevrilib. Çoxsaylı mədəni və tarixi abidələr Yer üzündən həmişəlik silinib, ibadət yerləri və qəbiristanlıqlar dağıdılıb. Buna baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır".
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin ən ümdə qayəsi xalqının, millətinin rifahı üçün çalışmaq, bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. İşgüzarlığı, insanlara doğma və mehriban münasibəti göstərir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir, ictimai-siyasi yönümlü fəaliyyəti ilə ölkəmizin adını daha da ucaldır.
Nihat MƏMMƏDOV
Azərbaycan.- 2012.- 8 mart.- S. 6.