BMT-nin baş katibi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə müraciət yaymışdır

 

 BMT-nin baş katibi Pan Gi Mun 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə müraciət yaymışdır. BMT-nin Azərbaycandakı nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, müraciətdə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması prosesi bütün dünyada uğurla inkişaf etdiyi qeyd olunmuşdur.

Bildirilmişdir ki, dövlət və hökumət başçısı vəzifəsində çalışan qadınların sayı artmış, nazir vəzifəsində işləyən qadınların sayı isə ən yüksək həddə çatmışdır. Qadınlar biznes sahəsində çox böyük nüfuza malikdirlər. Daha çox qız məktəbə gedir, daha sağlam böyüyür və potensiallarından istifadə etmək üçün daha geniş imkanlara malikdirlər.

Müraciətdə qeyd edilmişdir ki, bu ilki Beynəlxalq Qadınlar Gününün həsr olunduğu kənd qadınları və qızları dünya əhalisinin dörddə birini təşkil etsələr də, gəlir, təhsil, səhiyyədən tutmuş, qərar qəbul etmədə iştiraka qədər istənilən iqtisadi, sosial və siyasi göstəricilərin ən aşağı pilləsində yer alırlar.

Baş katib bildirmişdir ki, ayrı-seçkiliyə səbəb olan qanun və əməllərdən təkcə qadınlar deyil, bütünlükdə icma və millətlər əziyyət çəkir. Qadınların torpaq sahibkarlığı hüququ və kredit götürmək imkanından məhrum olduqları cəmiyyətlərdə pis qidalanmadan nəzərəçarpacaq dərəcədə daha çox uşaq əziyyət çəkir.

Qadın fermerlərin kənd təsərrüfatı sahəsində biliklərinin genişləndirilməsi xidmətlərinin sadəcə, 5 faizindən yararlana bilmələri qəbuledilməz bir göstərici olduğunu bildirən baş katibin müraciətində deyilir: "Bu Beynəlxalq Qadınlar Günündə mən hökumətləri, vətəndaş cəmiyyəti və özəl sektoru fundamental insan hüquqlarının və hər kəs üçün faydalı amil olaraq gender bərabərliyinin, qadınların səlahiyyətlərinin genişləndirilməsinə çağırıram. Qadınların və qızların enerjisi, bacarığı və gücü bəşəriyyətin faydalanmadığı ən dəyərli təbii sərvətdir".

 

 

Azərbaycan.- 2012.- 8 mart.- S. 9.