Dünyada ən
uca zirvədir Ana
Deyirlər ki, ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar min-min arzunun səsidir. Bəlkə də ona görə bəşər var olan gündən ananın ünvanına həmişə xoş sözlər qanadlanıb. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun ismi ilə "Ana vətən" adlandırırlar. Şifahi xalq ədəbiyyatında, folklor nümunələrində, dastanlarda, bayatılarda, el nəğmələrində ana olduqca müqəddəs bir varlıq kimi vəsf olunub. Təsadüfi deyildir ki, analara ən yüksək qiyməti də Məhəmməd peyğəmbər (s.ə.s.) verib: "Cənnət anaların ayaqları altındadır". Ana haqqında atalar sözləri də çoxdur. Bu müdrik fikirlərin məna çalarlarına diqqət yetirdikdə həyatın bütün rəngləri göz önündə canlanır: "Ana qəlbi kövrək olar", "Ana ürəyi, dağ çiçəyi", "Ana səbri böyükdür", "Ana qəlbinə toxunmaq olmaz", "Ana haqqı, Tanrı haqqı", "Anadan artıq yavər olmaz", "Analı qızın işi görünər, anasız qızın dişi", "Analı qızın özü böyüyər, anasız qızın sözü". Hətta biri bəladan, ölümdən, qəzadan qurtulanda deyərlər: "Anası namaz üstə imiş".
"Kitabi-Dədə Qorqud"dan başlamış Nizaminin, Füzulinin, Xaqaninin və onlardan sonra gələn şair və yazıçıların yaradıcılığında ana mövzusu xüsusi yer tutub. Əfzələddin Xaqani anasının tərifini olduqca mənalı və təsirli qələmə alıb: "Əgər olmasaydı ana zəhməti, qazana bilməzdim heç bu şöhrəti". Məhz ananın duaları ilə iqbalının güldüyünü dilə gətirən böyük şair çox inamla, qüdrətlə bəyan edib: "Mən bütün qüvvətli düşmənlərimin yolunu ona görə kəsə bildim ki, zəif bir qarıdan (anasını nəzərdə tuturdu) qolum güc almışdı". Nizami Gəncəvinin də mərdlər yetirən, igidlər bəsləyən, Nüşabələr doğan analar haqqında söylədiyi bir fikir 800 ildən artıqdır ki, dillər əzbərinə çevrilib: "Aslanın erkəyi, dişisi olmaz". Mirzə Ələkbər Sabir də həmişə böyük ustalıqla təsdiqləyirdi ki, elmli ananın övladı kamil olar. Məmmədhüseyn Şəhriyar isə söyləyirdi ki, "...biz min aləmin yaradıcısı olsaq da, bizim hər birimizi ana yaratmış". Söz ustadlarından biri Nigar Rəfibəyli - özü də sevimli ana olan bu şairə-qadın ana-bala məhəbbətini dünyanın arzuları, insanlığın baharı adlandırırdı. Hətta elə şeirlər var ki, sanki nəsillər arasında bir körpü vasitəsidir. Bu səbəbdən də dillər əzbərinə çevrilib. Yazıldığı şəraitdən asılı olmayaraq mövzusuna görə qəlblərdə ayrıca yer tutub. Böyük dramaturq Cəfər Cabbarlının yaradıcılığında xüsusi yer tutan "Ana" şeiri illərdir ki, dilimizin əzbərinə çevrilib. Müəllifin söylədiyi kimi, cahanda elə bir qüvvə həqiqətən, yoxdur ki, insan ömrü boyu onun qarşısında təzim etsin. Amma müəllif nə gözəl deyib:
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağının içzlə.
Kimdir o? Nədir o ?
Ana! Ana...
O adın qarşısında bir qul tək
Həmişə
səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə
bəla bəhrinə yuvarlansam,
Yenə xəyal
edərəm bəzmi-istirahətdir.
Ana
haqqında yazılan şeirlərin, hekayə və povestlərin
siyahısını tutmaq istədik. O qədər geniş bir
mündəricə ilə rastlaşdıq ki, zəhmətimizin
lüzumsuz olduğunu anladıq. Çünki əli qələm
tutan hər kəs sanki anaya olan borcunu qəlbindən gələn
lətafətli sözlərlə qaytarmaq istəyib. Hüseyn
Cavid haqlı olaraq söyləyirdi ki, anasız nəinki
övlad, millət belə yetimdir. Abdulla Şaiqin fikrincə
ata ağıl, ana da coşqun ürəkdir. Bunun ikisinin bir
yerdə olması isə bəxtəvərlikdir. Səməd
Vurğun isə anasız həyatı zindan adlandırıb.
Ana
adı çəkilən kimi hər kəsin ürəyindən
xəfif bir həsrət keçir.
Yaşından-başından asılı olmayaraq laylalı
günlərinə qayıdırsan. Ananın birinci rəmzi,
onun iç dünyasını açan, portretini yaradan
şirin laylalarıdır. Bəlkə də yeganə
xalqıq ki, analarımız dünyaya gətirdiyi
övladlarını layla ilə oxşayıb əzizləyiblər.
Elə bizim muğamatımızın da, segahımızın
da ilk notları ana laylalarından su içib. Gecənin
sübhə qarışan o uzun və nəğməli yolu
ana laylasıdır. Laylalar bizim ilk eşqimiz, fəxrimiz,
qürurumuzdur. Hələ dünyanın adiliklərindən
belə, xəbəri olmayan dilsiz körpələrin
üzünə ilk təbəssümü gətirən də,
onları sevindirən də, onlara xoş hisslər
aşılayan da ana laylasıdır. Gecənin şirin yuxusu
hamını öz cazibəsinə alıb aparanda səhərədək
göz qırpmayan analar körpəsi şirin uyusun deyə
beşik başında ayıq-sayıq dayanaraq layla deyir. Bu da
bir ovqatdır. Əvvəlcə beşik başında analar,
sonra isə beşikdəki yavrular böyüyüb vətən
sərhədlərində torpağın, millətin və nəhayət,
anaların keşiyini çəkir. Qəribə
oxşarlıq və bağlılıqdır. Yer
üzünün ilk əsgəri analardır! İlk himni də
ana laylası!
Təmiz arzuların, saf ürəklərin,
Ən
şirin səsidir ana laylası.
Vətənə,
insana, həyata, sülhə,
Sevgi nəğməsidir
ana laylası!
Elə
bir bəstəkar, elə bir musiqiçi varmı ki, onun ana
laylası tək möhtəşəm bir əsəri olsun?!
Bütün mahnılardan artıq sevdiyimiz şirin bir nəğmədir
ana laylası! Səsi ruhumuzu oyadar. Sanki bir rəssam
fırçası ilə həyatın rəsmini çəkib
ana laylası! Şair Əli Vəkilin qəribə bir epiteti
var: "İlk ana Həvvadan yadigar qalan ana laylasıdır,
ana laylası!" Bəlkə də buna görə ondakı
şirinliyi, lətafəti ifadə etmək üçün
yetər ki, ürəklə deyəsən: "Ən
şirin, ətirli balı dünyanın ana laylasıdır,
ana laylası!" İlk dil açanda da "ana" deyirik,
dünyanı tərk edəndə də sön kəlməmiz
"ana" olur. Ən ağrılı halımızda da
"ana" çağırır, sevinəndə gözlərimiz
o müqəddəs varlığı axtarır.
Təəssüf ki, analı günlərin ömrü çox da uzun olmur. Nə vaxtsa ana itkisi qapımızı döyür. Bu dərd isə çox dözülməzdir. Hətta insan özü qocalıb əldən düşənə qədər anasızlığı ilə barışa bilmir və hər kəsə taleyin bu yumruğu dəyir. Məmməd Araz bu dərdi özünə uzun illər yaxın qoymaq istəmirdi: "Hərdən inanmıram ölüm haqq ola. Ana dəfn oluna, gözəl qocala". Bu kövrək duyğuları öz poeziyasında dəfələrlə dilə gətirən Cabir Novruz görmək istəmədiyi bir halı kədərlə etiraf edirdi: "Gözüm görə-görə qocalır anam".
Ana haqqında qələmə alınan yazıların bir sarı simini də onu dəyərləndirmək, əziyyətinə, zəhmətinə həssaslıqla yanaşmaq təşkil edir. Bəzən elə övladlar var ki, onu böyüdən, ərsəyə gətirən, min bir əzabını çəkən anasına yetərincə diqqət ayırmır. Əli Kərim belələri haqqında "Qaytar ana borcunu" adlı şeirində kəskin və qətiyyətlə deyirdi:
Deyirəm
ki, o boyu, buxunu qaytar geri,
Deyirəm
ki, varını, yoxunu qaytar geri!
Qaytar onun
borcunu,
Gülüşünü,
adını, sözünü qaytar geri!
Qaytar onun
borcunu, o borc sənin özünsən, özünü qaytar
geri!
Şair Çingiz Əlioğlu isə bu borcu qaytarmaq üçün görün nə deyir: "Bir ana borcunu qaytarmaq üçün, taledən beş ömür alasan gərək". Tofiq Bayram isə ana qədrini bilməyənlərə üz tutaraq yazırdı:
Onu alçaldan da, ucaldan da biz,
Dərd
verib vədəsiz qocaldan da biz.
Biləndə
qədrini bu cahanda biz
Həmişə
cavandır ana ürəyi.
Bəxtiyar
Vahabzadə də gözlərinin işığını əridib
yollarımıza nur çiləyən analar barəsində
saysız-hesabsız poetik ərməğanlar qələmə
alıb. Bu mövzuda yazılan şeirlərindən hansı
ləçəyi çəksən müdrik bir fikrin əks-sədasıdır:
"Əgər ana ürəyinə toxunsan, quş yuvası
dağıdırsan elə bil", "Sənin zəif
vücudunun önündə, əyilmək də
ucalmaqdır, ay ana!", "Göylər gurlamasın, sellər
axmasın, küləklər əsməsin, şimşək
çaxmasın, ana körpəsinə süd verən
zaman".
Azərbaycan qadınının həyatı bir örnəkdir, nümunədir. Ötən əsrdə baş verən İkinci dünya müharibəsi zamanı oğullarını cəbhəyə yola salan analar vüqarla, mərdliklə o ağır günlərə sinə gərdilər. Özləri ac, əyni yalın olsalar da, gecələr çıraq işığına yun corablar, isti paltarlar toxuyaraq ön cəbhəyə göndərdilər. Bu davada ərlərini, oğullarını itirdilər. Amma vüqarlı, namuslu, şücaətli oldular. Xalq şairi Süleyman Rüstəm "Ana və poçtalyon" adlı şeirində gözləri yollarda qalan, oğul dərdi ilə saralıb-solan anaların işıqlı obrazını yaratdı: "Dörd ay vardı ananın gözləri yol çəkirdi. Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi". Bu şeirin ahəngindəki ana məhəbbəti, vətən eşqi, oğul dərdi çox dərin və təsiredici verilib. Təəssüf ki, əsrin sonlarında analarımız yeni bir bəlanın ağrılarına tuş oldu! Qaçqına, köçkünə, didərginə və nəhayət, şəhid anasına, bacısına çevrildilər! Özü də şəhid oldu! Fikrət Qoca yazıb: "Əcəl başlayar biçinə, torpaq ağlar köçünə, göz yaşı axar içinə, namərdə gülər analar". Dünyanın ən gözəl sözünə, təltifinə, mükafatına layiq olan Azərbaycan analarının bu dərdi poeziyamızda ağır bir kədərlə dilə gətirilir.
Orda bir
evimiz bizlərə həsrət,
Yurddan didərginik, qonağıq, - dedin.
Yönümüz dağlara, düzlərə həsrət,
Getməsək ölərik, qınağıq, - dedin.
Oğullara üz tutan anaların dilindəki harayda da vətən dərdi dil açırdı: "Apar məni torpağıma, ay oğul, qaytar məni torpağıma, ay oğul". Bir haqlı fikir də var ki, şəhid anasının kədəri, qəmi özü də şəhiddir dərdlər içində. Çünki şəhid oğulların anaları şəhid dərdi yaşadır. Belə analara bir təsəlli də vermək olmur.
Analar
haqqında yüzlərlə mahnı var. Klassik xanəndələrimizdən
tutmuş müasir ifaçılarımıza qədər hər
kəs öz repertuarında ana mövzusuna xüsusi yer verib.
Vaxtilə Zeynəb Xanlarova böyük məhəbbətlə
Ənvər Əlibəylinin sözlərinə
yazılmış "Anama" mahnısını
özünəməxsus məharətlə ifa edərək
sevdirə bilib. "Anacan, mən sənə çox borcluyam,
çox" misrası ilə başlanan bu mahnı 40 ildən
artıqdır ki, səslənməkdədir. Eləcə də
bəstəkar Cahangir Cahangirovun İslam Səfərlinin
sözlərinə yazdığı "Ana"
mahnısı unudulmaz Rəşid Behbudovun ifasında elə
bir zirvəyə ucaldı ki, bu gün də o nəğməyə
həyəcansız qulaq asmaq mümkün deyil:
Gözümün nuru, canım ana,
Böyütdün sən məni yana-yana.
Odlusan
gün kimi, bu qaynar həyat kimi,
Borcluyam mən
sənə, sənə bir övlad kimi,
Əziz ana!
Bütün arzu-kamı qəlbimizdə qərar tutmuş, qədrini el, ətrini gül bilən analarımızın saçının ağına, qarasına, könlünün o həzin laylasına qurbanıq. Ona görə ki, onun südü təmiz, diləyi müqəddəsdir. Mikayıl Müşfiqin "Ana" şeiri də nəğmə libası geyərək elləri dolaşmaqdadır: "Ana dedim, qarşımda bir gözəl səhnə açıldı". Belə bir ifadə də var ki, ananın nəfəsindən çiçək də solmaz. Şair Zeynal Vəfa "Analar" adlı şeirində bu böyük ürəkli müqəddəs varlığın ünvanına göndərdiyi poetik töhfədə üstümüzdə haqqı ömürlük olan, borcunu heç vaxt qaytara bilməyəcəyimiz zərif, lakin qüdrətli xilqət haqqında öz duyğularını belə ifadə edir:
Analar Günəşdən, Aydan qəlbidir,
Silərlər cahandan kədəri, yası.
Dünyanın paytaxtı ana qəlbidir,
Dünyanın
ilk himni ana laylası.
Anasız
olmasın ömrü heç kəsin,
Günəştək
nur səpir eşqi cahana.
Everest
zirvəsi qoy inciməsin,
Dünyada
ən uca zirvədir ana!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 8 mart.- S. 7.