Polad dirəklər üstündə dayanan şəhərin polad
iradəli qızları
Bu əziz gündə mən dünyada dəniz neftinin beşiyi sayılan əfsanəvi Neft Daşlarında çətin, əslində ekstremal şəraitdə çalışan qadınlar haqqında söhbət açmaq istəyirəm. İnsan xarakterini, onun bütün intellektual, fiziki, mənəvi, psixoloji gücünü imtahana çəkən bir çox ünsür və amillərin mövcud olduğu dəniz şəhərində çalışmaq qəhrəmanlıq, rəşadət nümunəsidir. Zəriflik, gözəllik, incəlik rəmzi olan qadınlar üçünsə ev-eşiyindən uzaqda, doğmalarının, övladlarının qayğılarını ayın 15-20 günü ailənin başqa üzvlərinə tapşırsa da, rahatlıq tapmadan estakadalar şəhərində yaşamaq, işləmək ikiqat qəhrəmanlıqdır...
Burada işləyən qadınların adına Neft Daşlarının tarixinin ilk səhifələrindən rast gəlmək mümkündür. Hələ 1948-ci ilin sonunda V.M.Roşinin ilk evi quraşdıracaq inşaatçılar briqadasının tərkibinə onlar da daxil olublar. Belə ki, "Pobeda" teploxodu ilə şıltaq Xəzərin sərt qayaları qoynunda indiki nəhəng şəhərin əsasını qoymuş fədakar inşaatçılar dəstəsi ilə buraya iki Anna da gəlib. Anna Mileşkina və Anna Mişina aşpazlıq edib çilingərlərə, dülgərlərə, xarratlara, suvaqçılara, rəngsazlara isti yemək, çay hazırlayırdılar.
1949-cu il noyabrın 7-də Neft Daşlarında ilk quyunun fontan vurması xəbərini sahilə telefonçu Zeynəb xəbər verib. Burada işləyən ilk sürücü qadın Sona Kərimova olub. Neft Daşlarında 63 ildir çətin neftçi əməyinə tab gətirən ərən qadınlarımızın adları həmişə hörmətlə çəkilir. Neft Daşlarının 55 illik yubileyi günlərində dövlət başçısı İlham Əliyev tərəfindən xüsusi hədiyyəyə layiq görülmüş Sayma Özbəyova ömrünün 52 ilini Xəzərin incisi olan Neft Daşlarında çalışıb. Liliya Mehdiyevanın, Zoya Komkovanın, "Tərəqqi" medalına layiq görülmüş Klavdiya Fominanın və onlarca digər qadının əfsanəvi şəhərdəki əmək staji onilliklərlə hesablanır. Bu qadınlar artıq təqaüdə çıxsalar da, dəniz neftçiləri onların zəhmətini unutmur.
Hazırda dəniz şəhərində 200 nəfərə qədər qadın çalışır. Onlar təkcə "Neft Daşları" Neft və Qazçıxarma İdarəsini deyil, bir sıra digər müəssisə və təşkilatları təmsil edirlər. Bilavasitə mədənlərdə işləyən qadınlar da var. İradə İsmayılova, Gülarə Həsənova, Sevinc Məmmədova və başqaları. Qaz-kompressor sexində də operator və yağlayıcı peşələrinə yiyələnmiş qızlarımız çalışırlar. Məsələn, Brilyant Babaşova, Gülbadam Camalova, Adilə Kərimova və digərləri. Bizim hətta takelajçı qızımız da var - Günəş Quliyeva. Bir sözlə, onların hər biri dəniz şəhərinin gündəlik həyatının rahat, əməyinin ahəngdar olmasına öz töhfələrini verirlər. NQÇİ-nin ümumi şöbəsinə Olqa Çuqunova rəhbərlik edir. Mühəndislər Məxmər Qasımova, Rəhimə Əhmədova, mühasib Marina Zabrodina neftçilərin hörmətini qazanıblar. "Fəhlə Təchizatı Xidməti"ndə neçə-neçə qadın çalışır. Tibb-sanitar hissəsində çalışanlar isə neftçilərin sağlamlığı keşiyində dayanıblar. Onlardan həkim Ancelika Ozolun, Fatma Cavadovanın adlarını çəkmək istəyirəm. Qəlbi şəfqətlə dolu tibb bacılarımız da çoxdur.
Qadınlarımız əfsanəvi dəniz şəhərinin ictimai həyatında da fəal iştirak edirlər. Təkcə bir faktı qeyd edim ki, keçən il ARDNŞ-nin keçirdiyi XIX spartakiadada onlar fəal iştirak ediblər. Basketbol üzrə birinci, üzgüçülük üzrə ikinci, voleybol üzrə üçüncü yeri tutublar. Digər idman növlərində də fərqləniblər.
Bu gün qloballaşan dünyanın hər yerində gender bərabərliyindən, qadın azadlığından, qadın zorakılığına qarşı mübarizədən çox danışırlar. Zənnimcə, dünyada analoqu olmayan Neft Daşları qadın azadlığının, gender bərabərliyinin misilsiz nümunəsidir. Çünki Neft Daşları xalqımıza şöhrət gətirmiş milli dəyərdir, qürur mənbəyimizdir və onun bugünkü nəhəng istehsal müəssisəsinə, yaşayış yerinə çevrilməsində, "Qara daşlar"dan başlanan böyük qəhrəmanlıq tarixində kişilərlə yanaşı qadınlarımızın da ölçüyəgəlməz titanik əməyi olub, indi də var və gələcəkdə də olacaq.
Sənəm
ABDULLAYEVA,
Neft Daşları Qadınlar
Şurasının
sədri
Azərbaycan.- 2012.- 8 mart.- S. 7.